Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-924/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Bəhram oğlunun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 Bayram qızının və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1 Bayram qızına Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı payın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında iddia ərizələrinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1 Bayram qızına Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum atası X7 və mərhum anası X3 miras qalmış Gədəbəy rayonunun Qumlu kəndində yerləşən iki otaqdan ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq, vərəsəlik payının müəyyən edilməsivə həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Bəhram oğlunun nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının mərhum atası X16 və anası X8 ilə birgə nikahlarından İddiaçı, Cavabdeh1, X10, X14 və Cavabdeh2 doğulmuşdur. X11 və X14 vəfat etmişdir. Valideynləri Gədəbəy rayonu, Qumlu kəndində yaşamış, onların həmin ərazidə 2 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq sahəsi Gədəbəy rayon Aqrar İsalahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X12 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə JN- 124A KOD 50501004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" tərtib edilmişdir. X16 09.02.2014-cü ildə, X8 isə 16.04.2021-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 2 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Anasının ölümündən sonra iddiaçı miras əmlakın qəbul etmək üçün notariat orqanına müraciət etmiş, lakin Cavabdeh1 miras əmlakın qəbulu ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi tərəfindən ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Bayram qızı iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, onun mərhum valideynlərinin hər ikisi onlara məxsus miras əmlakı ona vəsiyyət etmişlər. Bu barədə vəsiyyətnamələr tərtib edilmişdir. Hazırda iddiaçının həmin miras əmlakdan payı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iclasında iddia tələblərinə münasibət bildirməmiş, iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü çəxs Gədəbəy Rayon Notariat Kontoruna məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X13 Şəhadətnamənin surətindən görünür ki, X16 və X8 24.01.1975-ci il tarixdə nikah bağlamışlar. İşdə olan X9 surətindən görünür ki, X16 09.02.2014-cü il tarixdə ölmüşdür. İşdə olan X9 surətindən görünür ki, X8 16.04.2021-ci il tarixdə ölmüşdür. İşdə olan X6 surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə doğulmuş, atası qrafasında X16 və anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan X6 surətindən görünür ki, İddiaçı 12.06.1964-cü il tarixdə doğulmuş, atası qrafasında X16 və anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Vəsiyyətnamədən görünür ki, X1 rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına olan bütün əşyalarını qızı Cavabdeh1 Bayram qızına vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Vəsiyyətnamədən görünür ki, X2 rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına olan bütün əşyalarını qızı Cavabdeh1 Bayram qızına vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, X16 və X5 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 09 saylı qərarı ilə 0.18 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna X23 surətindən görünür ki, X16 və X5 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 09 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina arayışından görünür ki, tərəflərə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Gədəbəy rayonunun Qumlu kəndində yerləşən 0.18 ha və 0.10 ha torpaq sahələri Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 09 saylı qərarı ilə X16 və X5 verilmiş, həmin əmlak miras aktivinə daxil olmuşdur. Mirasqoyanın həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evlərini də müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ və kifayət qədər əsasları olmuşdur. Yəni, mülkiyyət hüququnun gözləntisi prinsipinə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yerləşən evlər miras əmlak kimi qiymətləndirilməlidir. Cavabdeh mirasqoyan X16 və X4 vəsiyyətnamə üzrə vərəsəsidir. İddiaçı və Cavabdeh1 miras əmlaka sahiblik etməklə mirası qəbul etmişdir. İddiaçı mirasqoyanlar X16 və X4 övladı, yəni, birinci növbə vərəsəsidir. Onun miras əmlakda məcburi payı vardır. Vəsiyyət edən Vəsiyyətnamədə digər vərəsələri vərəsəlik hüququndan və məcburi paydan məhrum etdiyi barədə göstəriş versə də, qanunun tələblərinə əsasən mirasqoyan məcburi pay hüququ olan vərəsələri məcburi paydan sağlığında yalnız məhkəməyə müraciət etməklə məhrum edə bilərdi. Lakin mirasqoyan vərəsələlərini məcburi paydan məhkəməyə müraciət etməklə məhrum etməmişdir və Vəsiyyətnamədə olan bu göstərişin hüquqi qüvvəsi yoxdur. Yəni, iddiaçı mirası qəbul etmək müddətini ötürmədiyi və miras əmlakın bir hissəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etdiyi üçün iddiaçının miras əmlakda məcburi payı vardır. Məhkəmə iclasında mirasqoyanın yalnız üç övladı mirası qəbul etmək iradələrini ifadə etmişlər. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı tərəfindən valideynləri X16 və X8 tərəfindən miras qoyulmuş əmlakı qəbul etməsi faktı müəyyən edilməli, İddiaçı X16 və X3 miras qalmış həyətyanı, pay torpaq sahələrinin və fərdi yaşayış evinin 1/6 hissədə məcburi payı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. İddiaçı tərəfindən valideynləri X16 və X8 tərəfindən miras qoyulmuş əmlakı qəbul etməsi faktı müəyyən edilsin. İddiaçı, X16 və X3 miras qalmış əmlakda 1/6 hissədə məcburi payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-924/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-924/2021
27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver