Məhkəmə qərarları › İş №2(043)-2047/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2047/2021

20.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2047/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında olan mənzil üzərində 1/8 hissədə məcburi payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia tələbində göstərilən mübahisə predmeti olan daşınmaz əmlak Gəncə şəhəri Kəpəz rayonu ərazisində olsa da, mövcud iddia tələbinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxıla bilməz. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz tikintinin, qurğunun, torpaq sahəsinin, bir sözlə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, mülkiyyətçi tərəfindən daşınmaz əmlakla bağlı istənilən iddia tələbinə deyil, yalnız daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın naturada başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxıla bilər. Hazirki iddia tələbi isə miras əmlakda payın müəyyən edilməsi ilə ilə bağlıdır. Miras əmlaklar bir neçə yerdə ola bilər və bu vəziyyətdə iddia etmək olmazki həmin əmlaklarda payın müəyyən edilməsinə dair iddialara əmlakın yerləşdiyi yerlər üzrə baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilər. Belə ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «miras əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «miras əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar