Məhkəmə qərarları › İş №2(043)-2266/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2266/2021

11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2266/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mirasın qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi, əmlakların miras kütləsinə daxil edilməsi, miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçılar miras əmlakı qəbul etmələrinin müəyyən edilməsi, eləcə də miras əmlaka paylarının müəyyən edilməsi barədə iddia irəli sürsə də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə X2 14 dekabr 2020-ci il tarixdə vəfat etdiyi, iddiaçıların 18 yanvar 2021-ci il tarixdə notariat ofisinə ondan qalmış mirası qəbul etmələri barədə ərizə verdikləri müəyyən olunur. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1254-cü maddəsinə əsasən vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi iddiaçıların iddia ərizəsində göstərdiyi məsələlərin hər biri barədə ilk növbədə notariusa müraciət edilməlidir. Mirasın qəbul edilməsi barədə iddiaçılar notairusa müraciət etdiyindən ümumiyyətlə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə baxıla bilməz. Miras əmlakın müəyyən edilməsi, yəni mirasın siyahıya alınması üçün də notairusa müraciət olunmalıdır. Lakin iddiaçılar bu barədə notariusa müraciət etməmişdir. Miras əmlakın bölüşdürülməsi də ilk növbədə tərəflərin razılığı ilə notarius tərəfindən həyata keçirilir və yalnız tərəflər arasında ixtilaf olduqda notarius mirasın bölüşdürlməsindən imtina edərək tərəflərə məhkəməyə müraciət etmək hüququnu izah edir. Belə bir ixtilafın olması və notariusun mirasın bölüşdürülməsindən imtina etməsi isə təqdim edilmiş sənədlərdən müəyyən olunmur. Digər tərəfdən qeyd olunmalıdır ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müəyyən olunmuş müddət başa çatmamışdır. Buna görə də hazırkı vəziyyətdə mübahisənin məhkəmədən kənar həlli üçün qanunla nəzərdə tutulmuş qaydaya riayət olunmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mirasın qəbul edilməsi, miras əmlakın əhatə dairəsinin müəyyən edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar