Məhkəmə qərarları › İş №2(043)-2261/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2261/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2261/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun kompensasiya ilə əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Hərbi şəhərcik 38/83 ünvanda yerləşən 400 saylı binanın 25 saylı mənzilindən istifadə hüququnun əvəzinə Cavabdeh kompensasiya alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun həyat yoldaşı Cavabdeh 1992-ci ildə işlədiyi yerdən xidməti order əsasında verilmişdir. Orderdə ailə üzvü kimi onun da adı qeyd edilmişdir. Cavabdeh tez-tez sərxoş olaraq onu döyür və evdən qovur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildən istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Lakin cavabdehlə həmin mənzildə yaşaya bilmir, cavabdeh onu döydüyü üçün epilepsiya xəstəliyinə tutulmuşdur. Bundan başqa oğlu da ailəsi və uşaqları ilə birlikdə həmin mənzilə yığışmışdır. Belə dözülməz şəraitdə yaşaması mümkün deyildir. Buna görə də cavabdehdən ona kompensasiya verməsini və ya birotaqlı ev alıb verməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh məhkəmənin qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülmüşdür. Onun həmin mənzildə yaşamasına heç bir etirazı yoxdur. İddiaçının göstərdikləri əsassızdır və onun iddiaçıya kompensasiya verməyə maddi imkanı yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 06.03.1992-ci il tarixli 98 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 25 saylı mənzil Cavabdeh istifadəsinə verilmiş, İddiaçı ailə üzvü (arvadı) kimi orderdə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1179/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək onun ünvan 1 ünvanda yerləşən 25 saylı mənzildən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmüşdür. Mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1992-ci ildə yaranmışdır. Buna görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır. 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının (Azərbaycan SSR) Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Keçmiş Mənzil Məcəlləsində istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi məsələsi tənzimlənməmişdir. Yalnız həmin Məcəllənin 60-cı maddəsində şəxsin müəyyən edildiyindən (altı aydan) artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsinin kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirildiyi müəyyən edilirdi. Hazırkı mülki qanunvericilikdə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Plenum bu mövqeyi ilə Mülki Məcəllənin qəbul edilməsindən əvvəl yaranmış istifadə hüququna da kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü ifadə etmişdir. Qeyd olunan və iddiaçının tələbinin hüquqi əsasını təşkil etməli olan normanın mətnindən göründüyü kimi istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin tələbinə əsasən bazar qiyməti ilə kompensasiya veriməklə xitam verilə bilər. Başqa sözlə, kompensasiyanı təklif etmək hüququ mülkiyyətçiyə məxsusdur və mülkiyyətçini kompensasiya verməyə məcbur etmək olmaz. Yəni mülkiyyətçi istifadə hüququ olan şəxsin onun mənzilindən istifadə etməsinə dözmək vəzifəsi daşıyır, lakin istifadə hüququ olan şəxsin tələbinə əsasən ona kompensasiya ödəməyə borclu deyildir. Hazırkı halda iddiaçı və cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyildir və dövlət mənzil fonduna aid olan özəlləşdirilməmiş mənzilin qanuni istifadəçisidirlər. O da qeyd edilməlidir ki, iddiaçının özü də həmin mənzilə dair orderdə ailə üzvü kimi göstərildiyindən onların hər ikisi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsindən irəli gələn hüquqlara malikdir. Bununla yanaşı iddiaçının cavabdehdən mənzildən istifadə hüququnun əvəzinə kompensasiya tələb etməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar