Məhkəmə qərarları › İş №2(043)-1497/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1497/2021

30.08.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1497/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisinə n qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı i ərizə ilə məhkəməyə müracəit edərək babası X2 məxsus olmuş ünvan 2 saylı evin onun tərəfindən faktiki miras əmlak kimi qəbul edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılaraq ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 2 saylı ev babası X2 məxsus olmuşdur. Babasının 5 uşağı, (3 bibisi, 1 əmisi) Səriyyə, Mələk, Novruz, Zeynəb və Əli olmuşdur. Bibiləri 1970-ci illərdə ərə gedərək, evdən köçüb getmişlər. Bibisi Səriyyə rəhmətə getmişdir. Bibisi Zeynəb isə 1983-cü ildən Rusiya Federasiyasına köçüb getmişdir, hazırda da orada yaşayır. Əmisi Əli də 1985-ci ildən Rusiya Federasiyasına köçüb getmişdir, hazırda da orada yaşayır. Həmin evdə həmişə atası və onun ailəsi, yəni anası, bacıları və qardaşı yaşamışlar. X3 anası ilə ailə qurmuş və anasını həmin evə gəlin gətirmişdir. O, qardaş-bacıları həmin evdə doğulub böyümüşlər. Babası 13.06.1994-cü ildə, nənəsi 15.01.1992-ci ildə, atası 07.07.2011ci il tarixdə rəhmətə getmişdir. Bacısı ailə qurmuş, qardaşı evlənmiş və həmin evdən çıxıb getmişlər. O, isə həmin evdə yaşamaqda davam edir. Ailə qurmuş, həyat yoldaşı da həmin evə gəlin gəlmiş, 2 oğlu orada anadan olmuşdur. Babasının ölümündən sonra həmin evi miras əmlak kimi atası faktiki qəbul etmiş, atasının ölümündən sonra isə o, faktiki miras əmlak kimi həmin evi qəbul etmiş, evə sahiblik etmiş və etməkdədir. Evin bütün idarəçiliyi də ona məxsus olmuşdur. Kommunal xidmətlərə görə haqlar da onun tərəfindən ödənilir. Hətta kommunal xidmətlərin bəziləri onun adına keçirilsə də, bəziləri hələ də mərhum atasının adında qalmaqdadır. Həmin evə dair babasının və atasının adına çıxarış (qeydiyyat vəsiqəsi) alınmadığından, o, hazırda mənzili öz adına rəsmiləşdirə bilmir. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport, müvafiq plan və sair sənədlər tərtib edilmişdir. Həmin sənədlərə əsasən o öz adına çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə şifahi müraciət etsə də, bunun üçün onun həqiqətən də miras əmlakı faktiki qəbul etməyinə dair notariusdan vərəsəlik haqqında sənəd almağının zəruri olduğunu, həmin sənədi aldıqdan sonra onlara müraciət etməyini tövsiyə etmişlər. Buna görə də o, Gəncə şəhəri 5 saylı Notariat Ofisinə müraciət etsə də, notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Buna görə də tərəfindən əvvəlcə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında məhkəməyə müraciət olunmuş, məhkəmənin 21.10.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında ona əsaslanmışdır ki, tərəflərindən müvafiq sənədlər notariat ofisinə təqdim edilməli olduğu halda məhkəməyə müraciət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21.01.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan verilmiş şikayəti təmin edilməmişdir. Göstərilənlərə əsasən hazırkı şikayətlə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisinin babası X2 məxsus olmuş ünvan 2 saylı evin onun tərəfindən faktiki miras əmlak kimi qəbul edilməsinə dair ona müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat hərəkətlərini aparmasından imtinası əsassız və qanunsuz olmuşdur. Notariat Ofisi isə notariat hərəkətlərinin aparılmasından imtinaya dair məktubunda onun İcra Nümayəndəliyindən vərəsəliyə dair hansısa arayış almasını, arayışda bütün vərəsələrin adlarının göstərilməsini, vərəsələrin doğum haqqında şəhadətnamələrini, aralarında ölən varsa, onların ölüm haqqında şəhadətnamələrini və sair sənədləri ondan tələb edir. Halbuki babasının ölümündən və atasının ölümündən sonra heç kim notariat ofisinə mirası qəbul etməsi barədə hər hansı ərizə verməmiş, bu illər ərzində onlara aid hər hansı notariat isi acılmamışdır. O isə həmin evdə faktiki yaşamağa davam etməklə miras əmlakı qəbut etmiş saylır ki, buna görə də hər hansı ərizə verməyinə ehtiyac olmamışdır. Bununla da müəyyən olunur ki, uzun illərdir, həmin əmlakı yalnız o qəbul etmiş və vərəsə də yalnız odur. Onun tərəfindən əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməsi faktiki başlamağını sübut edən təlimatda göstərilmiş sənədlər (həmin evdə qeydiyyatda olmağını təsdiq edən şəxsiyyət vəsiqəsi və müvafiq arayış, kommunal xidmətlərin onun adına olması və onun tərəfindən ödənilməsinə dair arayış, qəbzlər və sair) notariusa təqdim edilsə də, notarius əsassız olaraq ondan əlavə sənədlər təqdim etməyi tələb etmişdir. Vərəsənin müəyyən edilməsi notarius və məhkəmənin səlahiyyətinə aid olduğu halda notarius ondan icra nümayəndəliyindən vərəsəliyə dair arayış almağı tələb etmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Maraqla şəxs ünvan 1 ünvanlayraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 01.08.1973-cü il tarixli pasportdan görünür ki, Kirovabad şəhəri Məmmədyarov küçəsi 66 nömrəli ev X1 adına qeyd edilmişdir. “Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün” Torpaq qeydinini notarial qaydada təsdiq olunmuş surətndən görünür ki, Kirovabad şəhəri Məmmədyarov küçəsi 66-da yerləşən 397,0 m2 torpaq sahəsi müddətsiz X1 istifadəsinə verilmişdir. 05 avqust 1980-ci il tarixli Vİİ-JQ 309719 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1980-ci il tarixdə Kirovabad şəhərində doğulmuş, ata qrafasında X8, ana qrafasında X11 yazılmışdır. 14 iyun 1994-cü il tarixli İİ- JQ 459177 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 13 iyun 1994-cü ildə ölmüşdür. 07 iyun 2011-ci il tarixli AZ-İ 479383 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 07 iyul 2011-ci ildə ölmüşdür. 05 aprel 1958-ci il tarixli İ-ZJ 123248 nömrəli doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olnmuş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 04.04.1958-ci il tarixdə Ermənistan SSR Axta rayonunda doğulmuş, atası qrafasında X5, ana qrafasında X12 qeyd edilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin notariusu Aris Ələkbərov tərəfindən Ərizəçi ünvanladığı 22 oktyabr 2020-ci il tarixli 758 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Daxili İşlər Nazirliyinin 24.08.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 2 ünvanında 26 iyun 2003-cü il tarixdən X4 başqa X13, X14, X7, X15, Ərizəçi və X6 qeydiyyatdadırlar. Gəncə Telekommunikasiya idarəsinin 15.10.2020-ci il tarixli arayışının surətindən görünür ki, ünvan 2 ünvanında olan ***-**-** saylı telefon nömrəsi Ərizəçi adınadır. GPG15353886 Smart Sayğaclı abonentin saldosundan görünür ki, həmin sayğac 23.05.2016-cı il tarixdə ünvan 2 ünvanında Novruz Xəlilovun adına quraşdırılmışdır. "xxxx" ASC-nin Gəncə rayon sukanal idarəsinin 01.10.2019-19.10.2020-ci il tarixlər üzrə ödənişlərin siyahısından görünür ki, həmin tarixlərdə su məbləği ünvan 2 ünvanında müqavilə əsasında abonent «Novruz Xəlilov» tərəfindən ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 01.08.1973-cü il tarixli pasporta əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babası X1 adına qeyd edilmiş, sonuncu 13 iyun 1994-cü ildə öldükdən sonra həmin mülkdə ərizəçinin X3 yaşamış və 07 iyul 2011-ci ildə ölmüşdür. Ərizəçinin atası öləndən sonra ərizəsi Ərizəçi qeyd edilən fərdi yaşayış evinə sahiblik etmiş, əmlakı idarə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Lakin notariat ofisi tərəfəindən heç bir hüquqi əsas olmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar