Məhkəmə qərarları › İş №2(043)-2105/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2105/2021

28.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2105/2021 28.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi, Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə verilmiş X3, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs – Gəncə şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) 10.10.1976-cı il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, qardaşı 10.10.1976-cı il təvəllüdlü X7 anadangəlmə 2-ci qrup əlildir və 1986-cı ildən hal-hazıradək Gəncə şəhəri Psixonevroloji Dispanserində “kəskin debillik dərəcəsində olan ağıl zəifliyi tez-tez baş verən psixatik hallar” diaqnozu ilə qeydiyyatdadır. O, dəfələrlə X5 stasionar müalicə almışdır. Hal-hazırda qardaşı onunla birgə yaşayır. O, özünü sərbəst idarə edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X10 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-ЖГ 422677 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10.10.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X3 atası X9, anası X8r. İş materiallarında olan doğum haqqında İV-ЖГ № 422677 nömrəli şəhadətnamənin surətindən görünür ki, barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə verilmiş X7 10 oktyabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. X3 atası X9, anası X8r. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X2 şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, ev 56 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, X1 debillik dərəcəsində olan ağıl zəifliyi tez-tez baş verən psixotik hallar diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Əhalinin və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, X7 şəhid ailəsi üzvi kimi müddətsiz ABİ-ə görə ayda 395,76 manat əmək pensiyası və 18 yaşına kimi SİM uşaq olmuş 18 yaşından yuxarı əlilliyi müddətsiz təsdiq edilmiş Şəhid ailəsinin üzvi kimi ayda 500 manat Prezident təqaüdü təyin olunmuş və qanuna müvafiq ödəniş aparılır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 008698 nömrəli vəsiqəni surətindən görünür ki, X3 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qardaşının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 717 saylı, 25.11.2021-ci il tarixli rəyindən görünür ki, X7 xroniki xəstəlik olan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 oktyabr 1976-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar