Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1644/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 7 saylı filialına qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdim: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 7 saylı filialına qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki işinə bərpa olunmağı və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 7 saylı filialı tərəfindən İddiaçının əvvəlki işinə bərpa olunmağı və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi ilə bağlıdır. İddiaçının tələbi məhz inzibati orqana (publik hüquqi şəxsə) qarşı, inzibati orqana qarşı yönələn və maraqlı şəxsin publik (ümumi) hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli,136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri inzibati orqan sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş iddia ərizəsi inzibati orqana qarşı olduğundan mülki icraat qaydasında icraata götürülməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3.-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 7 saylı filialına qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah olunur ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1644/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1644/2022
13.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver