Məhkəmə qərarları › İş №2(043)-187/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-187/2022

28.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-187/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və X12 nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 nın, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi» tələbinə dair iddia qaldıraraq saxtakarlıq yolu ilə əldə edilmiş 17 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı etibarsız hesab edərək mərhum X11ndan və X29ndan miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın cavabdehlərlə onun arasında bərabər paylarla bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu Vaqif küçəsi 39 saylı mülk Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 2012-ci il tarixli, 171 saylı Sərəncamına və Kirovabad şəhər KTŞ-nin xx.xx.1931-ci il tarixli 46032292 saylı torpaq qeydinə əsasən X23 ½ hissə və X40 1/2 hissə ilə adlarına qeyd edilmişdir. Birgə nikah dövründə X18, X1 Əlövsət Müseyib oğlu və Əmrahova (Məmmədova) Pərnisə Müseyib qızı doğulmuşdur (ailə üzvlərinin vərəsələrin müəyyən edilməsinə dair arayış əlavə olunmuşdur). O, qeyd olunan ünvan 1 evdə rəsmi pasport qeydiyyatında olmuş, yalnız X26 2013-cü ildə həmin mülkdən daimi pasport qeydiyyatından çıxmışdır. X11 xx.xx.1991-ci ildə vəfat etmişdir. O, atası vəfat edən vaxt ata evində olmuş, yas mərasimini yola vermiş, atasından yadigar qalmış bir sıra əşyaları götürmüş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu halı cavabdehlərin özləri də bilavasitə təsdiq edə bilərlər. Bundan sonra miras əmlakın saxlanması üçün X8 təmir-tikinti işlərinin aparılmasına görə onun xahişi ilə əri tərəfindən bir neçə dəfə külli miqdarda ümumi məbləği təxminən 30 min ABŞ dolları müqabilində təşkil edən pul vəsaiti vermişdir. Bütün bu hərəkətlər atasından miras qalmış əmlakın saxlanılması və anasının həmin mülkdə yaşamasına yönəlmişdir. Bu halı da cavabdehlərin çoxu və digər qohumlar bilavasitə təsdiq edə bilərlər. X29 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, anası vəfat edən gündən o, yas mərasimində iştirak etmiş, ailənin tək qızı olduğundan bütün hazırlıq işləri onun üzərimə düşmüş və bununla da mirası faktiki idarə etmişdir. Bütün bu hərəkətlərlə anasından qalmış mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, anası rəhmətə gedəndən sonra qardaşları X18 və X19 əlbir olaraq saxta sənədlərlə ata və anasından qalmış miras əmlakı qanunsuz vərəsəlik edərək atasının adına olan hissəsini öz adlarına rəsmiləşdirmişlər. Bu qanunsuz hərəkət barədə məlumat alan kimi sözügedən mülkün saxta yolla alınmış sənədlərinin surətlərini əldə etmiş və hansı notariat ofisində bu əməliyyat aparıldığı barədə məlumat almışdır. O, 2 saylı notariat ofisinə rəsmi müraciət edərək bu işlə bağlı notariat işinin təsdiqlənmiş surətlərini əldə etmiş, araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan mülkdə rəsmi pasport qeydiyyatında olmasına baxmayaraq, qardaşları hansı üsulla evlər üçlüyündən arayış alaraq, atasının ailə üzvlərindən yalnız özlərini qeyd etdirərək nə onu nə də qardaşı Əlövsətin adını hər hansı arayışda qeyd etdirməmişdir. Halbuki, qanun normasına əsasən qardaşları özləri ona xəbər verməli və onun və o cümlədən digər qardaşı Əlövsətin bir vərəsə kimi olmaları barədə notariat orqanına və həmçinin küçə üçlüyünə məlumat verməli idilər. Saxta arayışla 2 saylı notariat ofisi də anasının vəfatından 5 aydan az keçməsinə baxmayaraq vərəsəlik işi açaraq mülkün atasının adına olan hissəsini qardaşlarının adına rəsmiləşdirib qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsələr haqqında heç bir araşdırma aparmadan vərəsələrin dairəsini müəyyən etmədən, qanunvericilikdə nəzərdə tutulmuş digər axtarış tədbirləri həyata keçirmədən qanunsuzluğa və saxtakarlığa yol verərək onun və digər vərəsə olan qardaşı Əlövsətin bir vərəsə və mülkiyyətçi kimi hüquqlarını kobud şəkilcə pozmuşdur. Ona görə də, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək və əlavə olaraq göstərdi ki atası ölən zaman mirası qəbul etmiş, atasının dəfnində də iştirak etmişdir. Ekspertiza rəyi ilə razı deyil. Onun mirasdan imtina etməsi barədə ərizədəki imza ona mənə məxsus deyildir. Buna görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Onlar 1989-cu ildə ailə qurublar. Qaynatası Müseyib 1991-ci ildə qaynanası Pəri 2012-ci ildə vəfat edib. Onların sağlığında həyat yoldaşı daim valideynlərinin yanına gedib-gəlmiş, vəfatından sonra onların dəfnində yas mərasimlərində iştirak etmiş, valideynlərinin miras əmlakını qəbul etmişdir. O, 2011-ci ildə həyat yoldaşının valideynlərindən qalmış evi sökdürüb yenidən inşa etmişdir. Həmin evdə qaynı Xanməmməd öz ailəsi ilə birlikdə yaşasa da həmin evdə onun həyat yoldaşının da payı olmuşdur. Məhz buna görə də həmin evin tikilməsinə xərc çəkmiş, bilavasitə onun gətirdiyi ustalar köhnə evi söküb yerində yeni ev tikmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, doğulduğu vaxtdan ünvan 2 ünvanda yaşamışdır. Həmin ev onun babası X27 və nənəsi X45 məxsus olmuşdur. Həmin evdə o, atası, anası, qardaşı və nənəsi Pəri Quliyeva yaşamışdır. İddiaçı onun bibisidir. Bibisi uzun illər əvvəl ailə qurmuşdur və öz evində yaşamışdır. Həmin həyətdə əmisi Nurməmməd də ev tikmiş və orada öz ailə üzvləri ilə yaşamışdır. Digər əmisi Əlövsət isə öz ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Bütün qohumlar, o cümlədən iddiaçı da bilirdi ki, baba və nənəsindən qalmış ev onun atası Xanməmmədə və əmisi Nurməmmədə məxsusdur. Bibisi atasının sağlığında bu barədə heç vaxt mübahisə etməmiş, ata və anasından ona miras qalmasını bildirməmiş, həmin evdə onların ölümündən sonra heç vaxt yaşamamışdır. Onun atası Xanməmməd uzun illər hərbi hissədə həkim işləmiş, kifayət qədər imkanı olmuşdur. Atası 2009-cu ildə babasından qalmış köhnə evi sökdürərək yerində yeni ev tikdirmişdir. Bu zaman onlara bibisi və onun əri tərəfindən heç bir pul verilməmişdir. Atasının kifayət qədər yaxşı maddi imkanı olmuş, kiminsə puluna ehtiyacı olmamışdır. Hazırda bibisi atasının və əmisinin ölümündən sonra guya mirasdan ona pay çatması barədə əsassız iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 1989-cu ildə X19 ilə nikaha daxil olaraq onun ata evi olan ünvan 2 ünvana köçmüşdür. Həmin həyətdə sonradan həyat yoldaşı Nurməmməd ayrıca ev tikmiş və onlar həmin evə köçmüşdür. Ərinin ata evində isə qaynı Xanməmməd öz ailəsi ilə birlikdə yaşamışdır. 1991-ci ildə qaynatası Müseyib vəfat etmişdir. Baldızı İddiaçı isə əvvəldən ailə qurub öz ailəsi ilə birlikdə yaşamışdır. Baldızı bir müddət Rusiyada da yaşamışdır. Qaynatasının vəfatından sonra İddiaçı həmin evə dair hər hansı tələb irəli sürməmiş, heç bir əmlak qəbul etməmişdir. Təxminən 2009-2010-cu ildə qaynı Xanməmməd ata evini sökdürərək yerində yeni ev tikdirmişdir. Qaynının maddi imkanı yaxşı olmuş, uzun müddət həkim işləmişdir. Onun heç kəsin maddi yardımına ehtiyacı olmamış, evi öz pulu ilə söküb tikmişdir. Evin tikilməsi zamanı onun əri Nurməmməd də tikinti işlərinə nəzarət və köməklik etmişdir. İddiaçının əri tikinti işləri aparılarkən ara-sıra gəlib getsə də onun həmin tikinti işlərinə hər hansı aidiyyəti olmamışdır. Əri ilə qaynının sağlığında baldızı bir dəfə də olsa evə dair hər hansı tələb irəli sürməmişdir. Əksinə 2012-ci ildə evin sənədləşməsi zamanı notariusda ərizə verərək miras əmlakdan qardaşlarının xeyrinə imtina etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında mirasın baldızı ilə aralarında bölünməsinə razılıq bildirməyinin səbəbi baldızının onları aldadaraq razılıq verərlərsə onlara borclu olduğu 8 000 manat pulu qaytaracağını deməsi olmuşdur. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək digər Cavabdeh3 ilə oxşar məzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh2 və X12 nümayəndəsi (vəkil) Vəkil bildirdi ki, mübahisəli əmlak ilkin olaraq paylı mülkiyyət kimi X23 və X45 məxsus olmuşdur. X42 1991-ci ildə, Quliyeva Pəri isə 2012-ci ildə vəfat etmişdir. İddiaçı nə atasının vəfatından sonra, nə də anasının vəfatından sonra mirası qəbul etmək üçün notariat kontoruna ərizə verməmiş, eləcə də mirası faktik qəbul etməmişdir. İddiaçı mirası qəbul etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının izahatından və onun tərəfindən təqdim edilmiş şahidlərin ifadələrindən də görünür ki, mübahisəli ev 2009-2010-cu illərdə sökülüb yenidən tikilmişdir. İddiaçı həmin evin tikilməsinə hər hansı xərc çəkməsini sübuta yetirməmişdir. Hətta bu xərc çəkilmiş olsa belə mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Çünki, həmin vaxt iddiaçının atasının ölümündən 20 ilə yaxın vaxt keçmişdi, anası isə hələ sağ idi. Miras isə mirasqoyanın ölümündən altı ay keçdikdən sonra qəbul edilə bilməz. İddiaçı özü 2012-ci ildə anasının ölümündən sonra mirasdan qardaşlarının xeyrinə imtina etmişdir. İddiaçı həmin ərizənin onun tərəfindən imzalanmadığını bildirsə də ekspert rəyi ilə ərizəni iddiaçının imzaladığı müəyyən edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahat verərək bildirdi ki, o, 1999-cu il tarixdə ailə qurmuş, 1993-cü ilədək ata evində yaşamış, daha sonra isə öz evinə köçmüşdür. Onun 1 bacısı və 3 qardaşı olmuş, qardaşları vəfat etmişdir. Ata mülkündə təxminən 2011-ci ildə tikinti işləri aparılmış, 1 otaq və əlavə 1 şüşəbənd tikilmişdir. Qardaşı Xanməmməd mübahisəli evdə öz ailəsi və anası ilə birlikdə yaşamışdır. Digər qardaşı Nurməmməd isə həmin həyətdə tikilmiş başqa bir evdə öz ailəsi ilə yaşamışdır. O, öz istəyi ilə ona düşən paydan qardaşlarının xeyrinə imtina etmiş, bacısı Pərnisə uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Bacısının miras payından qardaşlarının xeyrinə imtina edib-etmədiyini bilmir. Ev 2011-ci ildə sökülüb yenidən tikilmişdir. Evin tikilməsi zamanı bacısının əri Əlzakir qardaşı Xanməmmədə pul vermişdir. Həmin pulun borc kimi və ya digər məqsədlə verilib-verilmədiyini bilmir. O Xanməmmədə Əlzakirin yad oğlu olduğunu, ata evinin tikintisi üçün ondan pul almasının doğru olmadığını desə də Xanməmməd ona qulaq asmamışdır. Əlzakir Xanməmmədə təxminən 10000 dollar pul vermişdir. Həmin evdə bacısına aid otaq, əşya olmamışdır. Atasından qalmış paltarları o və bacısı götürüb adət-ənənəyə görə ehtiyacı olan şəxslərə paylamışdır. Valideynlərindən başqa qiymətli əşya qalmamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X35 izahat verərək bildirdi ki, İdarə tərəfindən ünvan 2 ünvanda yerləşən evə X6 və X7 mülkiyyət hüquqları qanunvericiliyə uyğun olaraq təqdim olunmuş sənədlər əsasında qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışın ləğv olunması üçün heç bir əsas yoxdur. Müstəqil tələb irəli sürməyən şəxs Gəncə şəhəri 2 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X28 ifadə verərək bildirdi ki, o, “Göygöl Şərab” zavodunda sürücü işləyir. İddiaçı həyat yoldaşı Nümayəndələ uzun illərdir ki, dostdurlar. Əlzakiri Rusiya Federasiyasında olan zaman tanımışdır. O, Əlzakirin evinin və obyektlərinin tikinti işlərini aparmışdır. Əlzakirin qaynı Xanməmmədin evində təxminən 2008-2010-cu illərdə tikinti işləri aparmış, həmin vaxtlar sözügedən evdə Xanməmməd və arvadı Leyla onların uşaqları, Xanməmmədin anası yaşamışdır. Həmin ev onun rəhbərliyi altında ustalar tərəfindən tamamilə sökülərək yerində yeni ev inşa edilmişdir. Evin tikintisi zamanı çəkilən xərcləri bəzən Xanməmməddən, bəzən də Əlzakirdən almışdır. Əlzakirin həmin evin tikintisində niyə iştirak etməsini ondan soruşmamışdır, çünki bu onların öz işidir. Xanməmməd və Əlzakir tərəfindən ona hansı miqdarda pulun verilməsini xatırlamır. Məhkəmə iclasında şahid X54 ifadə verərək bildirdi ki, o, dərzi işləyir. Təxminən 2009-2011-ci illərdə Xanməmmədin evində tikinti işləri aparılarkən usta Elşənin köməkçisi olmuşdur. O, İddiaçı tanımır, lakin Pərnisənin əri Əlzakiri tanıyır. O, Xanməmmədlə Əlzakirin vasitəsilə tanış olmuşdur. Həmin evdə cəmi 15-20 gün işləmiş, onun bildiyi qədər tikinti işləri aparılan ev Xanməmmədə məxsus olmuşdur. Evdə Malik, Ziya və Elşən adlı ustalar işləmişdir. Ustalara isə Nurəddin rəhbərlik etmişdir. Usta Elşənə də pulu Nurəddin vermiş, o pulunu Elşəndən almışdır. Məhkəmə iclasında şahid X46 ifadə verərək bildirdi ki, o, dülgər işləyir. O, Xanməmmədi və Nurməmmədi tanıyır, Pərnisəni isə tanımır, Əlzakirlə isə uşaqlıqdan tanışdır. O, Əlzakir üçün Pərnisənin ata evində tikinti işləri görmüş, onlara usta kimi Nurəddin rəhbərlik etmişdir. Həmin evdə Xanməmməd, Xanməmmədin anası və arvadı yaşamışdır. O, cəmi 40 gün tikinti işləri aparmışdır. Həmin evin Xanməmmədə məxsus olduğunu bilmiş, tikinti işlərini Əlzakiri tanıdığına görə aparmışdır. Nurəddinə pulu Əlzakir vermiş, lakin ara-sıra Xanməmməd də pul vermişdir. Məhkəmə iclasında şahid X55 ifadə verərək bildirdi ki, o, yük maşınında sürücü işləyir. O, Əlzakiri uşaqlıqdan tanıyır. Nurəddini evə material daşınan zaman görmüş, Əlzakir isə ona xeyli iş gördürmüşdür. Pulu onlara Nurəddin ilə Əlzakir vermiş, lakin evdə kimin yaşadığını bilməmişdir. O, başqa bir yük maşını sürücüsü ilə birlikdə əvvəlcə orada olan köhnə evin sökülüb daşınmasını etmiş, sonradan isə yeni tikiləcək ev üçün materiallar daşımışdır. Məhkəmə iclasında şahid X31 ifadə verərək bildirdi ki, o, Cavabdeh1 ilə dostdur. Hər iki tərəfi də tanıyır. O, Məmmədov Xanməmmədin evi tikilən zaman Elnurla birlikdə ustalara nəzarət etmiş və bu səbəbdən də ustaların hamısını tanıyır. Ondan əvvəl dindirilmiş şahidlər evin tikintisində yox, köhnə evin sökülməsində iştirak ediblər. Tikinti işləri üçün xərcləri Xanməmməd ödəmiş, ustalara isə yeməyi Xanməmmədin həyat yoldaşı Leyla hazırlayıb vermişdir. O, Əlzakiri tikinti zamanı cəmi bir iki dəfə görmüş, təxminən 2009-2010-cu illərdə tikinti işlərinin aparılması yadındadır. Xanməmməd və ailəsi evdə tikinti işləri aparılan zaman qonşuluqda kirayədə qalmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 25 aprel 1991-ci il tarixdə qəfləti koronar ölüm səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X59 11 fevral 2012-ci il tarixdə kəskin ürək qan damar çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, X40 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2012-ci ilədək aparılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2012-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Əri: X34 D.xx.xx.1933 - Ö.xx.xx.1991-ci il tarixdə vəfat edib;

2. Oğlu: X18 D.xx.xx.1960 -xx.xx.2020-ci il tarixdə vəfat edib;

3. Oğlu: X19 D.xx.xx.1962 -xx.xx.2021-ci il tarixdə vəfat edib;

4. Oğlu: X26 D.xx.xx.1963 - xx.xx.2012-ci il tarixdə nikaha daxil olub;

5. Qızı: Əmrahova (Məmmədova) Pərnisə Müseyib qızı D.xx.xx.1968xx.xx.1989-cu il tarixdə nikaha daxil olub. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 25 oktyabr 2021-ci il tarixli, 161 nömrəli arayışdan görünür ki, X23 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2012-ci ilədək aparılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2012-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Arvadı: X59 D. xx.xx.1937 -xx.xx.2012-ci il tarixdə vəfat edib;

2. Oğlu: X18 D. xx.xx.1960 -xx.xx.2020-ci il tarixdə vəfat edib;

3. Oğlu: X19 D.xx.xx.1962 -xx.xx.2021-ci il tarixdə vəfat edib;

4. Oğlu: X26 D.xx.xx.1963 - xx.xx.2012-ci il tarixdə nikaha daxil olub;

5. Qızı: Əmrahova (Məmmədova) Pərnisə Müseyib qızı D.xx.xx.1968xx.xx.1989-cu il tarixdə nikaha daxil olub. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Vaqif küçəsi, ev 39-da qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər. Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X41, Cavabdeh3. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X24 arasında 10 dekabr 1989-cu il tarixdə nikah bağlanmışdır, Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X3, X29dır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 021779 nömrəli çıxarışdan görünür ki, ünvan 4 ev xüsusi mülkiyyət hüququ əsasında ¼ hissədə X9, ¼ hissədə X8 və 2/4 hissədə X45 məxsus olmuşdur. İş materiallarında olan X19 tərəfindən ünvan 3 ünvanlanmış 17 iyul 2012-ci il tarixli ərizədən görünür ki, X11 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Miras əmlak ünvan 4 fərdi yaşayış evindən ibarət əmlakdan ibarətdir. Ondan başqa vərəsələrdən- X18 vardır. O, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan X18 tərəfindən ünvan 3 ünvanlanmış 17 iyul 2012-ci il tarixli ərizədən görünür ki, X11 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Miras əmlak ünvan 4 fərdi yaşayış evindən ibarət əmlakdan ibarətdir. Ondan başqa vərəsələrdən- X19 vardır. O, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan evlər üçlüyünün 11 iyul 2012-ci il tarixli arayışından görünür ki, X6 X11 25 aprel 1991-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək ünvan 4 evdə yaşamışdır. Onun vəfatından sonra ailə üzvlərindən X18 və X2 şəhəri, Vaqif küçəsi, 39 nömrəli ünvanda yaşamışlar. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X59 arasında 24 iyun 1958-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 01 mart 1962-ci il tarixdə doğulmuşdur. X11, X29dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 15 aprel 1960-cı il tarixdə doğulmuşdur. X11, X29dır. İş materiallarında olan 17 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 aprel 1991 ildə vəfat etmiş X23 vərəsələri: ünvan 2 saylı evdə yaşayanlar övladları X18 və X10r. Şəhadətnamə verilən miras əmlak: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 844 saylı müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışına əsasən 0.0408 ha torpaq sahəsində yerləşən Liter A 02 otaqlı, 57,5 m2 ümumi sahədən, 37,6 m2 yaşayış sahədən, 19,9 m2 köməkçi sahədən, 37,6 m2 çardaqdan, Liter B 05(beş ) otaqlı, 215,7 m2 ümumi sahədən, 106.1 m2 yaşayış sahədən, 109.6 m2 köməkçi sahədən, 20 m2 zirzəmidən, 40 m2 keçiddən, 7,7 m2 açıq eyvandan tikili C 16.3 m2 anbardan, tikili Ç 8,3 m2 hamamdan, tikili D 6.3 m2 anbardan, tikili E 13.3 m2 hamamdan ibarət ünvan 5 ünvanda yerləşən evin 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Nümayəndə adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 18 iyun 2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 22 avqust 2000-ci il tarixdə doğulmuşdur. X4, anası Cavabdeh3dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 17 may 1990-cı il tarixdə doğulmuşdur. X4, anası Cavabdeh3dır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X63 arasında 24 iyul 1989-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X56 arasında 26 aprel 1986-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 13 mart 1994-cü il tarixdə doğulmuşdur. X5, anası X32r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 02 may 1998-ci il tarixdə doğulmuşdur. X5, anası X32r. İş materiallarında olan evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X6 X11 25 aprel 1991-ci il tarixdə, X29 11 fevral 2012-ci il tarixdə vəfat etmişdir. X34 ölənədək ünvan 4 evdə yaşamışdır. Onun ölümündən sonra ailə üzvlərindən X18, X19, X26 və X24 qalmışdır. İş materiallarında olan X26 və İddiaçı tərəfindən Gəncə şəhəri 1-ci dövlət notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, onlar valideynlərindən miras qalmış ünvan 4 fərdi yaşayış evindən ibarət miras əmlakdan onlara düşən hissəni qardaşları X18 və X7 xeyrinə imtina etmiş və bu barədə gələcəkdə heç bir iddia və tələbləri olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 4 ev xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə X9, ½ hissədə X8 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 4/453 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasından görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 129-cu vərəqində yerləşən İddiaçı adından olan 21 fevral 2012-ci il tarixli 7E-3-2943 reyestr nömrəli (Gəncə şəhəri 1 saylı Notariat Kontoru) ərizədə “İmza” qrafasındakı imza və “Əмраhова” yazısı İddiaçı tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak iddiaçının X11nun və X29nın paylı mülkiyyətində olmuşdur. İddiaçının atası 1991-ci ildə, anası 2012-ci ildə vəfat etmişdir. İddiaçının atasının vəfatından sonra həmin evdə qardaşı X18 və ailə üzvləri, eləcə də anası, eyni həyətdəki digər evdə isə qardaşı X19 və ailə üzvləri yaşamışdır. İddiaçı valideynlərinin ölümündən sonra mirası faktiki olaraq qəbul etdiyini iddia edir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X23 mirası ilə bağlı mübahisə, ikincisi isə X40 mirası ilə bağlı mübahisədir. X34 27 aprel 1991-ci il tarixdə vəfat etdiyindən birinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X14 qanun üzrə birinci növbə vərəsələri Məmmədov Xanməmməd, Məmmədov Nurməmməd, Məmmədov Əlövsət və İddiaçı olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən Məmmədov Xanməmməd və Məmmədov Nurməmməd atalarının sağlığında onunla birlikdə yaşamış, atasının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişdir. Digər vərəsələrdən İddiaçı 1989-cu ildə ailə qurduğu üçün atasının ölümündən sonra orada yaşamamışdır. İddiaçı və Məmmədov Əlövsət atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, mirası qəbul edib mirasa yiyələnmək dedikdə elə bir hərəkət başa düşülür ki, bu zaman vərəsənin miras əmlakla öz əmlakı kimi davranması aydın başa düşülür və digər şəxslərdə həmin əmlakın vərəsəyə məxsus olması şübhə doğurmur. Üstəlik həmin dövrdə qüvvədə olmuş normaya əsasən bu hərəkətlər miras açıldıqdan sonra hər hansı müddət ərzində deyil, altı ay müddətində həyata keçirilməlidir. İddiaçı miras əmlaka yiyələnməsini 2009-2011-ci illərdə (təxmini vaxt) atasından miras qalmış evdə tikinti işlərinin həyata keçirilməsində iştirak etməsi və həmin işlərin görülməsi üçün pul xərcləməsi ilə izah edir. Halbuki, iddiaçının öz təqdim etdiyi şahidlər belə tikintisində iştirak etdikləri evin Xanməmməd Məmmədova məxsus olduğunu bildirmişlər. Yəni, iddiaçı özünün usta kimi dəvət etdiyi şəxslərə belə evin özünə məxsus olmasını, həmin evi miras kimi qəbul etməsini nümayiş etdirməmişdir. Digər tərəfdən həmin tikinti işləri işin mübahisəsiz halı kimi 2009-cu ildən sonra həyata keçirilmişdir. Bu baxımdan mirasın qəbul edilməsi müddətindən 20 ilə yaxın vaxt keçdikdən sonra edilən hərəkətlərin mirası faktik qəbul etmək kimi hüquqi nəticə doğurması mümkün deyildir. Eyni zamanda bu hərəkətlər iddiaçının anasından miras qalan əmlakı qəbul etməsi kimi də nəzərdən keçirilə bilməz. Çünki, həmin işlər görülən vaxt iddiaçının anası sağ olmuşdur. Miras açılmadan isə mirası qəbul etmək mümkün deyildir. Mübahisənin ikinci hissəsi ilə bağlı aşağıdakı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (1268.1). İddiaçının X29 11 fevral 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı 21 fevral 2021-ci il tarixdə notariat orqanında ərizə verərək anasından miras qalmış əmlakdan qardaşları X18 və X7 xeyrinə imtina etmişdir. İddiaçı həmin ərizənin özü tərəfindən verilmədiyini bildirsə də iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə ərizədəki imzanın iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Mirasdan imtinanın geri götürülməsinə yol verilmədiyindən iddiaçının mirası faktik qəbul edib-etməməsinin hər hansı əhəmiyyəti yoxdur və məhkəmə həmin halların əlavə şərh edilməsinə zərurət görmür. İş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 178 manat puldan ibarətdir. Ekspertizanın keçirilməsinə əsas olmuş hal barədə iddiaçı tərəf mübahisə etdiyindən və həmin hal öz təsdiqini tapmayaraq iddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar