Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2724/2021 29.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi qismində tərəfindən ona 1500 manat məbləğində pulun onun xeyrinə ödənilməsini, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 1 mərtəbəli, 52.4 kv.metr 3 yaşayış otağı və 40.4 kv.m. köməkçi sahəsi olan 1 xidməti otağı, 1 mətbəxli fərdi evi anası X3 tərəfindən Gəncə şəhər 1 saylı NK-un 30.09.2016-cı il tarixli 4Ə-140 nömrəli bağışlama müqaviləsi ilə ona və bacısı X4 bağışlamışdır. Həmin fərdi evin xüsusi mülkiyyətdə olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin HDQHDƏDR-dən 08.11.2016-cı il tarixli Seriya RX №-li Çıxarış və Fərdi yaşayış evinin Texniki Pasportunu da almışlar. Cavabdeh isə onlara məxsus evin arxa hissəsində Gəncə şəhəri Kəpəz rayonu Şədadilər küçəsi, ev 91 -də yaşayır və onlara məxsus 1 mərtəbəli fərdi evin axa hissəsində evə bitişik toıpaq sahəsində qanunsuz sanitar qovşağı, hamam tikmiş və dəfələrlə onun evinin 2 yaşayış otağına çirkab su axıdıblar. Cavabdeh birinci dəfə 2017-ci ildə evin 2 yaşayış otağına su axıdıb, onlara maddi ziyan vurmuşdur. Həmin vaxt qonşu olduqları üçün şikayət etməmiş, lakin ona xəbərdarlıq etmişlər. Həmin ildə evin iki otağı usta çağırıb təmir etdirmişlər. Ustaya əl haqqı verməklə evin otaqların təmirinə 2000 manat pul xərcləmişlər. Sonuncu dəfə Cavabdeh evin arxa hissəsindən 2 yataq otağına su axıdılmasını Bakı şəhərindən gələndə müəyyən etmişlər və bununla əlaqədar Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisinə və 147 saylı üçlər birliyinə şikayət etmişlər. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisinə və 147 saylı üçlər birliyinin sədri gəlib evin 2 yataq otaqlarına baxaraq 19.05.2021 -ci il tarixdə akt tərtib etmişlər və həmin aktda Cavabdeh evinin həyətində qanunsuz tikdirdiyi sanitaq qovşağından və hamamdan çirkab su axıdılması və onların evi iki otağının yararsız hala düşməklə onlara maddi ziyan vurulduğu təsdiq etdilər. Lakin, bu günə kimi su sızması davam edir. Belə ki, Cavabdeh tərəfindən qanunsuz inşa etdirdiyi sanitar qovşağından və hamamdan axan çirkab sular 2 yaşayış otağına su axıdıb otağının sağ divarlarının tamamilə nəmləşdirilməsi üzərindəki, oboyların tamam qopası, divarların üst qatları nəmişlənərək qalxmaqla, son nəticədə 1500 manat dəyərində maddi ziyan vurmuşdur. Bunu onlar evə təmir ustası dəvət edib baxdırıqda ustanın əl haqqı ilə təmirinə 1500 manat pul xərclənəcəyini bildirmişdir. Cavabdeh tərəfindən qanunsuz inşa etdirdiyi sanitar qovşağının və hamamın sökülməsi ilə əlaqədar Gəncə şər İcra Hakimiyyəti Başçısının müavini və təsərrüfat işləri üzrə şöbəsinin müdrinin və eləcə də memarlıq şöbəsinin qəbulunda olsalar da bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirdi ki, zərərin vurulduğu ev hazırda onun qızlarının paylı mülkiyyətindədir. Daha əvvəl isə özünün mülkiyyətində olmuşdur. Həmin ev 1970-ci illərdə əldə etmişlər. Evin arxa tərəfindən hansı tikililərin olmasından məlumatı olmamışdır. Cavabdehə məxsus tikililərin nə vaxt inşa edilməsi, onların evindən əvvəl və ya sonra inşa edilməsi barədə məlumatı yoxdur. Əvvəllər həmin tikililərdən su sızması olmadığı üçün bununla maraqlanmamışdır. Hazırda həmin tikililərdən onların evinə su sızdığı üçün cavabdehə müraciət etsə də cavabdeh zərəri ödəməkdən və pozuntunun qarşısını almaqda boyun qaçırır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyest Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aidə İmanquliyeva küçəsi 4-cü döngə ev 29A paylı mülkiyyət hüququ əsasında İddiaçı və X4 məxsusdur. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 10/4372 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik vəziyyətdə inşa olunmuş sanitar qovşağının inşa olunmasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, sanitar qovşağının inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçıa məxsus olan , ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1027 məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi ilə cavabdehə məxsus olan və sanitar qovşağı kimi istifadə edilən tikililər bitişikdir. Lakin həmin tikililərin nə vaxt inşa edildiyini, o cümlədən iddiaçı və cavabdehə məxsus tikililərdən hansının daha əvvəl inşa edildiyini müəyyən etmək mümkün deyildir. Cavabdehin istifadəsində olan tikililərdən su sızması nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə zərər dəymiş və həmin zərərin həcmi 1027 manat təşkil edir. İddiaçı evinə dəymiş zərərin əvəzinin ödənilməsini, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını və cavabdehə məxsus sanitar qovşağı kimi istifadə edilən tikililərin sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə irəli sürülmüş tələblərlə bağlı qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan evə vurulmuş zərər cavabdehin öz istifadəsində olan tikililərdən su sızmasının qarşısının alınması üçün zəruri tədbirləri görməməsinin nəticəsində yarandığından təqsirli və hüquqazidd əməl hesab olunur və bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyini yaradır. İddiaçı vurulmuş zərərin həcminin ekspert rəyində göstəriləndən artıq olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddiaçıya məxsus fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi kimi cavabdehdən 1027 manat pul tutulmalıdır. İddiaçının ikinci tələbi cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasıdır. İddiaçı həmin tələbi ilə cavabdehin tikililərindən ona məxsus evə su sızmasının qarşısının alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, baş vermiş mülki hüquq pozuntusu davamlı xarakter daşıyır və həmin pozuntunun qarşısının alınmaması iddiaçının evinə təkrarən maddi zərərin vurulması ilə nəticələnə və nəticədə mülkiyyətçinin hüquqları yenidən pozula bilər. Buna görə də məhkəmə həmin hissədə iddianı əsaslı hesab edir və qeyd edir ki, mülki hüquq pozuntusunun törədilməsinin qarşısının alınması məqsədilə cavabdehə məxsus tikililərdən iddiaçıya məxsus evə su sızmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının üçüncü tələbi cavabdehə məxsus tikililərin sökülməsi tələbidir. Məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı həmin tikililərdən su sızmasına görə tikililərin sökülməsini tələb edir. Lakin həmin tikililərin özü bilavasitə iddiaçının mülkiyyət hüququnu pozmur. Yəni, tikililərin mövcudluğu özlüyündə iddiaçıya hər hansı ziyan vurulmasına gətirib çıxarmır. Yalnız tikililərdə olan su və kanalizasiya xətlərindən su sızması iddiaçıya ziyan vurur ki, ikinci tələbin təmin edilməsi ilə iddiaçının nail olmaq istədiyi məqsəd təmin edilir. Bu baxımdan iddiaçının həmin tikililərin sökülməsini də tələb etməsi üçün əsas müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 20 manat hissəsinin və ekspertiza xərcinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 1027 (min iyirmi yeddi) manat və dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq, İddiaçı ödənilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Aidə İmanquliyeva küçəsi 4-cü döngədə yerləşən 29A saylı fərdi yaşayış evinin divarına bitişik olan, Cavabdeh məxsus olan tikililərdən iddiaçıya məxsus evə su sızmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2724/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2724/2021
29.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver