Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1386/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, X43 katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X28, Cavabdeh1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “vəsiyyətnamənin və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri 7 saylı Notariat Kontorunda təsdiq olunmuş xx xxxxxxxx 1996-cı il tarixli 2-V-1-122 reyestr nömrəli vəsiyyətnamənin, ünvan 1 mənzil 22 ünvanda yerləşən mənzilə dair Gəncə şəhəri 2 saylı Notariat Ofisində təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli 2V-207 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu mənzilə dair Cavabdeh1 adına verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 mənzil 22 ünvanda yerləşən mənzilə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 3 mənzil 22 ünvanında yerləşən mənzil mərhum qaynanası X17 adına olmuşdur. X29 xx xxxx 1999-cu il tarixində vəfat etmişdir. Onun 2 övladı olmuşdur, onun həyat yoldaşı X11 və X8. X8 hələ anasının sağlığında köçüb başqa dövlətə getmişdir və hazırda da orada yaşayır. X29 vəfat edəndən sonra sözügedən evdə yalnız həyat yoldaşı X11 ailəsi ilə birlikdə yaşamışdır. X9 vəfatından sonra mirası yalnız onun həyat yoldaşı X11 qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən xx xxxxxx 2007-ci il tarixində vəfat etmişdir. Qaynanasının, həyat yoldaşının vəfatından sonra miras əmlakda yalnız o öz ailəsi ilə birlikdə yaşamaqla onu idarə etmişdir və beləliklə də mirası faktiki olaraq qəbul etmişdir. Digər vərəsə isə, qaynanasının sağlığından daimi yaşamaq üçün köçüb başqa dövlətə getməklə mirası qəbul etməmişdir. Lakin bu yaxınlarda xəbər tutmuşdur ki, onlarla heç bir qohumluq münasibətində olmayan Cavabdeh1 sözügedən mənzili Gəncə şəhəri 2 saylı notariat ofisində təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli 2V-207 reyestr № li vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına keçirmişdir. Elə mövcudluğundan da o yalnız bu yaxınlarda xəbər tutmuşdur. Hesab edir ki, vərəsəlik zamanı saxtakarlığa yol verilmişdir. Birincisi ona görə ki, sözügedən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə cavabdehə nə az, nə çox, düz üstündən 19 il keçdikdən sonra verilmişdir ki, bu da onun tamamilə qanunsuz verilməsini bir daha təsdiq edir. Bu illər ərzində isə cavabdeh nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermiş, nə də əmlakı faktik idarə etməmişdir. Ötən illərdən hal-hazıradək yalnız o öz ailəsi ilə birlikdə bu mülkdə yaşayaraq mirası faktiki idarə etmişdir.İkincisi, sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamə tamamilə başqa ünvanda yerləşən, qeydiyyata alınmamasına görə miras kütləsinə daxil olmayan tamamilə başqa bir binanın altında yerləşən müvəqqəti köşkə dair verilmişdir ki, onun da sözügedən mənzilə heç bir aidiyyəti yoxdur. Eləcə də vəsiyyət edilən əmlakın özü dövlət qeydiyyatına alınmaması səbəbindən miras kütləsinə daxil ola bilməzdi və ona görə həmin vəsiyyətnamə etibarsızdır.Üçüncüsü, notariat işinin araşdırılması zamanı məlum olmuşdur ki, notariat ofisində vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün hər hansı bir tədbir görülmədən yalnız cavabdehin ərizəsinə əsaslanılmışdır. Həmin ərizədə isə cavabdeh özünün tək vərəsə olmasını qeyd etmişdir. Hətta vərəsəlik işində vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün buna səlahiyyəti çatan müvafiq orqandan alınmış arayış belə yoxdur. Yəni, notariat ofisində tamamilə əsassız olaraq, miras kütləsinə daxil olabilməyən başqa bir müvəqqəti köşkə dair verilmiş, heç bir qohumluq əlaqəsi olmadığına görə həqiqiliyi böyük şübhə altında olan həmin vəsiyyətnaməyə istinad etməklə sözügedən mənzilə dair qanunsuz bir şəhadətnamə verilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, X29 onun qaynanası olmuşdur. O, mirasqoyanın oğlu X11 ilə ailə quraraq mübahisəli mənzilə köçmüşdür. Sonradan onlar ünvan 4 ünvana köçmüşlər. X45 anasının sağlığında daim onunla maraqlanmış, ona qulluq göstərmişdir. Anası 1999-cu ildə vəfat etdikdən sonra da həmin mənzili o miras kimi qəbul edib idarə etmiş, kommunal xərclərini ödəmişdir. Mənzildə daimi yaşamasa da ara-sıra gedib-gəlmiş və nəzarət etmişdir. Əri xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda isə onlarla qohumluq münasibəti olmayan, lakin özünü Ağabəyimin nəvəsi kimi qələmə verən Cavabdeh1 həmin mənzili vəsiyyətnamə əsasında öz adına keçirmişdir. Vəsiyyətnamənin mövcudluğundan da yaxında xəbər tutmuşdur. Həmin vəsiyyətnamənin bu mənzilə heç bir aidiyyəti yoxdur, vəsiyyətnamə həmin mənzilin eyvanının altında yerləşən ticarət köşkü üçün verilmişdir. Buna görə də həmin vəsiyyətnaməni etibarsız hesab edir. Hazırda mənzili Yusif kirayəyə vermişdir. Hesab edir ki, cavabdeh qanunsuz olaraq vəsiyyət üzrə vərəsəlik hüququ əldə etmişdir, buna görə də vəsiyyətnamə etibarsız hesab edilməli, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin mənzilə mülkiyyət hüququna dair çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X35 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, cavabdehin təşəbüssü ilə məhkəməyə cəlb olunmuş şahidlərin məhkəmədə verdikləri ifadələr yalandır. Belə ki, açıq aydın görünür ki, şahidlər məhkəmədə ifadə verməmişdən əvəll iddiaçı tərəfindən onun xeyrinə ifadə vermələri öyrədilmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahat verib bildirdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, o mübahisəli evdə 1966-cı ildən yaşamışdır. O mirasqoyanın doğma nəvəsidir. X18 üç uşağı olmuşdur: Ələkbərov Ələddin, Ələbərov Xeyrəddin və onun atası Ələkbərov Zirəddin. X41 və atası Ələkbərov Zirəddin mirasqoyanın sağlığında ailə quraraq başqa mənzilə köçmüşlər. Nənəsi ilə birlikdə həmin mənzildə nənəsinin sağlığında uzun müddət əmisi Xeyrəddin yaşamışdır. Sonradan əmisi ABŞ-a köçüb yaşamışdır. Nənəsinə daim özü qulluq etmişdir. Nənəsi əvvəlcə həmin mənzili əmisi Xeyrəddinə vəsiyyət etsə də sonradan əmisinin razılığı ilə ona vəsiyyət etmişdir. Vəsiyyətnamənin yalnız ticarət köşkü barəsində verilməsinə dair iddiaçının dəlillərini heç bir əsası yoxdur. Çünki, vəsiyyətnamədə açıq surətdə bütün əmlakın vəsiyyət edildiyi göstərilmişdir. İddiaçı onun mirasoqyanla heç bir qohumluq əlaqəsi olmadığını bildirsə də onun qızı, hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən X25 2013-cü ildə məhkəməyə X33 ilə qohumluq faktının müəyyən edilməsi barədə ərizə verərək həmin ərizədə onu maraqlı şəxs qismində göstərmiş, X6 özünün doğma əmisi olduğunu bildirmişdir. Həmin qətnamə əsasında xx xxxxxx 2013-cü il tarixdə X26 məxsus olan ikiotaqlı mənzili miras kimi əldə etmişdir. O zaman da, indi də iddiaçıya və onu qızlarına məlum idi ki, nənəsi bu mənzili ona vəsiyyət edib və həmin mənzilə nənəsinin ölümündən sonra mübahisəsiz qaydada sahiblik edib. İddiaçının qızı X25 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək hazırda mübahisəsi gedən mənzili guya miras kimi faktiki qəbul edib orada yaşadığını bildirmiş və mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, bundan sonra o, həmin qətnamənin mövcudluğundan xəbər tutaraq apelyasiya şikayəti vermiş və qətnamə ləğv olunmuşdur. Nə iddiaçı, nə onun əri, nə də onun uşaqları Muradova Ağabəyimin ölümündən sonra həmin mənzili miras kimi qəbul etməyib, mənzili miras əmlak kimi özü qəbul edib, mirası qəbul etdikdən sonra iki dəfə təmir etdirib, sonuncu dəfə isə 2019-cu ildə təmir etdirmişdir. Mənzilin kommunal xərclərini də özü çəkmişdir. İddiaçı həmin mənzilə sahiblik etməsinə dair heç bir sübut təqdim edə bilmir, çünki, heç vaxt həmin mənzilə sahiblik etməyib. İddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahat verərək bildirdi ki, Cavabdeh1 mərhum nənəsi X29 ilə heç bir qohumluq münasibətləri yoxdur. O əvvəllər valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Sonradan həmin mənzildən ünvan 5 ünvanda yerləşən mənzilə köçmüşlər. Ailə qurduqdan sonra qonşu binada yerləşən mənzilə köçmüşdür. Lakin o hər gün nənəsinin yanında olmuşdur. Mübahisəli mənzildə nənəsinin sağlığında nənəsi ilə əmisi Xeyrəddin yaşamışdır. Xeyrəddin sonradan ABŞ-a köçüb getmişdir. Bundan sonra nənəsinin qayğısına atası qalmış, tez-tez ona baş çəkmiş, onunla birlikdə yaşamışdır. Nənəsi öldükdən sonra 2007-ci ilə qədər mənzilin kommunal xərclərini atası ödəmişdir. Hazırda mübahisəli mənzildə Yusifin mənzilə yerləşdirdiyi kirayəçilər yaşayırlar. Mənzilin açarının bir Yusifdə, biri də onlarda olmuşdur. Lakin Yusif sonradan açarı dəyişərək onları mənzilə buraxmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh Gəncə şəhəri 2 saylı Notariat ofisinin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahat verərək bildirmişdir ki, mərhum atası X1 hər zaman bildirmişdir ki, onun başqasının malında gözü yoxdur və qardaşı X3yıdandan sonra onun özü mübahisəli mənzildə yaşayacaqdır. Lakin, Yusif gizlicə həmin mənzili öz adına keçirərək mənimsəmişdir. Dəfələrlə Yusifdən mənzilin açarlarını istəsə də Yusif açarları ona verməmişdir. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X30 ifadə verərək bildirdi ki, o tərəfləri qonşu kimi tanıyır. Belə ki, Gəncə şəhəri H.Əliyev prospekti, ev 23, mənzil 15-də yaşayayır. Mübahisəli mənzildə mərhun X29 əvvəllər oğlu Xeyrəddin ilə birlikdə yaşamışdır. Xeyrəddin sonradan həmin mənzildən çıxıb başqa yerə getmişdir. Bundan sonra Muradova Ağabəyimə qulluq edən şəxs kimi onun nəvəsi Cavabdeh1 görmüşdür. A.Muradovaya həmişə nəvəsi Cavabdeh1 baxmışdır. Mənzildə hazırda Yusifin yaxınları yaşayır. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X27 ifadə verərək bildirdi ki, o iş üzrə Cavabdeh1 ilə qonşudur. Belə ki, 42 ildir ki, Gəncə şəhəri H.Əliyev prospekti, ev 24, mənzil 64-də yaşayır. Muradova Ağabəyim əvvəllər həmin mənzildə oğlu Xeyrəddinlə yaşamışdır. Xeyrəddin ABŞ-a getdikdən sonra mənzildə tək yaşamışdır. Lakin, Yusif tez-tez ona baş çəkmiş, qulluğunda durmuşdur. Ağabəyimə Yusifdən başqa kiminsə qulluq etdiyinin şahidi olmamışdır. Mənzilə kimin gedib-gəldiyini dəqiq bilməsə də Yusifin daim nənəsinə baş çəkdiyini görmüşdür. Hazırda da həmin mənzilin sahibi kimi Yusifi tanıyır. Ağabəyimin digər uşaqlarının Ağabəyimin vəfatından sonra mənzilə sahibləndiyini görməmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X38 ifadə verərək bildirdi ki, o mərhun A.Muradova ilə qonşu olmuşdur. Mübahisəli mənzildə A.Muradova oğlu X11 ilə yaşamışdılar. A.Muradovanın və Ə.Ələkbərovun ölüm tarixlərini xatırlamır. Lakin A.Muradova Ə.Ələkbərovdan qabaq vəfat etmişdir. A.Muradovanın vəfatından sonra mənzildə heç kəs yaşamamışdır. A.Muradovanın sağlığında evə daimi Ə.Ələkbərov və onun arvadı İddiaçı gəlib A.Muradovaya baş çəkmişdir. Cavabdeh1 isə aradabir gəlib A.Muradovaya baş çəkmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X34 ifadə verərək bildirdi ki, X25 onun baldızıdır. Cavabdeh1 Ş.Ələkbərovanın əmisi oğludur. Onlar qardaşına elçiliyə gedən zaman mübahisəli mənzildə Ə.Ələkbərov və Ş.Ələkbərova yaşamışdır. Eyni zamanda mərhun A.Muradova ilə qonşu olmuşlar. Belə ki, onlar eyni binada lakin ayrı-ayrı bloklarda yerləşən mənzillərdə yaşamışdırlar. A.Muradovanın sağlığında ona tez-tez oğlu Ə.Ələkbərov baş çəkmişdir. Bildiyinə görə mərhum A.Muradovanın digər oğlu X2 Birləşmiş Ştatlarında yaşayır. Hazırda iş üzrə Cavabdeh1 isə Ş.Ələkbərovanın toy ərəfəsində bir neçə dəfə görmüşdür. A.Muradovanın vəfatından sonra mənzil kirayəyə verilmişdir. Əvvəllər iş üzrə Cavabdeh1 mübahisəli mənzilə gəldiyinin şahidi olmamışdır. Lakin son zamanlar Cavabdeh1 da həmin mənzilə gəlib-getdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X39 ifadə verərək bildirdi ki, iş üzrə İddiaçı onun keçmiş qonşusu olmuşdur. Belə ki, o 1964-cü ildən mübisəli mənzilin yerləşdiyi binada yaşayır. Əvvəllər evdə mərhum A.Muradova oğulları Ə.Ələkbərov və X.Ələkbərovla birlikdə yaşamışdılar. Sonra Ə.Ələkbərov evlənərək başqa mənzilə köçüb getmişdir. A.Muradovanın ölümündən əvvəl və sonra da Ə.Ələkbərovun evə gedib-gəlməsinin şahidi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarındakı sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, H.Əliyev (keçmiş Xətai küçəsi) prospekti, bina 23, 2 nömrəli mənzil 85 nömrəli mənzil xx.xx.1992-ci il tarixli alqı-satıq müqaviləsi əsasında X17 mülkiyyət hüququ kimi qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxx 1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********34 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 23, 22 saylı mənzil 3 saylı notariat kontorunun xx.xx.1992-ci il tarixli 3-83 saylı alqı-satqı müqaviləsinə əsasən X4 və ona xx.xx.1992-ci il tarixli 6088 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli 2V-207 saylı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzil Cavabdeh1 adına keçmiş və ona xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1992-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X29 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti bina 23, mənzil 22 X5 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X29 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai prospekti) bina 23, mənzil 22 Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X17 vərəsəsi Cavabdeh1dur və onun Gəncə şəhəri Heydər Əliyev prospekti, ev 24, mənzil 62-yə miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, ev 23, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində, 188 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2082/2013 saylı xx.xx.2013-cü il tarixli qətnamənin surətindən görünür ki, xx xxxx 2012-ci il tarixdə Gəncə şəhərində ölmüş X20 ərizəçi X14 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində ölmüş atası X7 xalası oğlu olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1511/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı X14 Gəncə şəhəri, Heydər Əliyev prospekti, 23 nömrəli evin 22 nömrəli mənzilini vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi və həmin mənzilə mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3927/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1225-ci maddəsinə əsasən: 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə ilk növbədə vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, xx xxxxxxxx 1996-cı il tarixli vəsiyyətnamə ilə bağlı formaya riayət edilmiş, vəsiyyətnamədə mirasqoyan X29 özünün bütün əmlakını, o cümlədən 2x5x3m ölçüdə olan ticarət köşkünü cavabdehə vəsiyyət etmişdir. “O cümlədən” bağlayıcısı iştirak bağlayıcısı olmaqla özündən sonra gələn ifadənin özündən əvvəl gələn ifadənin tərkibində olduğunu bildirir və nə qrammatik, nə də hüquqi təfsir baxımından bu vəsiyyətnamənin məzmununu yalnız ticarət köşkünün cavabdehə vəsiyyət edilməsi kimi başa düşmək olmaz. Digər tərəfdən isə vəsiyyətnamənin hansı formada şərh olunması vəsiyyətnamənin etibarsızlığına səbəb olmur, yalnız həmin vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi üçün əsas ola bilər. İddiaçı qeyd edir ki, miras əmlakı əvvəlcə həyat yoldaşı Ələkbərov Ələddin miras kimi qəbul etmiş, daha sonra isə özü qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz iddiasının əsaslılığını sübut etmək yükünü daşısa da məhkəmə mirasın əri və daha sonra özü tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi şahidlər mirasqoyanın ölümündən əvvəl Ələkbərov Ələddinin anasına tez-tez baş çəkdiyini bildirirlər ki, mirasqoyanın ölümündən əvvəl edilən hərəkətlər mirasın qəbului üçün əhəmiyyət kəsb etmir. Hətta mirasqoyanın ölümündən sonra da şəxsin yalnız mənzilə baş çəkməsi mirasın faktiki qəbulu kimi qiymətləndirilməməlidir. Çünki Mülki Məcəllənin 1243.2-ci maddəsində mirasın faktiki qəbulunun iki forması, əmlaka sahiblik etmək və əmlakı idarə etmək formaları nəzərdə tutulmuş, hər bir halda bunlardan hər hansı birini həyata keçirən vərəsənin mirası qəbul etdiyini şəksiz nümayiş etdirməli olduğunu nəzərdə tutur. Lakin iddiaçının təqdim etdiyi şahidlərin ifadələrindən Ələkbərov Ələddinin mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyi görünmür. Üstəlik, Ələkbərov Ələddinin mirasa sahiblik etməsi və mirası idarə etməsi ilə bağlı da heç bir sübut yoxdur. Digər tərəfdən məhkəmə iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən iddiaçının qızı Ələkbərova Mehribanın izahatında atasının “mənim başqasının malında gözüm yoxdur, qardaşım (Xeyrəddin) Amerikadan gəlib özü yaşayacaq” dediyini bildirməsi də Ələkbərov Ələddinin miras əmlakı qəbul etmək niyyətində olmadığını təsdiq edir. Digər tərəfdən iddiaçı mirasqoyanın birbaşa vərəsəsi olmadığından ərinin ölümündən sonra həmin mənzili ərinin mirası kimi qəbul etdiyini də əsaslandırmalıdır. İddiaçı bu barədə iddia ərizəsində göstərsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddiaçının bu iddiasının iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən və onun mövqeyini müdafiə edən X14 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)-1511/2019 saylı mülki iş üzrə verdiyi ərizəsində göstərdikləri ilə ziddiyyət təşkil etdiyini qeyd edir. Belə ki, Ş.Ələkbərova həmin ərizədə mübahisəli mənzili atasının ölümündən sonra məhz özünün qəbul etdiyini və orada yaşadığını bildirsə də hazırda mənzilin anası İddiaçı tərəfindən qəbul edildiyini göstərir. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, iddiaçı miras əmlakın əri X11 tərəfindən qəbul edilməsini, ərinin ölümündən sonra isə özü tərəfindən qəbul edilməsini sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına istinad etməklə cavabdehin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin onun daşınmaz əmlaka hüquqlarını pozduğunu iddia etsə də şəhadətnamənin etibarsız olduğunu və beləliklə daşınmaz əmlaka hər hansı hüquqlarının olduğunu sübuta yetirə bilmədiyindən cavabdehə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1386/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1386/2020
28.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver