Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2518/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyun 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum atasından qalan mülkün vərəsələr arasında bölünməsi barədə məhkəmədə iddia qaldırmaq istəyərkən, ona məlum olmuşdur ki mərhum atası X1 şəhəri, Kəpəz rayonu, 1-mik, 2 nömrəli binanın, 16 saylı mənzilini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Onun atası X4 ölən bir günə kimi onun himayəsində yaşamışdır. Atası qoca və xəstə olmaqla bərabər gözləri görməmiş, ağlı özündə olmamış, yaddaşı itmişdir. 11 iyun 2018-ci il tarixdə tərtib olunan vəsiyyətnamədə isə atası X3 əvəzinə İlham Hüseynov, Ceyhun İsmayılov və Tural Nəbizadə imza etmişdirlər. Qoca və savadsız olma vəsiyyətnaməyə imza etməyə mane olmur. Lakin, anlaqsız bir insanın özünə şahid tutmağı və yerindən imza etdirməsi şübhə doğurur, şahidlər qardaş və bacısının şahidləri ola bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdikləri əsassızdır. Belə ki, vəsiyyətnamənin tərtibi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Mərhum atası qoca və savadsız olduğu üçün onun əvəzinə vəsiyyətnamə başqa şəxs tərəfindən imza edilsə də, o tam anlaqlı olmuş, öz iradəsi ilə mənzili onlara vəsiyyət etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X10 İnventarlaşdırma bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, 1-ci mikrorayon, ev 2, 16 saylı mənzil şəxsi mülkiyyət hüququ əsasında X3 adına 07.04.2006-cı il tarixdə qeydə alınmış, reyestr kitabında 48 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X2 xüsusi mülkiyyətində olmuş və bu barədə 04.03.2017-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 şəhəri Kəpəz rayonu, 1-ci mikrorayon, ev 2, mənzil 16 ünvanda yerləşən mənzili Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə X2 qoca və savadsız olduğu üçün onun xahişi və iştirakı ilə X6 tərəfindən imza edilərək, Ceyhun İsmayılov və Tural Nəbizadənin şahidliyi ilə tərtib edilmiş, notarius tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.11.2020-ci il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbindən Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil 5/12 hissədə Cavabdeh1, 5/12 hissədə Cavabdeh2 və 2/12 hissədə X2 mülkiyyət hüququ ilə bağlı 02.07.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 2 nömrəli binada yerləşən 16 saylı mənzil iddiaçının atası X2 mülkiyyətində olmuşdur. İddiaçının atası sağlığında həmin mənzili övladları – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin tərtib edilməsi zamanı Bəhman Cəfərovun qoca və savadsız olması və imza edə bilməməsi səbəbindən, onun xahişi və iştirakı ilə onun əvəzinə iki nəfər şahidin yanında X6 tərəfindən vəsiyyətnamə imzalanmış, vəsiyyətnamənin mətni notarius tərəfindən ona oxunmuşdur. Bəhman Cəfərov vəfat etdikdən sonra, ondan miras qalmış, qeyd olunan mənzil üzərində 5/12 hissədə Cavabdeh2 və 5/12 hissədə Cavabdeh1 paylı mülkiyyət hüququ qeydə alınmış, 2/12 hissə isə mərhum Bəhman Cəfərovun adında qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2). Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində atası Bəhman Cəfərov tərəfindən miras əmlakın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etməsinə dair vəsiyyətnamənin tərtibi zamanı atasının ağlının özündə olmadığını, yaddaşının itməsini, vəsiyyətnamənin özü tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmasının şübhə doğurduğunu əsas gətirərək vəsiyyətnamənin etibarsız olduğunu qeyd etsə də, bununla bağlı subutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə Bəhman Cəfərovun özünün xahişi və istəyi ilə başqa şəxs tərəfindən imzalanmış, başqa şəxs tərəfindən imzalanmasının səbəbi - Bəhman Cəfərovun qoca və savadsız olması göstərilmiş, vəsiyyətnamənin mətni notarius tərəfindən Bəhman Cəfərova oxunulmuş və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək, notarius tərəfindən təsdiq olunmuşdur. X7 vəsiyyətnamədə öz əlyazması ilə kiril əlifbası ilə səliqəsiz şəkildə “Bəh Cəfərov” sözünü yazmışdır. Bu hallar onu deməyə əsas verir ki, vəsiyyətnamə Bəhman Cəfərovun iştirakı ilə tərtib edilmiş, vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş 11 iyun 2018-ci il tarixli vəsiyyətnamənin məzmunundan görünür ki, həmin vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən anlaqlı olmuş, vəsiyyətnamənin məzmunu və forması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, vəsiyyət edənin iradəsi ilə iradə ifadəsi bir-birinə uyğun olmuşdur. Beləliklə, məhkəmə iclasında həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 11 iyun 2018-ci il tarixli vəsiyyətnamə bir tərəfli əqd kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və həmin əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən, qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair verilmiş iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2518/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2518/2021
02.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver