Məhkəmə qərarları › İş №2(043)-1426/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1426/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1426/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı “atalığın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş İddiaçı 07.10.2015-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş X1 atası olmasının müəyyən olunmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, X3 ilə 2014-cü ilin iyun ayından 2016-cı ilin may ayınadək nikahlarını qeyd etdirmədən ailəli olmuşdur. 07.10.2015-ci il tarixində onların Dəniz adlı qızları anadan olmuşdur. X3 uşaq anadan olandan 6 ay sonra yəni 22.05.2016-cı ildə vəfat etmişdir. Həmin vaxdan uşaq onun yanındadır və bu günə kimi uşağa o baxıb tərbiyə edir, uşağın atası odur. X3 6 ay müddətində xəstə olduğundan qeydiyyat orqanına gedə bilməmişlər. Hazırda atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət etsə də atalığın müəyyən edilməsinə dair şəhadətnamə verilməmişdir. Ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 07.10.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 atası qrafasında X2, anası qrafasında X3 qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin İddiaçı ünvanlanmış 12.04.2022ci il tarixli məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə istinad etməklə atalığın müəyyən edilməsi üçün atanın ərizəsi ilə yanaşı qəyyumluq və himayəçilik orqanının razılığını təsdiq edən sənəd və ananın ölümü haqqında şəhadətnamə təqdim olunmadığı üçün onun ərizəsinin təmin edilməsinin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Qanunun bu müddəasının mahiyyətindən görünür ki, atalığın müəyyən olunmasına dair işlərə əgər bu barədə mübahisə olarsa məhkəmə qaydasında baxılır. Hazırkı iddia ərizəsindən aydın olur ki, iddiaçının uşağın atası olması ilə bağlı hər hansı bir mübahisə yoxdur. Lakin qeydiyyat orqanına zəruri sənədlər təqdim olunmadığından atanın təkbaşına verdiyi ərizə əsasında ataya dair qeydin aparılması mümkün olmamışdır. Belə olan halda iddiaçı qeydiyyat orqanına qarşı iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilməz. İddiaçı qeydiyyat orqanının imtinası ilə razılaşdığı halda zəruri sənədləri əlavə etməklə atalığın qeydə alınması üçün təkrarən qeydiyyat orqanına müraciət etməli, əgər bu imtina ilə razılaşmırsa müvafiq iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı “atalığın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar