Məhkəmə qərarları › İş №2(043)-294/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-294/2022

01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-294/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 08.08.2008-ci il tarixli 403 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları 08.08.2008-ci il tarixli 403 saylı akt qeydi ilə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından övladları dünyaya gəlməmişdir. Ailə həyatı qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti dəyişməyə başlamışdır. Tez-tez aralarında sözsöhbət olmuşdur. Son zamanlar isə münasibətləri daha da dözülməz olmuşdur. Bu səbəbdən də ayrılmaq qərarına gəlmişlər. Artıq xeyli müddətdir ki, ayrı yaşayırlar. Nikahları formal xarakter daşıyır. Bu səbəbdən ayrılmaq qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmuna uyğun izahat verərək, tərəflər arasında bağlanmış nikahın pozulması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, izahatında iddianı qəbul etdiyini, iddiaçı ilə aralarında bağlanmış nikahın barışmaq üçün vaxt verilmədən pozulmasına razı olduğunu bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08.08.2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 403 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, İddiaçı nikahın pozulmasına dair Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Cavabdeh nikahın pozulması üçün Qeydiyyat şöbəsinə gəlmədiyindən, nikahın pozulmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, tərəflərin birgə nikahından uşaqları doğulmamışdır. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də, məhkəmədən tərəflər nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, tərəflərin nikahları pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 08.08.2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 403 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar