Məhkəmə qərarları › İş №2(043)-2668/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2668/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2668/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın atalıq faktının müəyyən olunması və aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 atası olması faktının tanınması və onun saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixində el adəti ilə ailə qurublar. Qeyri rəsmi nikahdan xx xxxxxxxx 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə 2019-cu ilin iyun ayından etibarən faktiki olaraq ayrılmışlar. Fatimə dünyaya gəldikdən sonra Gəncə şəhər ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində doğum haqqında şəhadətnaməsi verilib. Ancaq Cavabdeh ilə rəsmi nikahları olmadığına görə şəhadətnamənin ata qrafasında iddiaçının soyadı qeyd olunmuşdur. Bununla əlaqədar uşağın doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası Cavabdeh adının yazılması müəyyən edilməklə müvafiq şahadətnamənin alınması və alimentin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verib, ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirib, X2 atası olduğunu etiraf edərək, saxlanılması üçün hər ay 80 manat məbləğində aliment ödəməyə razı olduğunu qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli AZ-İV seriyalı 457838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxxx 2018-ci ildə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2377 nömrə ilə qeyd aparılmış, valideynlər qrafasında atası X4, anası İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin uşağın atası olmasına dair tələbi etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, aliment tələbi birmənalı olaraq təmin olunmalıdır. Çünki İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar və birgə yaşadıqları müddətdə X3 anadan olmuşdur. Cavabdeh etiraf edərək Fatimənin atası olduğunu bildirmişdir. Bu səbəbdən də onların saxlanması və təminatı həmin valideynlərin vəzifəsidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim edə bilmir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, ”Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını 170 manat həddində müəyyən etmək istəyir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar