Məhkəmə qərarları › İş №2(042)-917/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-917/2024

18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-917/2024 18.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı “miras əmlaka payın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X3ndan miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 2340 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka vəsiyyətnamə üzrə vərəsə olaraq tam payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, X2 ilə X3nın birgə nikahından o, X16 və X20 adında 3 övladı olmuşdur. X2 2016-cı ildə, X3 xx.xx.1987-ci ildə, bacısı X16 xx.xx.2023-cü ildə, qardaşı X20 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Anası X1, yəni xx.xx.1979-cu ildə onun adına vəsiyyətnamə qoyaraq öldüyü günədək adına olan evini, ev əşyalarını, pulunu ona vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Anasının ölümündən sonra Gədəbəy rayonu, Söyüdlü kəndində 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Bu barədə əlində olan yeganə sənəd Azərbaycan SSR Mənzil- Kommunal Təsərrüfatı Nazirliyi Mərkəzi Texniki-inventarlaşdırma bürosu tərəfindən verilmiş arayışdır. Həmin arayışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində X3nın adına 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1978-ci ildə tikilmiş, ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi qeyd edilmişdir. Həmçinin, fərdi yaşayış evinin texniki pasportunun mövcud olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon Notariat ofisinə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, həmin məktubda X7 adına 391 iventar nömrəli qovluqda texniki pasport tərtib edildiyi göstərilmişdir. Odur ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi anasından qalmış miras kütləsinə daxil edilməlidir. Anasının ölümündən sonra ondan qalmış miras əmlak olan həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq o qəbul etmişdir. Buna baxmayaraq mərhum bacısı X8 övladı, hazırda cavabdeh olan Cavabdeh onu evə buraxmamış, hər dəfə onunla dalaşmış, bir sözlə anasından qalmış mirası idarə etməyə imkan verməmişdir. Bu günədək də Toyxanım onu anasından qalmış evə buraxmır. O, anasından qalmış mirası vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qəbul etmək üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi xx.xx.2024-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, mirasın qəbul edilməsi ilə bağlı mübahisə yarandığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, İddiaçı iddiasında söhbət vaxtilə nənəsi X11 məxsus olan yaşayış evindən gedir. Nənəsi Dursunun həqiqətən 3 uşağı olmuş, onlardan biri anası X18, digəri X20, üçüncüsü isə iddiaçıdır. O, düzgün deyir ki, nənəsi xx.xx.1979-cu ildə evini ona vəsiyyət etmişdir. Lakin nənəsi xx.xx.1987-ci ildə öləndə onun meyitinə dayısı Arif yox, anası Nəzirə sahib çıxmışdır. Həmin gündən nənəsinin evi anası Nəzirənin ixtiyarında, anasının xx.xx.2023-cü ildə baş vermiş ölümündən sonra isə onun ixtiyarındadır. xx.xx.2024-cü ildə aldığı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ev onun mülkiyyətinə keçmiş, ona xx.xx.2024-cü il tarixli ********** dövlət qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Vərəsəlik, istər qanun üzrə, istərsə vəsiyyət üzrə olsun, dövlətin müəyyən etdiyi vaxt ərzində və qaydada qəbul edilməlidir. Nənəsinin evi ölən gündən anası Nəzirənin sahibliyində olduğundan, iddiaçı dayısı Arif isə Şəmkir rayonunun Könüllü kəndində yaşayıb, mirasa maraq göstərmədiyindən anası yuxarıda qeyd edilən hüquq normaları əsasında mirası adına keçirmiş, öldükdən sonra isə miras ona qalmışdır. Nənəsinin ölümündən sonra anası miras evə çox əlavələr etmiş, onu sənədləşdirib, hüquqi mənada daşınmaz əmlak vəziyyətinə gətirmişdir. Belə ki, cəmi 1 otaq olan sənədsiz evə anası 3 yaşayış otağı, əl damı, tövlə əlavə etmişdir. Bütün bunları dayısı Arif hərdən onların kəndinə gələndə, bütün bunları görmüş, təbii hal kimi qəbul etdiyindən susmuşdur. Dayısı ilə anasının münasibəti yüksək səviyyədə olmuş, anasının öz evi olmadığından, başlıcası, anası nənəsinin qulluğunda durduğundan vərəsəliyin anası tərəfindən qəbul edilməsini məqbul saymışdır. Dayısı ilə onun münasibəti anasının ölümündən sonra bəzi məsələlərə görə, qısası, ona az ehtiram göstərməsini düşündüyünə görə pozulmuş, ondan qisas almaq üçün nə vaxtsa nənəsindən aldığı vəsiyyətnamə ilə üstünə gəlmişdir. Dayısı Arif ötən 37 ildə mirası heç bir formada qəbul etməmişdir. Qəbul etsəydi, anası geri durar, külli miqdarda xərc çəkib, başqasına məxsus olan evə böyük xərc tələb edən əlavələr etməz, həyətə barı çəkdirməz, mülkiyyət hüququnu təsdiq edən çıxarış almazdı. Mülki mübahisələr sübutlar əsasında həll olunur. İddiaçı dayısı Arif əlində olan vəsiyyətnaməyə güvənib, iddia qaldırmışdır. Dayısının təqdim etdiyi vəsiyyətnamə özözlüyündə heç nəyi həll edə bilməz, mirası qəbul etməyin şərtləri var. Bu vəsiyyətnamənin həyata keçməsi üçün ilk növbədə dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak olmalıdır. Nənəsinin sağlığında miras mülkdə yalnız bir otaq olmuşdur. Anası Nazirə mirası faktik qəbul etməsini əməlləri ilə sübut etmişdir. Dayısı Arif cavanlıqdan həyatını Şəmkir rayonunun Könüllü kəndi ilə bağlamış, anasının o zaman birotaqlı olan, hətta normal hasarı olmayan evi ilə maraqlanmamışdır. Nənəsinin evinin həqiqi mənada evə bənzəməsi anası Nəzirənin xidməti və zəhmətidir. Ona görə də o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon Notariat ofisi məhkəmə məktub göndərərək mülki işə onların iştirakı omadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, hazırda Şəmkir rayonu Könüllü kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20580/2024 nömrəli arayışdan görünür ki, X4 ailə tərkibi arvadı X5 və uşaqları X16, İddiaçı və X15 ibarətdir. İşdə olan AZ № 493648 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafası boş saxlanılmış, anası qrafasında X17 qeyd edilmişdir. İşdə olan xx.xx.1979-ci il tarixli vəsiyyətnamənin surətindən göürnür ki, X17 öldüyü günədək adına olan evini, ev əşyalarını və pulunu İddiaçı vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Mərkəzi Texniki- İnventarlaşdırma bürosu tərəfindən verilmiş arayışın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1978-ci ildə tikilmiş, ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi X7 adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 adına 391 inventar nömrəli qovluqda texniki pasport tərtib edilmişdir. İşdə olan Fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində X7 adına fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 312117 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən və ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 852 nömrəli məktubdan görünür ki, vərəsələr arasında mübashiə olduğuna və vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə İddiaçı məhkəməyə müraciət etməsi izah edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndi, Qoqar Əhmədli küçəsi ev 24 nvanında yerləşən fərdi yaşayış evindən və 0.22 ha torpaq sahəsindən X12 düşən hissə miras qalmış və həmin mirasdan Cavabdeh ½ hissə pay almışdır. Digər ½ hissə X13 payı olaraq açıq saxlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissə, 0.22 ha torpaq sahəsi ¾ hissə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, evin digər ½ hissəsi və torpaq sahəsinin ¼ hissəsi açıq saxlanılmışdır. İşdə olan **********45-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu Cavabdeh adına tərtib edilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Məhkəmə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən mərhum X7 adına mübahisəli əmlaklara dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə mərhum X9 mübahisəli əmlaklara mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsi X5 deyil, X6 miras qalmış və həmin mirasa dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına ½ hissədə qeydiyyata alınmışdır. Qalan ½ hissəsi isə açıq saxlanılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsi miras kütləsinə daxil edilə bilməz. Miras kütləsinə daxil olan əmlak olmadığından və mübahisələndirilən əmlaklara münasibətdə vərəsəlik hüquq münasibətləri yaranmadığından iddiaçının iddia tələbi də təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, X17 tərəfindən qoyulmuş sözügedən vəsiyyətnamə aydın deyildir. Belə ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlakların nədən ibarət olması aydın qeyd edilməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı “miras əmlaka payın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar