Məhkəmə qərarları › İş №2(043)-2553/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2553/2021

08.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2553/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X14, Cavabdeh, vəkili X2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.11.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 2, 40 nömrəli mənzilə dair birinci növbəli vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mübahisəli mənzil ünvan 2, 40 saylı mənzil Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 215 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində X8 adma qeydə alınmış və çıxarış verilmişdir. Çıxarışla mülkiyyət hüquqları qeydə alınmış X20 iddiaçılar X3 və Həsənova (Qasımova) Rəna Bəhlul qızının doğma anasıdır. X20 23.11.2020-ci il tarixdə vəfat etmişdir. Onun mirası qəbul edəcək 5 övladı vardır. Onun vəfatından sonra onlar qanunla müəyyən edilmiş qaydada analarına məxsus miras əmlakın qəbul edilməsi üçün notariusa ərizə ilə müraciət etmişlər. Həmçinin, bu müddət ərzində cavabdeh mirasın qəbul edilməsi ilə bağlı notariusa ərizə ilə müraciət etmişdir. Digər iki vərəsə olan qardaşlarımız Maraqlı şəxs1 mirası qəbul etməsi ilə bağlı notariusa imtina ərizəsi vermiş, digər vərəsə Maraqlı şəxs2 Rusiya Federasiyasında yaşadığından miras əmlakın qəbul olunması ilə bağlı hər hansı hərəkət etməmişdir. Analarının vəfatından 6 ay keçdikdən sonra paylarının müəyyən edilməsi və bur dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Gəncə şəhər 3 saylı Notariat Ofisin müraciət etmişlər. Lakin tələblərinin təmin olunmasından Cavabdeh Bəhlı oğlunun mübahisə yaratması və digər vərəsələrin çağırışa gəlmədiyindən imtina olunmuşdur. Buna görə də notarius tərəfindən mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) X14 iddia ərizəsinin məzmununa uyğun izahat verib bildirmişdir ki, X6 miras qalmış əmlak yalnız iddiaçılar və Cavabdeh tərəfindən qəbul edilmişdir. Onların qardaşları Maraqlı şəxs1 və Maraqlı şəxs2 mirası ümumiyyətlə qəbul etməmişdir. Onların hər ikisinin mirasın açılmasından məlumatı olmuş, lakin vaxtında notariat kontoruna ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Cavabdeh miras açılan vaxt Rusiya Federasiyasında olsa da mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Əgər digər qardaşların da mirası qəbul etmək niyyətləri olsa idi, onlar da şəxsən və ya nümayəndə vasitəsilə mirası qəbul edərdilər. Buna görə də mirasın onu qəbul etmiş üç vərəsə arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum analarından miras qalmış mübahisəli mənzil 5 vərəsə arasında bölünməlidir. Vərəsələrdən- böyük bacısı 28 il, kiçik bacısı isə 18—19 ildir ki, sözügedən mənzildən çıxıb getmişdir. O, Rusiya Federasiyasında olduğundan anasının dəfnində iştirak edə bilməmiş, lakin mirası nümayəndəsi vasitəsilə notariusa ərizə verərək qəbul etmişdir. Bacılarının da notariusa mirasın qəbul edilməsi barədə ərizə verməsindən xəbəri olmamışdır. Qardaşlarından Maraqlı şəxs1 Bakı şəhərində, digər qardaşı Maraqlı şəxs2 isə Rusiya Federasiyasında yaşayır. Qardaşları birinci növbənin vərəsələri kimi mirasdan bərabər pay almalıdırlar. Buna görə də mirasın beş vərəsə arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 iddia tələbinə etiraz edərək təkcə iddiaçılar və cavabdehin deyil, onların qardaşlarının birinci növbə vərəsə kimi miras əmlaka dair payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 izahat verərək bildirmişdir ki, anası koronavirusa yoluxduğundan 23 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Təxminən eyni vaxtda özü də koronavirusa yoluxmuş və bir ay müalicə almışdır. Bu səbəbdən də mirası qəbul etməsi barədə ərizəni notariusa gec təqdim etmişdir. Bacılarının mirasın qəbuluna dair ərizə verməsindən məlumatı olmamışdır. Digər qardaşı Maraqlı şəxs2 da mirası qəbul etmiş, lakin bu barədə notariusa ərizə ilə müraciət etməmişdir. Buna görə də miras əmlaka beş vərəsənin bərabər paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinəyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı1 atası X15, anası X28 qızıdır. İş materiallarına əlavə edilmiş İİ-ЖГ seriyalı, 492850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 atası X15, anası X28 qızıdır. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı, 357430 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X16 arasında 14.04.2000-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 140165 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 23.11.2020-ci ildə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 148438 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 06.04.2009-cu ildə Gəncə şəhərində ölmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh 22.03.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Valideynləri- atası X15, anası X27 qızıdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət REyestrindən çıxarışdan görünür ki, ünvan 2, 40 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X12 məxsusdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu Sahib Nağıyev tərəfindən İddiaçı1 ünvanlanmış 16 iyun 2021-ci il tarixli 107 saylı məktubdan görünür ki, 1-ci dərəcəli vərəsələrin Gəncə şəhəri 3 saylı notariat ofisinə gəlmədikləri və aralarında ziddiyyət yarandığı səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə şəhəri 3 saylı Notariat ofisi tətəfindən məhkəməyə göndərilmiş vərəsəlik payının qəbulu ərizələrindən görünür ki, Cavabdeh 29 dekabr 2020-ci il tarixdə, İddiaçı1 27 yanvar 2021-ci il tarixdə, İddiaçı2 08 fevral 2021-ci il tarixdə, Maraqlı şəxs1 14 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət etmişlər. X29 Hüquqi Şəxsdən verilmiş sənəddən görünür ki, Maraqlı şəxs1 Covid-19, ikitərəfli pnevmoniya ağır gedişli xəstəlik diaqnozu ilə 18.11.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş, 22.12.2020-ci il tarixdə evə buraxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra üç ay müddətində notariat kontoruna ərizə vermək və ya miras əmlaka sahiblik və faktiki idarə etmək yolu ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. Mübahisəli mülkin sahibi mərhum X9 öldüyü vaxt birinci növbədən qanun üzrə beş vərəsəsi olmuşdur. Vərəsələrdən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh notariat kontoruna mirası qəbul etməsi barədə vaxtında ərizə vermişdir. Digər vərəsələrdən Maraqlı şəxs1 mirasın qəbulu üçün müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 14 iyun 2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə vermiş, Maraqlı şəxs2 isə ümumiyyətlə belə bir ərizə verməmişdir. Maraqlı şəxs1 ərizəni gec verməsinin səbəbinin xəstəliyi ilə bağlı müalicə alması olduğunu göstərsə də onun təqdim etdiyi sənəddən müalicəsinin 22.12.2020-ci il tarixdə başa çatdığı müəyyən edilir. Yəni ərizənin verilməsinə mane olan hal aradan qalxdıqdan sonra Maraqlı şəxs1 mirası qəbul etmək üçün iki ay vaxtı olmuşdur. Buna baxmayaraq Maraqlı şəxs1 həmin müddət ərzində notariusa müraciət etməmişdir. Eyni zamanda Maraqlı şəxs1 və Maraqlı şəxs2 X1 qalmış mirası faktiki qəbul edib əmlaka sahiblik və istifadə etmələrinə dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 miras qalmış, ünvan 2 ünvanda yerləşən 40 saylı mənzil onun mirası qəbul etmiş vərəsələri İddiaçı1, İddiaçı2 və Cavabdeh aralarında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış, ünvan 3 ünvanda yerləşən 40 saylı mənzilə mirası qəbul etmiş vərəsələr - İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinə 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar