Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-947/2021 19.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə iddiaçılar İddiaçı və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayonu 1 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsızı hesab edilməsi, Çıxarışın ləğv edilməsi və miras əmlak üzərində payın müəyyən edilməsi tələbləri haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayonu 1 saylı Dövlət Notariat Kontoruna qarşı cavabdeh Şəmkir Rayonu 1 saylı Dövlət Notariat Kontorunun 17 mart 2008-ci il tarixdə bacısı Cavabdeh1 adına verilmiş 2V-90 nömrəli vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunması, Cavabdeh1 adına 15.05.2008-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması və miras əmlak üzərində payın müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, mərhum ataları X1 Gədəbəy rayonunun Slavyanka kəndində 0.02 ha torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin evdən onlar həmişə bağ evi kimi istifadə etmişlər. Digər vərəsələr ilə birlikdə əmlakın ata mirası kimi hamısının istifadəsində qalacağına razılaşmışlar. Lakin məlum olmuşdur ki, Cavabdeh1 Mədəd qızı onların razılığı olmadan əmlakı vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Bununla əlaqədar 11 saylı Şəmkir Ərazi idarəsindən verilmiş arayışdan da görünür ki, mərhum X2 adına tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəli Çıxarış əsasında Şəmkir 1 №-li Dövlət Notariat Kontoru Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və 15.05.2008-ci il tarixdə onun adına çıxarış verilmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X9 iddia ərizəsinə etiraz etmiş, ərizə verərək, iddiaçının ümumi 10 illik iddia müddətini keçirməsini, sübutlar təqdim etməməsini bildirmiş, iddia müddətinin tətbiq edilərək, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şəmkir Rayonu 1 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh Şəmkir Rayonu 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.02 ha həyətyanı torpaq sahəsi və yaşayış sahəsi 34.02 kv.m, köməkçi sahəsi 66.64 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə dair X3 adına tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəli, 15.12.2007-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən fərdi yaşayış evi Şəmkir 1-li dövlət notariat kontorunun 2V-90 reyestr nömrəli, 17.03.2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş ona tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, 15.05.2008-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. İşdə olan X4 görünür ki, X7 xx.xx.1967-ci il tarixdə doğulmuş, atası qrafasında X6, anası qrafasında X8 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1. və 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.02 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 34.02 kv.m, köməkçi sahəsi 66.64 kv.m olan bir otaqlı fərdi yaşayış evinə dair X3 adına tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəli, 15.12.2007-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən fərdi yaşayış evi Şəmkir 1-li dövlət notariat kontoru tərəfindən verilmiş 2V-90 reyestr nömrəli, 17.03.2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş və Rəna Mədət qızının adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, 15.05.2008-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. İddiaçılar mirası qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etmələri və iddia tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Eyni zamanda iddiaçılar iddia müddətini ötürmüşlər. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-947/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-947/2021
19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver