Məhkəmə qərarları › İş №2(043)-110/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-110/2022

02.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-110/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Gəncə şəhər 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X5 adına olmuşdur. Atası 07 fevral 1972-ci il tarixində vəfat etmişdir. X2 isə 1981-ci ildə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra 2 vərəsəsi qalmışdır, o və qardaşı olan iş üzrə Cavabdeh1. Atası hələ öz sağlığından yaşadıqları mülki faktiki 2 hissəyə bölərək onun bir hissəsini qardaşına vermişdir. Digər hissəsində isə o atası və anası ilə birgə yaşamışdır. Ailə həyatı quran zaman da həyat yoldaşı bu evə gəlin köçmüş və bu günə kimi həmin evdə yaşayırlar. Yalnız son zamanlar, daha dəqiq 2010-cu ildən sonra maddi çətinliklərlə əlaqədar olaraq Rusiyaya gedib-gəlmişlər. Atasının vəfatından sonra uzun illər ərzində mülkün onlara aid olan hissəsində ailəsi ilə birlikdə yaşamış, təsərrüfatı idarə etmişlər. Bu illər ərzində mülkün həmin hissəsində dəfələrlə təmir işləri aparmışlar. Həmin vaxt uşaqları bu evdən orta məktəbə getmiş, özü və həyat yoldaşı Gəncədə işləmişlər. Lakin buna baxmayaraq Cavabdeh1 məhkəməyə müraciət edərək guya miras mülkün yalnız onun tərəfindən qəbul edilməsi barədə ərizə vermiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(043)-2671/2019 saylı qətnaməsinə əsasən ərizəçi Cavabdeh1, atası X3 miras qalmış ünvan 4 nömrəli fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən bu yaxınlarda xəbər tutmuş və bundan sonra apellyasiya şikayəti vermişdir. Lakin Cavabdeh1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(043)-2671/2019 saylı qətnaməsi çıxarıldıqdan dərhal sonra qətnaməni Gəncə şəhəri 5 saylı notariat ofisinə təqdim etmiş və həmin qətnamə əsasında Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən Cavabdeh1 22 sentyabr 2020-ci il tarixli 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə Cavabdeh1 sözügedən qətnamə əsasında verilmiş şəhadətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə təqdim etmiş və ona 26 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ona gərə də Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin atası X3 qalmış ünvan 1 ünvanında yerləşən miras mülkə payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi qanunun müddəalarına tam müvafiqdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, o, 1971-ci ildə hərbi xidmətə getmiş, 1972-ci ildə atası vəfat etmişdir. 1973-cü ildə hərbi xidmətdən qayıdaraq 1973-cü ildə hərbi komissarlıqda qeydiyyata durmuşdur. Hərbi xidmətdən qayıdandan sonra anası ilə birlikdə miras qalan evdə yaşamış, 1975-1976-cı illərdə məhləni bölmüşlər. Bundan sonra təhsil almaq üçün Rusiya Federasiyasının Stavrapol şəhərinə getmişdir. Hər bayram və tətil günlərində yaşadıqları evə gəlib getmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun doğma qardaşıdır. Mübahisələndirilən mülk yəni ünvan 5-da yerləşən mülk mərhum atası X3 miras qalmışdır. Belə ki, atası X12 07.02.1972-ci il tarixdə vəfat edən zaman iddiaçı hərbi xidmətdə olmuşdur. İddiaçı hərbi xidməti başa vurduqdan sonra Azərbaycana qayıtmamışdır. O, hərbi xidməti başa vurduqdan sonra birbaşa Rusiya Federasiyasına getmişdir. Atasından miras qalan evdə anası və o, yaşamışlar. İddiaçını o, 1983-cü ildə Rusiya Federasiyasının Stavrapol şəhərindən gətirərək 1984-cü ildə evləndirdirmiş və 26A nömrəli evdə yaşamışdır.Bir müddət orada yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. İddiaçı mirası qəbul etməmişdir. İddia tam əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə 3 saylı ərazi idarəsinə və Gəncə şəhəri 5 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Gəncə şəhəri 5 saylı notariat ofisi işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, cavabdeh atasıdır. İddiaçı Həmdulla isə əmisidir. Əmisi Həmdullanın hərbi xidmətə getdiyi yadında deyil. Ancaq təxminən 1975-ci il ya da 1985-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra Stavrapola təhsil almaga getmişdir. Stavrapoldan qayıtdıqdan sonra ailə quraraq Gəncə şəhərində 26 nömrəli ünvanda anasının yanında yaşamışdır. Rusiyada oxuyan zaman tez-tez anasını görməyə gəlirdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, tərəflərlə əvvəllər qonşu olmuşdur. X1 və Yadullanın atası olmuşdur. Hər iki qardaşla da münasibəti yaxşı olmuşdur. O özü 1968-ci ildə hərbi xidmətə getmiş 1971-ci ildə hərbi xidmətdən qayıtmışdır. Həmdulla isə 1970-1971-ci illərdə hərbi xidmətə getmiş, 1972-1973 illərdə isə hərbi xidmətdən qayıtmışdır. O özü də hərbi xidmətdən qayıtdiqdan sonra 1972-ciildən 1979-cu ilə kimi Ukraynanın Kiev şəhərində yaşayaraq orada təhsil almışdır. Yay tətillərində Azərbaycana gəlmişdir. O yay tətilində Azərbaycana gələndə Həmdulla həmin vaxt yəni 1973-cü ildə hərbi xidmətdən gəlmişdir. Həmdulla hərbi xidmətdən gələndən sonra öz evlərində yaşamışdır. Daha sonra təhsil almaq üçün Stavrapol şəhərinə getmişdir. Belə ki, iki qardaş arasında əvvəllərdən mülk mübahisəsi olmuşdur və mübahisələndirilən əmlak iki hissəyə bölünmüşdür. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 03.12.2018-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. AZ-İ 587808 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07.02.1972-ci il tarixdə ölmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(043)- 2671/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh1, atası X3 miras qalmış ünvan 4 nömrəli fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən 22.09.2020-ci il tarixdə 2V-129 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 məxsus olan ünvan 5 ünvanında yerləşən əmlakdan Cavabdeh1 bütövlüklə irs almalıdır. 26.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. X4 27.10.2021-ci il tarixli,2(104)-3753/2021saylı qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(043)-2671/2019 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 maraqlı şəxs İddiaçı qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon Şöbəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli, 356 saylı arayışdan görünür ki, 23.06.1952-ci il təvəllüdlü İddiaçı 21.05.1971-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı həqiqi hərbi xidmətdən qayıtması barədə məlumat aşkar edilməmişdir. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, məktubdan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsi qeydiyyat məsələləri şöbəsinin arxiv kartotekasında 23.06.1952-ci ildə anadan olmuş İddiaçı barəsində keçmiş nümunəvi sovet pasportu ilə qeydiyyatda olması barədə məlumat aşkar olunmamışdır. İddiaçı məxsus ******* nömrəli hərbi biletin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, o, 1971-ci il tarixdə hərbi xidmətə getmiş, 1973-cü ildə hərbi xidmətdən təxris olunaraq 1975-ci ildə Stavropol vilayəti Şpakov hərbi komissarlığında qeydiyyata alınmış, 1981-ci ildə qeydiyyatdan çıxaraq həmin ildə yəni 1981-ci ildə Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, Gəncə şəhər Kəpəz rayonu 53 ünvanda yerləşən «Tərəqqi» İB 21 nömrəli saat təmiri emalatxanasının əmlakı İddiaçı satılaraq ona 22.10.1996-cı il tarixdə şəhadətnamə verilmişdir. Kommunal xərçin ödənilməsi barədə 04.08.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ünvan 7 ünvanda içməli sudan istifadə etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz Rayonu Niyazi küçəsi, 26 nömrəli fərdi yaşayış evi tərəflərin valideynlərindən miras qalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(043)-2671/2019 saylı qətnaməsinə əsasən həmin miras əmlakin vərəsələrdən Cavabdeh1 tərəfindən vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmişdir. Digər vərəsə hazırki İddiaçı qeyd olunan qətnamədən narazı qalaraq apellyasiya şikayəti verməklə həmin qətnamə əsasında cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsini və atalarından miras qalmış əmlak üzərində onun payının müəyyən edilməsini xahiş etmişdir. X4 27.10.2021-ci il tarixli, 2(104)-3753/2021 saylı qərardadı ilə MPM-in 306.4-cü maddəsinə əsasən (hüquq haqqında mübahisə olduğu üçün) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.09.2019cu il tarixli, 2(043)-2671/2019 saylı qətnaməsi lğv olunaraq ərizə baxılmamış saxlanmışdır. İddiaçı iddia etmişdir ki, valideynləri vəfat etdikdən sonra 2 vərəsəsi qalmışdır, o və qardaşı olan, iş üzrə Cavabdeh1, atası hələ öz sağlığından yaşadıqları mülki faktiki 2 hissəyə bölərək onun bir hissəsini qardaşına vermişdir. Digər hissəsində isə o atası və anası ilə birgə yaşamışdır. Ailə həyatı quran zaman da həyat yoldaşı bu evə gəlin köçmüş və bu günə kimi həmin evdə yaşayırlar. İddiaçı iddia tələbini atasının sağlığında mülkin iki hissəyə bölünərək bir hissəsinin cavabdehə verilməsini, digər hissəsində isə valideynləri ilə birlikdə onun yaşadığını və ailə qurarkən də həyat yoldaşının həmin mülkə gəlin köçməsi ilə əsaslandırmışdır. Halbu ki, iddiaçının göstərdikləri hələ valideynlərinin sağlığında olan məslələr olmaqla miras açılmamışdın əvvəl olan məsələlərdir.İşin müəyyən olunmuş hallarından isə görünür ki, miras açılan vaxt iddiaçı hərbi xidmətdə olmuş və miras açılandan sonra mirası qəbul etməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı 1971-ci ildə hərbi xidmətə getmiş, 1973-cü ildə hərbi xidmətdən təxris olunaraq 1975-ci ildə Stavropol vilayəti Şpakov hərbi komissarlığında qeydiyyata alınmış, 1981-ci ildə qeydiyyatdan çıxaraq həmin ildə yəni 1981-ci ildə Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. Bununla yanaşı iddiaçı öz tələbinin əsası kimi 2021-ci il tarixə aid olan kommunal xidmətinə görə ödəniş qəbzini və 1996-cı ildə verilmiş alqı-satqı şəhadətnaməsinə istinad etmişdir. Dindirilmiş şahidlərdən X7 iddiaçının təxminən 1975-ci il ya da 1985-ci il tarixdə hərbi xidmətdən qayıtdığını, şahid X14 isə iddiaçının 1972-1973 illərdə hərbi xidmətdən qayıtdığını, özünün isə hərbi xidmətdən qayıtdiqdan sonra 1972-ci ildən 1979-cu ilə kimi Ukraynanın Kiev şəhərində təhsil aldığı üçün yaşadığını yay tətilinə gələrkən idiaçını 1973-cü ildə görməsini göstərmişdir. Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının atası 1972-ci ildə ölmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin (bundan sonra-MM) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. MM-in 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. MM-in 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulmuş uşaqlar vərəsə ola bilərlər. MM-in 552-ci maddəsinə əsaəsən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu müddətdə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. MM-in 555-ci maddəsinə əsaəsən, vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər.Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər miras əmlakı üzərində sərənncam etməyə haqlı deyildir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin həyata keçirilməsi öz təsdiqini tapmamışdır. Halbuki mirasıın qəbul edilməsi müddətindən bəhs edən MM-in 552-ci maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 6 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda şərh olunanlara əsasən və maddi hüquq normaları baxımından məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəzi Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar