Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2639/2021 10.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı «atalığın müəyyən edilməsi və aliment tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.01.2020-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi və Cavabdeh 06.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit məbləğdə hər ay 175 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə 06.01.2017-ci ildə el adəti ilə toyları olmuşdur. Onlar ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşdürlər. Onların nikahlarından 06.01.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Onlar ailə quran zaman cavabdehin səhnənkarlığımdan nikahlarını rəsmiləşdirməmişdirlər. Cavabdehlə birgə yaşadıqları müddətdən toy şəkilləri var. Birgə münasibətlərindən olan X2 atalığı müəyyən edilməmişdir. Cavabdeh qeydiyyat şöbəsinə gəlmədiyi üçün 31 may 2020-ci il tarixdə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri onun ərizəsinə əsasən yazılmışdır. Cavabdehlə ailə münasibətləri baş tutmadıqdan faktiki olaraq ayrılmışdırlar. Hal-hazırda X4 iddiaçının yanındadır. Öz atası onlara köməklik göstərsə də, maddi imkanı çox aşağı olduğundan övladının tələbatlarını ödəmək mümkün olmur. Cavabdeh uşağının saxlanmasında bir valideyn kimi heç bir maddi və mənəvi kömək göstəmir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 ərizə təqdim edərək iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, 06.01.2020-ci il təvəllüdlü X2 atası Cavabdehdur və cavabdehin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat aliment ödəməyə imkanı vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.01.2020-ci il tarixdə doğulmuş X2 anası İddiaçı olmaqla, ata qrafasında X5 qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh tərəfindən nümayəndəsinə verilmiş etibarnamədə iddianı etiraf etmək səlahiyyəti ona verilmişdir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin təqdim etdiyi etiraf ərizəsinə əsasən hesab edir ki, X2 atasının Cavabdeh olması müəyyən edilməlidir. İddiaçının aliment tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə araşdırması zamanı tərəflərin arasında alimentin ödənilməsi barədə sazişin olmadığı, o cümlədən cavabdehin uşağın saxlanmasında iştirak etmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin qazancı və digər gəlirlərinin miqdarı barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə uşağın əvvəlki təminatının maksimal saxlanması və ölkə üzrə yaşayış minimumu meyarlarından çıxış edərək sabit pul məbləği ilə ağlabatan miqdarda alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq cavabdehdən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 150 manat aliment tutulmasını və alimentin tutulmasının əvvəlinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin məhkəməyə verildiyi 05 iyul 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06.01.2020-ci il tarixdə Gəncə şəhərində İddiaçı doğulmuş X2 atası olması müəyyən edilsin. 06.01.2020ciil tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 05 iyul 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2639/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2639/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver