Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-965/2025 21.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Xüsusi icraat qaydasında işin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1989-cu il də Gədəbəy rayonunun Gərgər kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun bacısıdır. Bacısı anadan gəlmə Ruhiəsəb xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, həmçinin hərəkətlərini idarə edə bilmir. X5 birinci dərəcəli əlildir. Ona “kəskin imbesizin mərhələsində olan oliqatreniya nitqin inkişaf etməməsi -enrey kənar şəxsin qulluğuna ehtiyacı var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, başqasının qulluq və köməyinə ehtiyacı var” diaqnozu verilmişdir. O, özünün yemək-içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X1 bütün işlərini o həll edir. Bunu yaxın qonşular və eləcə də kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri də təsdiq edə bilərlər. Ona görə də bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə, X6 xx.xx.1991-ci il tarixdə doğulmuşlar, ataları qrafasında X8, anası qrafasında X7 qeyd edilmişdir. - TƏBİB “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” PHŞ Poliklinka Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 ruhi-əsəb xəstəlikləri qeydiyyatından durur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X9 şöbəsinin xx.xx.2025-ci il tarixli, 540 saylı rəyindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X3 Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
7. Göründüyü kimi, X5 öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
9. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.
10. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
11. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
12. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
V. Nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1989-cu ildə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov