Məhkəmə qərarları › İş №2(043)-2229/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2229/2021

30.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2229/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 3 saylı Notariat Ofisinə qarşı “mirasın açıq qalmış ¼ hissəsinin miras payına və vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhər 3 saylı Notariat Ofisinə qarşı “açıq qalmış mirasın ¼ hissədə qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, 22A nömrəli binada yerləşən 17 nömrəli mənzildə X6 adına açıq saxlanılmış ¼ hissə miras payın onun faktiki qəbul etməsinin müəyyən edilməsi, həmin mənzilə dair onun adına çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 22A nömrəli binanın 17 saylı mənzilinin 3/4 hissəsi onun mülkiyyətindədir. Mənzilin 3/4 hissəsinin onun mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 21 may 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 15210141 Qeydiyyat nömrəli çıxarışla təsdiq olunmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqı küçəsi ev 22A, mənzil 17 anası X6 mülkiyyətində olmuş, anası X10 02 avqust 2019-cu ildə vəfat etmişdir. Om vəfatından sonra miras qalmış mənzillə bağlı qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmiş, beləliklə vərəsələr- o, bacısı X11 və qardaşı Cavabdehdur. Qanun üzrə vərəsəlikdən başqa eyni zamanda mərhum anası sağlığında, yəni 12.06.2018-ci il tarixdə ona vəsiyyətnamə vermişdir. Qardaşı Cavabdeh anasının sağlığından, 1984-cü ildən ailə həyatı qurmuş, valideynləri onun üçün ayrı ev almış, o, həmin vaxtdan özünə məxsus evdə yaşamışdır. Sonradan qardaşı valideyinləri tərəfindən ona alınmış evi sataraq Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra, təxminən 2007-ci ildə müəyyən sənədlərin düzəldilməsi üçün anasından xahiş etmişdir ki, onu sözügedən mənzilə qeydiyyata salsın, anası da buna etməyərək qardaşının həmin mənzilə qeydiyyata salınmasına icazə vermişdir. Baxmıyaraq qardaşı Cavabdeh sözügedən mənzildə qeydiyyatdadır, o, uzun müddətdir həmin mənzildə yaşamır. Qardaşı sənədlərini düzəldikdən sonra yenidən Rusiya Federasiyasına getmişdir. Anası 2019-cu ildə vəfat edən zaman qardaşına anasının ölməsi barədə məlumat vermiş, lakin sonuncu anasının dəfninə və ümumiyyətlə yas mərasiminə gəlməmiş və yas mərasimində də iştirak etməmişdir. Anası öldükdən sonra, mirasın qəbul edilməsi üçün qardaşı notariat ofisinə gəlməmiş və mirasın qəbulu üçün notariusa ərizə verməmişdir. Digər vərəsə bacısı Rəna Mahmudova isə miras əmlakdan ona düşən hissədən onun xeyrinə imtina etmişdir. Beləliklə, mərhum anası X3 qalmış mirasın 3/4 hissəsinə onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Anasının vəfatından sonra, miras mənzili faktiki qəbul edərək idarə edir, mənzildə təmir işləri aparıb və bütün kommunal xərcləri ödəyir. Yuxarıda qeyd etdiyi kimi, hazırda mənzilin 3/4 hissəsi onun mülkiyyətində, mənzil bütövlükdə isə onun faktiki istifadəsindədir. Digər vərəsə olan qardaşı Cavabdeh Oruc oğluna çatacaq hissə isə mərhum anası X6 adında açıq qalmışdır. Qanun üzrə vərəsə olan qardaşı Cavabdeh Oruc oğlu anasının ölümündən xəbəri olsa da dəfnində iştirak etməmiş, anasından miras qalan mənzil barədə məlumatlı olub, ancaq qanun üzrə vərəsə kimi mirası qəbul etmək üçün müraciət etməmişdir. Qardaşı 1984-cü ildə ailə qurub və həmin vaxtdan həmin mənzildə yaşamır, yəni mirası faktiki olaraq da qəbul etməmişdir. Mirasda açıq qalan payla bağlı ona məlumat vermiş, mirası qəbul etməsi və ya ondan imtina etməsini ondan xahiş etsə də sonuncu buna münasibət bildirməmişdir. Hazırda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi anası X6 adında açıq qalmış miras payın, mənzilin 1/4 hissəsin qəbul edilməsi və həmin hissənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma üçün zəruridir. Mərhum anası Xədicə Mahmudovadan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 22A nömrəli binada yerləşən 17 saylı mənzilə dair "elektro notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən miras qoyan mərhum anası Xədicə Mahmudova və onlarla bərabər qardaşı Cavabdeh da miras əmlakda qeydiyyatdadır. Bu hal ilə Azərbaycan Respublikası Mülki Məcəlləsini 1243.2-ci maddəsinə əsasən miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də Cavabdeh miras əmlakdakı payı açıq saxlanılmışdır. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi anasından miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 22A nömrəli binada yerləşən 17 sayl mənzilində anasının adında açıq qalmış 1/4 hissəyə mülkiyyət hüququ əldə etmək və mənzili bütövlükdə öz adıma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruridir. Həmin paya qanun üzrə vərəsəlik hüququ olan qardaşı Cavabdeh analarının vəfatından ötən üç ilə yaxın müddətdə mirasa dair hər hansı bir tələb irəli sürməmiş, mirasın qəbul edilməsi ilə bağlı notariata ərizə verməmiş, 2011-ci ildə ailə qurub başqa ünvana köçdüyündən mirası faktiki olaraq da qəbul etməmiş və mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, mərhumə anam Xədicə Mahmudovadan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 22A nömrəli binada yerləşən 17 saylı mənzilində Xədicə Mahmudovanın adında açıq saxlanılmış 1/4 hissə miras payın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 22A nömrəli binada yerləşən 17 saylı mənzilinə dair onun adına tam mülkiyyət hüququ üzrə çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X12 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın predmetinin dəyişdirilməsi barədə ərizə verərək İddiaçı mərhum anası X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, bina 22A, 17 nömrəli mənzildən ibarət mirasının açıq qalmış ¼ hissəsinin İddiaçı miras payına və Gənc şəhəri 3 saylı Notariat Ofisi tərəfindən 08.05.2021-ci il tarixdə verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X12 iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı 08 avqust 1965-ci ildə doğulmuşdur. Valideynləri-atası X9, anası X8r. AZ-İ seriyalı, 994195 nömrəli ölüm haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X10 02 avqust 2019-cu il tarixdə dəqiqləşdirilməmiş beyindaxili qansızma səbəbindən vəfat etmişdir. Gəncə şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə Ərazi dairəsi üzrə nümayəndəsinin 31 may 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzildə qeydiyyatda olmasına baxmayaraq hazırda həmin ünvanda yaşamır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh və X4 şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzildə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzilin ¾ hissəsinə İddiaçı ¼ hissəsinə isə X6 payları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 ünvanlanmış cavab məktubundan görünür ki, mərhum X1 miras əmlakında açıq qalmış ¼ hissə payın qəbul edilməsi ilə bağlı Cavabdeh Gəncə şəhər 3 saylı Notariat Ofisinə müraciət etməmişdir. Məhkəməyə təqdim edilmiş Gəncə şəhər 3 saylı Notariat Ofisinin 2V-79 saylı vərəsəlik işi materiallarından aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyətçi Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzil mülkiyyət hüququ əsasında X6 adına qeydə alınmışdır. 12 iyun 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 ona məxsus olan Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzili qızı İddiaçı vəsiyyət etmişdir. 08 may 2021-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədən görünür ki, İddiaçı Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında 05 noyabr 1966-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı, X11 və Cavabdeh atası X9, anası X8r. Notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, X11 anasından miras qalmış əmlakdan çatası miras payını qəbul etməkdən bacısı İddiaçı xeyrinə imtina etmişdir. 08 may 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02.08.2019-cu il tarixdə vəfat etmiş X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Gəncə şəhər, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 22A, 17 nömrəli mənzildir. Mirasdan Cavabdeh ¼ hissədən ibarət payı açıq saxlanılmışdır. Məhkəmə mübahisənin düzgün həlli ilə bağlı qanun və vəsiyyət üzrə vərəsəlik, mirasda məcburi pay, mirasın qəbul edilməsi və mirasdan imtina ilə bağlı normaların təhlilini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Vərəsəlik işinin məhkəməyəqədərki mərhələsində notarius tərəfindən müəyyən edilmişdir ki, mərhum X3 miras qalmış əmlak ünvan 2, 17 nömrəli mənzildən ibarətdir, mərhumun birinci növbədən vərəsələri İddiaçı, X11 və Cavabdehdur. Buna baxmayaraq notarius mirasın qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Cavabdeh tərəfindən qəbul edilib-edilmədiyini aydınlaşdırmamadan mirasın ¼ hissəsini açıq saxlayıb qalan ¾ hissəsinə dair iddiaçıya vəsiyyə üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. İlk növbədə o qeyd edilməlidir ki, vərəsələrin ehtimal olunan məcburi payının miqdarı düzgün hesablanmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə məcburi payın həcmi müəyyənləşdirilərkən vərəsəliyə çağırıla biləcək bütün qanun üzrə vərəsələr, yəni mirasın açıldığı an sağ olan və mirasdan pay almaqdan məhrum edilməmiş birinci növbə vərəsələrin hamısı nəzərə alınmalıdır. Belə vərəsələrin sayı isə üç olmuşdur. X7 öz məcburi payından İddiaçı xeyrinə imtina etməsinin isə heç bir əhəmiyyəti yoxdur. Əvvəla bu imtina qanunvericilikdə nəzərdə tutulmuş, mirasın açıldığı vaxtdan üç aydan artıq müddət keçdikdən sonra edilmişdir, ikincisi vərəsə məcburi paydan yox, miras payından başqa vərəsənin xeyrinə imtina edə bilər, üçüncüsü isə məcburi paydan imtina edilməsi digər vərəsələrin məcburi payının artmasına səbəb ola bilməz. Belə olan halda Cavabdeh çatacağı güman edilən məcburi payın həcmi əgər vəsiyyətnamə olmasaydı, ona çatası payın (1/3 hissə) yarısı, yəni mirasın 1/6 hissəsi olacaqdı. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh mirasın açıldığı vaxtdan üç ay ərzində mirasın qəbul edilməsi və ya məcburi payın tələb edilməsi barədə notariusa ərizə verməmiş, vəsiyyət üzrə vərəsəyə qarşı da belə bir tələb irəli sürməmişdir. Cavabdeh mirasdan payını qəbul etməsi və ya imtina etməsi barədə hər hansı mövqe bildirmədiyinə görə bu, vərəsənin susması hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi qanunverici vərəsənin susmasını mirasdan imtinaya bərabər tutmuşdur. Mirasqoyan bütün əmlakını vəsiyyət üzrə vərəsəyə, yəni iddiaçıya vəsiyyət etdiyindən X6 ünvan 2, 17 nömrəli mənzildən ibarət olan miras əmlakı bütövlükdə iddiaçıya verilməlidir. Buna görə də miras əmlakın açıq saxlanılmış ¼ hissəsi İddiaçı miras payına və ona verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. X6 ünvan 2 ünvanda yerləşən 17 saylı mənzildən ibarət olan mirasının açıq saxlanılmış ¼ hissəsi İddiaçı miras payına və Gəncə şəhəri 2 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı verilmiş, 2V-79 reyestr nömrəli, 08 may 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əlavə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar