Məhkəmə qərarları › İş №2(042)-918/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-918/2024

29.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-918/2024 29.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Gədəbəy rayon İcra hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1998-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, hazırda rayonun Çobankənd kəndində yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun bacısıdır. Bacısı anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, həmçinin hərəkətlərini idarə edə bilmir. X7 birinci dərəcəli əlildir. Şahiləyə “Ağır dərəcəli serebral iflic keçirilmiş uşaq iflici tetraplegiya əqli zehni fiziki inkişafdan geri qalma, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, başqasının qulluq və köməyinə ehtiyacı var” diaqnozu verilmişdir. O, özünün yemək-içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X1 bütün işlərini o həll edir. Bunu yaxın qonşular və eləcə də kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri də təsdiq edə bilərlər. Ona görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında əriəzçi Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Maraqlı şəxs Gədəbəy rayon İcra hakimiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

7. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, X7 birinci dərəcəli əlildir. Ona “Ağır dərəcəli serabral iflic keçirilmiş uşaq iflici tetraplegiya əqli zehni fiziki inkişafdan geri qalma. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, başqasının qulluq və köməyinə ehtiyacı var” diaqnozu verilmiş və X4 başqasının qulluğuna ehtiyac olması qeyd edilmişdir.

8. Mülki işin icraatı zamanı məhkəmənin qərardadına əsasən X7 məhkəmə psixatrik ekspert komisyasına təqdim edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X8 şöbəsinin xx.xx.2024-cü il tarixli, 688 saylı rəyindən görünür ki, X7 “çox ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F73.1” xəstəliyindən əziyyət çəkir və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

10. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.

11. Həmin Məcəllənin 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

12. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

13. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

V. Nəticə:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, Gədəbəy rayonu, Çiçəkli kəndində yaşayan və qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin olunması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar