Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-910/2021 28.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili, etibarnamə üzrə nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X14 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan məcburi pay” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum X9ndan və anası X10 miras qalmış Gədəbəy rayonunun Alnabat (Əli İsmayıl) kəndində yerləşən ümumi sahəsi 126 kv.m olan üç otaqlı olan fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən mirasın faktiki olaraq qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddianın predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, mərhum atasından qalmış mirasın faktiki qəbul edilməsi və miras mülkdən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh1 onun qardaşıdır. Mərhum X9 mərhum anası X28 ilə 1957-ci il tarixdə faktiki nikah münasibətinə girərək evlənmişlər. Onların rəsmi nikahları olmuş lakin 1990-cı il tarixdə nikahları pozulmuşdur. Atası və anası birgə yaşadıqları dövrdə onunla birlikdə 7 övladları olmuşdur ki, hal-hazırda onlar başqa-başqa ünvanlarda yaşayırlar. Atası və anası sağlığında yəni 1960-cı il tarixdə özlərinə məxsus fərdi yaşayış evi inşa etdirmişlər. Halhazırda həmin evdə müvəqqəti olaraq cavabdeh yaşayır. X9 04.12.2010-cu il tarixdə, anası isə X28 isə 29.09.2020-ci il tarixdə vəfat etmişdir. O, müvəqqəti olaraq Bakı şəhərində yaşamasına baxmayaraq həmin təsərrüfatda qeydiyyatdadır və hər il gəlib bir neçə ay həmin evdə qalıb getmişdir. Qardaşı Müsəllimində Bakı şəhərində özünə məxsus evi vardır. Bu ilədək onların aralarında heç bir mübahisə olmamışdır. Lakin bu il, o, kəndə gələn zaman cavabdeh qardaşının həyat yoldaşı Ülviyyə Əliyeva tərəfindən, o, öz ata evinə buraxılmamış və sonuncu onu söyüb təhqir etmişdir. Atasının və anasının dəfnini övlad olaraq, o, çəkmiş və lazımı köməklikləri, o, etmişdir. Cavabdeh onu öz ata mülkünə buraxmır. Digər bacıları atalarından miras qalmış evi və həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirilməsinə etiraz edib-etməmələrini, o, bilmir bu səbəbdən onları cavabdeh qismində qeyd etməmişdir. O, miras mülkün adına rəsimləşdirilməsi ilə bağlı Cavabdeh2nə müraciət etmiş və ona 24.07.2021-ci il tarixli, 320 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qardaşı ilə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, qardaşı ilə mülki mübahisəsi heç cür sülh qaydasında həll etmək mümkün olmamışdır. O, cavabdehi Cavabdeh2nə dəvət edərək atasından miras qalmış əmlakların qanuna uyğun şəkildə paylarının müəyyən edilərək bölünməsini xahiş etsə də bu mümkün olmamışdır. Eyni zamanda sözü gedən daşınmaz əmlakları adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi idarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədləri qəbul edilməmiş və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsi əsas gətirilmişdir. Bununla yanaşı ona mərhum atasından qalmış miras mülkə vəsiyyət üzrə və mirasın vərəsələr arasında bölgüsü ilə bağlı aidiyyəti üzrə Cavabdeh2ndən qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət edə biləcəyi ona izah olunmuşdur. O, məhkəməyə vermiş olduğu iddia ərizəsinin predmetini dəyişmək qərarına gəlmişdir. O, mərhum atasından qalmış mirasın faktiki qəbul edilməsi və miras mülkdən məcburi payın müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçı tələbində (həm də iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsində) guya mərhum ataları X21 04.12.2010-cu il tarixdə vəfatından sonra ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Bunu isə onunla əsaslandırır ki, atalarının vəfatından sonra ondan miras qalmış əmlakda (təsərrüfatda) qeydiyyatda olmuş, bakı şəhərində yaşasa da, hər il gəlib bir neçə ay həmin təsərrüfatda qalıb getmiş, ata-anamızın vəfatından sonra dəfn xərclərini o özü ödəmişdir. Lakin, iddiaçı həmin təsərrüfatda qeydiyyatda olmasına baxmayaraq iddiaçının ata-analarının dəfn xəclərini çəkməsi və onların vəfatından sonra hər il gəlib bir neçə ay həmin təsərrüfatda qalıb getməsi barədə qeyd etdikləri isə həqiqəti əks etdirmir. İddiaçı hələ atalarının sağlığında ona valideyn olaraq hörmət qoymadığına görə ataları onu 1995-ci ildən həmin evdən qovmuşdur və iddiaçı həmin tarixdən mübahisəli təsərrüfatda yaşamamışdır. Əvvəllər bir neçə il Gədəbəy şəhərində yaşamış və Gədəbəy Rayon Məhkəməsində icraçıları qurumunda icraçı işləmiş, təxminən 2000-ci ildən sonra isə Gəncə və Bakı şəhərində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində işləmişdir. Bunu iddiaçıya məxsus əmək kitabçasına nəzər yetirməklə də müəyyən etmək mümkündür. İddiaçı 2000-ci ildən sonra Gəncə və Bakı şəhərlərində yaşadığı dövrdə cəzaçəkmə müəssisələrində işlədiyindən hər il bir neçə ay gəlib həmin təsərrüfatda yaşaması mümkün deyil. Bundan əlavə, iddiaçının təkcə ataları ilə deyil, anaları ilə də münasibəti yaxşı olmadığından ataların vəfatından sonra anaları da, onun həmin evə gəlməsinə razı olmamış və iddiaçının özü də gəlməmişdir. X9 hələ sağlığında ona məxsus olmuş əmlakını ona vəsiyyət etmiş və həmin vəsiyyətnamə barədə iddiaçı da daxil olmaqla bütün övladlarına məlumat vermişdir. İddiaçı isə atası vəfat etdiyi 04.12.2010-cu il tarixdən 6 ay müddətində mirası nə faktiki, nə də rəsmi qəbul etmiş, atalarından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etməmiş və miras əmlakdan məcburi pay tələb etməmişdir. İddiaçıdan fərqli olaraq, o, atalarının və analarının sağlığında onlarla birlikdə yaşayaraq valideyn kimi onların qayğısına qalmış, onların bütün ehtiyaclarını qarşılamışdır. Vəfatlarından sonra onların dəfn xərclərini ödəmişdir. Atalarının vəfatından sonra vəsiyyət üzə vərəsə kimi atalarından qalmış miras əmlakı faktiki qəbul etmiş, anası ilə birlikdə mübahisəli miras əmlakda yaşamış, yay aylarında həmin təsərrüfatı əkib-becərib, qış aylarında isə anası ilə Bakıda birlikdə yaşamışlar. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili, etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında etiraz ərizəsini müdafiə edib iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh onun qardaşıdır. X9 04.12.2010-cu il tarixdə, anası X28 isə 29.09.2020-ci il tarixdə vəfat etmişdir. O, uzun müddətdir ki, ailə qurmuşdur və başqa təsərrüfata köçmüşdür. Ata və anası sağlığında mübahisəli evdə onlar özləri yaşamışlar. İddiaçı və cavabdeh Bakı şəhərində yaşamışdır. Yay aylarında müəyyən vaxtlarda ata-ana yurdların gəlib-getmişlər. Ata və anasına isə cavabdeh qulluq etmişdir. Ata və anasında qalmış mirasdan ona düşən payı cavabdehə verir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29 və X11 məhkəmə iclasında X22 ilə eyni məzmunlu izahat verdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X16 məhkəməyə ərizə verərək, ata və analarından miras qalan əmlaklardan məcburi payı Cavabdeh1 xeyrinə imtina edirlər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən 17 iyul 2021-ci il tarixli, 194 nömrəli arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Əliismayıllı kənd İƏD üzrə nümayəndəliyinin 2006-2010-cu illərə dair 2 nömrəli təsərrüfatbaşına kitabında qeydiyyatda olduğu, mərhum X9nun adına 127 nömrəli təsərrüfat qeyd edilib və aşağıda göstərilən ailə üzvləri vardır: 1. Ailə başçısı X21 1925; 2. Həyat yoldaşı X28 1940; 3. Oğlu İddiaçı 1970; 4. X1 1977; 5. X5 18.11.1995; 6. X3 28.01.1998. İşdə olan Gədəbəy rayonu İHB-nin Alnabat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, 109 saylı arayışdan görünür ki, İddiaçı mərhum anası X28 vəfat etdikdən sonra Alnabat kəndində onun təsərrüfatında aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1. Özü İddiaçı 1970; 2. X41 Fərmayıl 1977; 3. X19 1995; 4. X6 1998; 5. Qardaşı Cavabdeh1 1974; 6. Qardaşı arvadı X12 1985; 7. Qardaşı qızı X23 2015; 8. Qardaşı qızı X18 2015. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 23 iyul 2021-ci il tarixli, 148 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X32, anası qrafasında X28 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli, 141 saylı arayışdan görünür ki, X32 26.11.2010-cu il tarixdə Gədəbəy rayonu, Əliismayıllı kəndində “emfizema” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli, 142 saylı arayışdan görünür ki, X28 27.09.2020-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndində “mədənin dəqiqləşdirilməmiş bədxassəli yeni törəməsi” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 23 iyul 2021-ci il tarixli, 144 saylı çıxarışdan görünür ki, X32 və X28 nikahlarını 28.05.1990-cı il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan “Torpağa mülkiyyətə hüququna dair” JN-0018 KOD 50502018 saylı Dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kəndində X27 1.32 ha kənd təsərrüfatı məsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş 24 iyul 2021-ci il tarixli, 320 nömrəli məktubdan görünür ki, İddiaçı qardaşı Cavabdeh1 ilə aralarında mübahisə olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan X37 kitabında 01.09.2009-cu il tarixdə 268 nömrə ilə uçota alınmış AN 161206 saylı torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə X27 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X37 kitabında 01.09.2009-cu il tarixdə 267 nömrə ilə uçota alınmış AN 161205 saylı torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə X27 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 860.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 07 iyul 2010-cu il tarixli, vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan X32 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yerləşən fərdi yaşayış evini, bütün əmlakını və həyətyanı torpaq sahəsini Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İşdə olan 08 noyabr 2017-ci il tarixli, reyestrdə 2V-408 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan X28 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Əli İsmayıllı (Alnabat) kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına nə varsa hamısını Gədəbəy rayonu, Alnabat kəndində yaşayan oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X15 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürlməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X21 yeddi övladı olmuşdur: İddiaçı, Cavabdeh1, X22, X29, X11, X24 və X16. X32 26.11.2010-cu il tarixdə Gədəbəy rayonu, Əliismayıllı kəndində “emfizema” səbəbindən ölmüşdür. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarları ilə X27 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Eləcə də, X21 faktiki sahibliyində Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 126 kv.m fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X27 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi barəsində X21 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X2rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair mərhum X21 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X21 ölümündən sonra adına Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri və 126 kv.m fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi və 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri X15 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə iddiaçının mərhum atasından miras qalmış əmlakın faktiki qəbul edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, X32 04.12.2010-cu il tarixdə vəfat etmişdir. X21 ölümdən sonra ondan qalmış mirası həyat yoldaşı X28 idarə etmişdir. X28 isə 29.09.2020ci il tarixdə vəfat etmişdir. İddiaçı uzun müddətdir ki, Bakı şəhərində yaşamasına baxmayaraq mübahisəli təsərrüfata hər il gəlib neçə ay qalıb getmişdir. Eləcə də, cavabdeh Əliyev X13 rayonunda yaşayır və orda işləyir. Cavabdeh atasının ölümündən sonra Abşeron rayonunda daimi yaşadığından və orda işlədiyindən mübahisəli təsərrüfata mütəmadi olaraq gələ bilməmişdir. İddiaçı və cavabdeh hər ikisi mübahisəli təsərrüfatda daimi yaşamamalarına baxmayaraq, onlar mübahisəli təsərrüfata müəyyən vaxtlarda müvəqqəti olaraq gəlib yaşamışlar. Lakin, iddiaçı ilə cavabdeh arasında mübahisə yarandığından iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Belə olan halda iddiaçı və cavabdeh hər ikisi mübahisəli təsərrüfatı eyni dərəcədə faktiki olaraq qəbul etmişlər. Odur ki, iddiaçı mərhum atasından miras qalmış əmlakın faktiki qəbul edilməsini tələb etməkdə haqlıdır. İddiaçının məcburi pay tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-1196-cı maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eləcə də, məhkəmə, hesab edir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından İddiaçı həmin mirasdan məcburi pay tələb etmək hüququ vardır. Belə ki, MM-in 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “...mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.” Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, mirasdan məcburi pay tələb etmək hüququ olan şəxslər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələr ola bilər. MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək qanun üzrə vərəsə 7 nəfər olduğundan məhkəmə məcburi payı müəyyən edərkən hər bir vərəsənin miras əmlakın 1/14 hissədə payının olduğunu nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı miras əmlakdan məcburi payı Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ona çatası payın, yəni miras əmlakın 1/7 hissəsinin yarısını, yəni 1/14 hissəsini təşkil etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Gədəbəy rayonu, Əlismayıllı kəndində yerləşən mirasqoyan X15 miras qalmış 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlakdan 1/14 hissədə onun məcburi payı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Əlismayıllı kəndində yerləşən mirasqoyan X15 miras qalmış 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktı müəyyən müəyyən edilsin və həmin əmlakdan 1/14 hissədə onun məcburi payı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-910/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-910/2021
28.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver