Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1260/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh və Kəpəz Rayon Dövlət Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması, Cavabdeh evdən qeydiyyatdan çıxarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və Kəpəz Rayon Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsəi, məhəllə E-3, sahə 26-da yerləşən 0,04 ha torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlaka mülkiyyət hüququnun tanınması, cavabdehin həmin mülkdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki iddia ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ərizənin məzmunu ilə bağlı tələbə riayət etməmişdir. Belə ki, iddiaçının cavabdeh qismində göstərdiyi Kəpəz Rayon Dövlət Notariat Ofisi adlı qurum ümumiyyətlə mövcud deyildir. Bu baxımdan iddiaçının hansı notariat ofisinə qarşı tələb irəli sürdüyü məlum deyildir. Həmçinin iddiaçı həmin notariat ofisinin ünvanını da ərizədə qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İkinci növbədə qeyd edilməlidir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçı miras əmlaka vərəsəlik hüququnun tanınması barədə iddia irəli sürsə də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariusa müraciət etməsi və notariusun onun mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Üçüncü növbədə qeyd edilməlidir ki, iddiaçı bir-biri ilə əlaqəli olmayan iki tələbi bir iddiada birləşdirmişdir. Belə ki, iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbi ilə yanaşı Cavabdeh miras əmlak olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tələbini də irəli sürmüşdür ki, bu tələblərdən biri vərəsəlik hüquq münasibətləri ilə bağlı, digər isə mənzil hüquq münasibətləri ilə bağlı tələbdir və bu iki tələbə eyni vaxtda baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və Kəpəz Rayon Dövlət Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması, Cavabdeh evdən qeydiyyatdan çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1260/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1260/2022
06.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver