Məhkəmə qərarları › İş №2(043)-220/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-220/2021

10.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-220/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci ildə doğulmuş qızı Adıgözəlova Sevinc Tofiq qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il təvəllüdlü Adıgözəlova Sevinc Tofiq qızı anadangəlmə Spastik tetraparetik formalı uşaq serebral iflici xəstəsidir. Övladının psixi və fiziki inkişafı yaşı ilə uyğun deyil və inkişafdan çox geri qalıb. Qızının əqli qüsuru o dərəcədədir ki, özünü qətiyyən idarə edə bilmir, daimi qulluğa və nəzarətə ehtiyacı var. Övladı Sevinc tamamilə uşaq kimidir, ehtiyaclarını ailə üzvlərinin köməyi olmadan qətiyyən həyata keçirə bilir, heç nəyi dərk etmir. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Bu ağır xəstəliyə görə övladı Sevincə İ qrup əlillik dərəcəsi təyin edilib. Ona görə də o xx.xx.2002-ci il təvəllüdlü oğlu Adıgözəlova Sevinc Tofiq qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 bildirdi ki, Adıgözəlova Sevinc Tofiq qızının səhhətində ciddi fiziki və psixi problemlərin olması həqiqətən də, onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2002-ci il tarixdə doğulmuş Adıgözəlova Sevinc Tofiq qızının atası Ərizəçi, anası Vəliyeva Zərnurədir. İş materiallarına əlavə edilmiş TSEK-də sonuncu müayinəyə dair məlumat verilməsi barədə xx.xx.2020-ci il tarixli qiymətləndirmədə qeyd edilmişdir ki, Adıgözəlova Sevinc Tofiq qızına İ qrup müddətsiz əlillik təyin edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 628 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Adıgözəlova Sevinc Tofiq qızı uşaqlıqdan ağır dərəcəli kəmağıllılıq, davranış pozğunluqları ilə, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraplegiya XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Adıgözəlova Sevinc Tofiq qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx xxxx 2002-ci il təvəllüdlü Adıgözəlova Sevinc Tofiq qızının atası olmaqla ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Adıgözəlova Sevinc Tofiq qızı xroniki psixi xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də Adıgözəlova Sevinc Tofiq qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 2002-ci il tarixdə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş Adıgözəlova Sevinc Tofiq qızı (FİN 6V8Z9S9) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar