Məhkəmə qərarları › İş №2(043)-2896/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2896/2020

27.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2896/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X24, Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X24, Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2018-ci il tarixdə X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, cavabdeh X25 ilə digər Cavabdeh2 arasında olan ünvan 1 döngə, 8 saylı ünvanda yerləşən mülkə dair 3 saylı notariat kontorunda aparılmış aiqı- satqı müqaviləsinin və 3 saylı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 1 döngə 8 №-li ev onların bibiləri, ataları X16 bacısı X11 məxsus olmuşdur. Gəncə şəhəri 1 saylı notariat kontorundan verilmiş xx.xx.2018-ci il tarixli 2V-210 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu əmlak digər bibiləri X13 adına keçmişdir. Bibilərinin adına olan əmlak digər bibilərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən keçərkən ataları X17 vərəsəsi kimi onların hüquqları kobud şəkildə pozulmuşdur. Ataları xx.xx.2007-ci ildə vəfat etmişdir. Ataları vəfat edəndən onlar hal-hazıra kim miras mülkdə yaşayıb mirası vərəsəlik açılarkən mirası qəbul etmişdirlər. Ancaq vərəsəlik şəhadətnaməsi verilərkən Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onlar iddiaçılar atalarının bacısı olan X6 ikinci növbə vərəsə kimi atalarına çatan miras paydan ataları sağ olmadığı üçün pay almaq hüququları vərəsəlik şəhadətnaməsi verilərkən kobud şəkildə pozulmuşdur. Miras mülkə bağlı cavabdeh X24 miras əmlakdan 1/1 hissədə pay almışdır. Bu şəhadətnamə verilərkən mərhum X6 vərəsələrinin dairəsi müəyyən edilmədən mərhumun 2-ci növbə vərəsəsi kimi mərhum atalarına miras əmlakdan düşən paya olan onların hüquqları kobud şəkildə pozulmuşdur. Məhz bu qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 döngə 8 saylı fərdi yaşayış evi cavabdeh X12 adına keçmiş o da bu əsasda mülkü digər cavadeh Cavabdeh2 satılmışdır. Ona görə də məhkəmə qaydası ilə 1 saylı notariat kontorunda X6 adına olan Gəncə şəhəri, Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı ünvanda yerləşən mülkə dair cavabdeh X14 adına verilmiş xx xxxxxx 2019-cu il tarixli 2V-210 N reyestr qanun üzrə vərəslik şəhadətnaməsinin bunun əsasında mülküm X13 adından digər Cavabdeh2 qınına satılmasına dair 3 saylı notariat kontorunda xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və mülkə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli mülk əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə cavabdeh X24 onun doğma bibisidir, digər Cavabdeh2 ümüumiyyətlə tanımır. O, doğulduğu gündən mübahisəli evdə yaşamışdır. Əvəllər mübahisəli ev iki hissəyə bölünmüşdür və hazırda həmin torpaq sahəsində iki ev mövcuddur. Evlərdən biri babasının, digəri isə babasının anasının adına qeydə alınmışdır. Sözügedən evi o X30 şifahi razılığa əsasən 3800 manata satmışdır. A.Kərimov isə evin pulunun hissə-hissə vermişdir. O evi satmamışdan iki ay öncə Rafiq adında şəxs evə köçmüşdür. Belə ki, həmin ərəfədə evi Rafiqə 8000-10000 arası satmaq fikrində olmuşdur. Lakin sonradan X37 evi 3800 manata ona satmağını təklif etmişdir. O A.Kərimovun bu təklifi ilə razılaşaraq evi ona satmışdır. Evind sənədləşmə işlərini isə Arzu Kərimov özü aparmışdır. Hazırda isə iddia ilə məhkəməyə müraciət etməyinin səbəbi evin həmin qiymətə satılmasında bacısı İddiaçı1 etirazının olmasıdır. Bacısı uzun illər öncə ailə quraraq Samux rayonunun Sərkar kəndinə köçmüşdür. Həmin ünvanda yerləşən digər evdə özü yaşayır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) X27 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahat verib bildirmişdir ki, mübahisəli evin bütün sənədləşdirmə işləri ilə qaynatası X37 məşğul olmuşdur. O mübahisəli evi alan ərəfədə İddiaçı2 qaynatası A.Kərimovdan xahiş etmişdir ki, evin sənədləri qaydasına düşənə kimi evdə kirayədə yaşayan Rafiq adında şəxsin orada qalmağını xahiş etmişdir. Onlar da buna razı olmuşdurlar. Lakin sənədləşdirmə işi bitdikdən sonra Rafiq evdən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən də o məcburiyyət qarşısında qalıb Rafiqi evdən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iddiası təmin edilmiş, cavabdeh həmin qətnamədən şikayət vermişdir. Hazırda da həmin məsələ ilə bağlı məhkəmədə iş gedir. Hesab edir ki, o qanunun tələblərinə uyğun olaraq mülkiyyət əldə etmişdir və mülkiyyət hüququnun təsdiq edən sənəd, yəni çıxarış DƏDRX-in 3 saylı Ərazi İdarəsindən onun adına verilmişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X24 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhər 1 saylı notariat ofisinin və Gəncə şəhər 2 saylı notariat ofisinin nümayəndəsi hər hansı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı məhkəmənin əvəllki iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X22 izahatında göstərmişdir ki, Cavabdeh2 mübahisəli evin hazırki mülkiyyətçi olmaqla, onun qanunvericilikdə nəzərdə tutulan daşınmaz əmlak üzərində mövcud olan hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Sənədləşdirmə işləri isə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanuna uyğun olaraq aparılmışdır. Buna görə də, iddia tələbi əsassız olmaqla, çıxarışın ləğv edilməsinə və mülkün əvvəlki vəziyyətinə qaytarılmasına zərurət yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Babaşov Rafiq Əli oğlu bildirmişdir ki, 2017-ci ilin avqust ayından o mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Sözügüdən ev 3 otaq, 1 şüşəbənddən ibarətdir. X7 evi başqa evdir. Evlər bir torpaqda yerləşsələr də, sonradan iki hissəyə bölünmüşdür. Hazırda torpaq sahəsində iki ev mövcuddur. Sözügedən evə onu iş üzrə İddiaçı2 kirayəçi kimi yerləşdirmişdir. İddiaçı2lə isə danışıqları və razılaşmaları belə olmuşdur ki, o evdə yaşamağa görə həm kirayə haqqı ödəsin, həmdə evdə yaşaya-yaşaya evin pulunu hissə-hissə ödəsin, sonda isə ev onun mülkiyyətinə verilsin. Bundan sonra 6 ay o İddiaçı2 kirayə haqqı ödəmişdir. Verdiyi pulun əsasında X24 və İddiaçı2 evi onun istifadəsinə vermişdilər, lakin heç bir sənədləşmə işləri aparılmamışdır. Evin bütün komunal xərclərini o ödəmişdir. Hətta qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə onun oğlu X38 ilə “Azəriqaz” İstehsalat Birliyi ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X37 bildirmişdir ki, tanışları ona demişdilər ki, ucuz qiymətə ev satılır. Bundan sonra o gedib hazırki mübahisəli evə baxmışdır. Ev çox pis və yararsız vəziyyətdə olmuş və əsaslı təmirə ehtiyacı olmuşdur. Ev ucuz qiymətə satıldığı üçün evin sahibi, hazırda iş üzrə İddiaçı2 tapmışdır. İddiaçı2 evin sənədlərinin başqa bir şəxsdə olduğunu və evin sənədlərini qaytarılması üçün 1000 manat pulun həmin şəxsə vermək lazım olduğunu bildirmişdir. O ilk olaraq 1000 manat sonradan isə 2800 manat olmaqla ümumilikdə 3800 manat müqabilində həmin evi almışdır. İddiaçı2 özü şəxsən ona evi satmaqla bağlı razılıq vermiş, zəruri sənədləri və öz adından etibarnaməni ona təqdim etmiş, özü də sənədləşmə işlərinin rahat olması üçün bibisi X13 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almağı təklif etmişdir. O da sənədləşdirmə işlərinin başa çatdırdıqdan sonra evi gəlini Cavabdeh2in adına qeydiyyata aldırmışdır. Bundan sonra isə İddiaçı2 Rafiq adlı şəxsi orada yerləşdirmiş, evi onun gəlininin sahibliyinə və istifadəsinə verməkdən imtina etmişdir. İddiaçı1 isə heç vaxt görməmiş, tanımamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DƏDRX-in 3 saylı X43 şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Kirovabad şəhəri, Dəmiryolu küçəsi, 1-ci döngə, 10 saylı fərdi yaşayış evinin yerləşdiyi 360.0 m2 torpaq sahəsinə dair X15 və X10 adlarına xx.xx.1953-cü il tarixli torpaq qeydi işlənmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1953-cü il tarixli 136-30986 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X15 adından X8 adına keçmişdir. Bundan sonra bu əmlak iki hissəyə bölünmüşdür. Tikili “A”-da 16,0, 19,7 m2 yaşayış otağı, 18,4 m2 köməkçi sahə X15 adında qalmışdır (Dəmiryolu küçəsi, 1-ci döngə, 8), tikili “A”-da 18,0 m2, 10,5 m2 iki yaşayış otağı, 17,2 m2 xöməkçi sahə, tikili “B”-də 26 m2 iki yaşayış otağı, 32,9 m2 köməkçi sahə X8 (Dəmiryolu küçəsi, 1-ci döngə, 10) adında olmuşdur. Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli 10-2k-1366 saylı alqı-satqı müqaviləsinə əsasən Dəmiryolu küçəsi, 1-ci döngə, 10 saylı fərdi yaşayış evi İddiaçı2 Abduləli oğluna satılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-2119/2014 saylı qətnaməsi və icra vərəqəsinə əsasən X1 Əli Abduləli oğlunun qanun üzrə vərəsəsi tanınmış, İddiaçı2 Abduləli oğlunun adına olan və hal-hazırda ünvanı Azərbaycan küçəsi, 1-ci döngə, 8 olan ünvanda 240.0 m2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26,7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tikililərə X6 mülkiyyət hüququ tanınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnamə və icra vərəqəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Aərbaycan küçəsi, 1-ci döngə, 8 saylı ünvanda 240.0 m2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26.7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tikililərə X6 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. X11 xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 2V-210 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə bu əmlak X13 adına keçmişdir. Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-177 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh2 satılmışdır. Alıcıya xx.xx.2019- cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X2 adına olan hissəsi (onunda ünvanı Azərbaycan küçəsi, 1-ci döngə, 8-dir) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan ölüm haqqında arayışın surətindən görünür ki, X28 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(044)-2119/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, X19 xx xxxxxx 1958-ci il tarixdə vəfat etmiş İddiaçı2 Abduləli oğlunun qanun üzrə vərəsinin tanınması və Gəncə şəhəri, Azərbaycan küçəsi, 1-ci döngə, 8 olan ünvanda 240.0 m2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26,7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tikililərə X7 mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsinin surəindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. xx xxxxxx 1958-ci il tarixdə vəfat etmiş İddiaçı2 Abduləli oğlundan miras qalmış Gəncə şəhəri, Aərbaycan küçəsi, 1-ci döngə, 8 saylı ünvanda yerləşən 240.0 m2 torpaq sahəsində olan- 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqlarından, 26.7 m2 örtülü eyvandan, 9,7 m2 ibarət mətbəxdən, 6,4 m2 və 17,8 m2 dəhlizdən, 8,9 m2 açıq eyvandan ibarət tikililərə və 240 m2 torpaq sahəsi X6 mülkiyyət hüququ tanınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(102)-4277/2015 saylı qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 1795-ci il tarxidə anadan olmuş İddiaçı2 atası X28, anası X4r. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 1978-ci il tarxidə anadan olmuş X9 atası X28, anası X4r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən məlum olur ki, X19 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. İş materialına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngədə yerləşən 8 nömrəli ev X7 miras əmlakı qismində X20 verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngədə yerləşən 8 nömrəli evi X13 adından etibarnamə əsasında çıxış edən X26 almışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər), həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları vərəsə hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərabyacan küçəsi, 1-ci döngə 8 saylı fərdi yaşayış evi mərhum iddiaçıların bibiləri X7 mülkiyyətində olmuş, X7 xx xxxxxx 2016-cı il tarixdə vəfatı ilə miras açılmışdır. Onun vəfatından sonra birinci növbədən vərəsəsi olmadığından ikinci növbənin vərəsələrindən bacısı X24 mirası qəbul etmişdir. Hazırkı iş üzrə iddiaçılar mirası özlərinin də qəbul etdiyini, bibilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasdan paylarının verilmədiyini bildirirlər. İddiaçılardan İddiaçı1 mirası nə notariat orqanında ərizə verməklə, nə də faktiki olaraq qəbul etməsinə dair heç bir sübut təqdim etməmişdir. Əksinə digər İddiaçı2 də izahatından göründüyü kimi İddiaçı1 mirasın açılmasından xeyli əvvəl ailə quraraq başqa yerə köçmüşdür və miras açıldıqdan sonra da mirasa sahiblik etdiyinə dair heç bir sübut yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Lakin, göründüyü kimi iddiaçı cavabdehin mirasın qəbulundan imtina etməsindən 5 ildən artıq vaxt keçdikdən sonra mübahisə açmışdır ki, bunula da qanunvericilikdə müəyyən edilmiş müddəti də ötürmüşdür. İddiaçılardan İddiaçı2 mirası faktiki olaraq qəbul etdiyini həmin evlə bir həyətdə yerləşən digər evdə yaşaması ilə əsaslandırmışdır. Məhkəmə əvvəlcə qeyd edir ki, ilk növbədə İddiaçı2 mirasın açıldığı xx xxxxxx 2016-cı il tarixdən etibarən mirasın qəbulu üçün müəyyən edilmiş altı ay müddət ərzində miras əmlaka faktiki sahiblik və idarə etməyə başladığını təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı2 miras əmlakla bağlı şahidlər X37 ilə və Babaşov Rafiq Əli oğlu ilə sövdələşməsi mirasın açılmasından bir ildən artıq müddət keçdikdən sonra baş vermişdir. Bununla belə hətta mirasın İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş olduğunu fərz etsək də yenə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, İddiaçı2 öz izahatından da göründüyü kimi mübahisəli evin Cavabdeh2 satılması üçün bibisi X13 adına sənədləşdirilməsi ilə bağlı onun öz razılığı olmuş, bu məqsədlə zəruri sənədləri və etibarnaməni X30 vermiş, X26 buna görə pul almışdır. Hazırda İddiaçı2 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin mübahisələndirilməsi hüquqdan sui-istifadə deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.3-cü və 560.3.4-cü maddələrinə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadəyə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının özünün səbəb olduğu hüquqi vəziyyətin qanunsuzluğunu mübahisələndirməsi hüquqdan sui-istifadə hesab edildiyi üçün onun iddiası təmin edilə bilməz. Həmçinin, məhkəmə araşdırması zamanı X24 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız əqd olması ilə bağlı iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırkı iddia üzrə əqdin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tələbi irəli sürülsə də həmin tələblər yalnız digər tələbə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbinə söykənmişdir. Əqdin etibarsızlığı üçün heç bir əsas məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Cavabdeh2 hüquqları həm də daşınmaz əmlakın dövlət reyestrinin tamamlığı və həqiqiliyi prezumpsiyasına əsasən müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Cavabdeh2 daşınmaz əmlakın dövlət ryrestrində X13 adına mülkiyyət hüququ ilə qeydə alınmış əmlakı reyestrdəki qeydə heç bir etiraz olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna görə də onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X20 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar