Məhkəmə qərarları › İş №2(043)-213/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-213/2022

22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-213/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18.09.1997-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 31.01.1997-ci ildə Həsənova (Əkbərova) Nüşabə Cəfər qızı ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları doğulmuşdur. Birinci övladları X7 18.09.1997-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuşdur. Uşaq doğulandan xəstədir. Əqli cəhətdən geriliyi olduğundan kənar şəxslərin köməyinə ehtiyacı vardır. Bununla bağlı oğlu Rəfailə 1-ci qrup əlillik təyin edilərək müavinət verilir. Daim müalicə olunsa da səhhətində heç bir dəyişiklik olmamışdır. Övladlarının 24 yaşı olsa da, hazırki vəziyyətlə bağlı onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında heç bir sənəd əldə edə bilməmişlər. Övladları böyüdüyündən buna çox ehtiyac duyurlar. Valideyn kimi onun hüquqlarını həyata keçirən zaman maeələrlə rastlaşırlar. Ona görə də, 18.09.1997-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 bildirdi ki, X1 ciddi problemlərin olması həqiqətən də onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 18.09.1997-ci il tarixdə doğulmuş X3 atası Ərizəçi, anası X4r. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu X9 18 saylı regional ərazi idarəsinin 06 oktyabr 2021-ci tarixli arayışından görünür ki, X7 DSMF X9 18 saylı regional ərazi filialından X6 məlumata əsasən müddətsiz 1-ci dərəcəli əlilliyə görə ayda 150.00 manat əmək pensiyası təyin olunmuşdur və qanunamüvafiq ödənişlər aparılır. İş materiallarına əlavə olunmuş Tibbi-Sosial Ekspertiza Müayinəsindən Çıxarışın surətindən görünür ki, X7 xəstəliyi kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, spastik tetraporez, nevrasteniya, asteno-nevrotik hal, dəqiqləşdirilməmiş zehni gerilik, əqli çatmamazlıq ilə xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 05 nömrəli məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, X7 yüngül dərəcəli əqli gerilik (ifadə olunmuş debillik dərəcəsində), davranış pozğunluqları, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozğunluqlarının beynəlxalq təsnifatı-10-cu baxış) xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam başa düşüb hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 18.09.1997ci il təvəllüdlü X3 atası olmaqla ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X7 əqli inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 18.09.1997-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş X7 (FİN 6H2L3PQ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar