Məhkəmə qərarları › İş №2(043)-3019/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3019/2021

09.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3019/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 iclas katibliyi, İddiaçı Fərhad qızının və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Fərhad qızının cavabdehlər 7 saylı Dövlət Notariat Konturuna, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Cavabdeh3 Fərhad oğluna qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Fərhad qızının cavabdehlər 7 saylı Dövlət Notariat Konturuna, ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Cavabdeh3 Fərhad oğluna qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış hazırki Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən miras qalmış və onun tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş mənzilə onun qanun üzrə vərəsəlik hüququnun tanınmasına, 20 may 2002-ci il tarixli, 2V-1-43 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Fərhad qızının nümayəndəsi (vəkili) Vəkil iddianı dəqiqləşdirməsi barədə ərizə verərək iddiaçının mərhum atası X2 miras qalmış hazırki Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən miras qalmış və iddiaçı tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş mənzilə iddiaçının qanun üzrə varis olaraq vərəsəlik hüququnun tanınmasına, 20 may 2002-ci il tarixli, 2V-1-43 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və mülkiyyət hüququ üzrə 25.02002-ci il tarixli, 14797 nömrəli Qeydiyyat vəsiqəsinin-dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzil mərhum atası X2 ona miras qalmışdır. Həmin mənzili miras olaraq o, qəbul etmişdir. Cavabdeh3 Fərhad oğlu bu mənzili miras olaraq qəbul etməmişdir. Həmin mənzildə o, qeydiyyatda olmaqla yaşayır, lakin cavabdeh qardaşı Cavabdeh3 Fərhad oğlu 1980-ci il tarixdə hərbi xidmətə yollanmış, sonra Rusiyada qalmış və orada yaşamış, hal- hazırda orada yaşayır. Qardaşının ünvanı barədə heç bir məlumatı yoxdur və Rusiya vətəndaşıdır. Qardaşının Azərbaycanda heç vaxt pasport qeydiyyatı olmamışdır. Bunu vərəsəlik işində qeydiyyatdan da görmək olar. Vərəsəlik işi ilə bağlı Dövlət sərhəd nəzarət xidmətinin verdiyi arayışdan da görünür ki, 2002-ci ildə qardaşı Azərbaycanda olmamışdır. Belə olan halda qardaşının notariat orqanına ərizə təqdim etməsi mümkün deyildi. Göründüyü kimi saxta yolla vərəsəlik işi açılmış, notariat orqanı işi qanunsuz olaraq aparmışdır. Notariat orqanı heç vaxt 2002-ci ildə köhnə sovet pasportu ilə əməliyyat apara bilməzdi. Bu əməliyyatlar yalnız vətəndaşın şəxsiyyət vəsiqəsi ilə aparıla bilərdi ki, bu iş materialları ilə təkzib edilir. Qardaşı ümumiyyətlə atasının miras qalmış mənzilini qəbul etməmiş, həmin evdə o yaşamışdır. Varis olaraq mirası o atasının ölümündən sonra qəbul etmişdir. Bunu iddia ərizəsinə əlavə etdiyi sənəd və arayışlar təsdiq edir. Həmçinin 2002-ci ildən atasının vəfatından sonra bütün kirayə haqqını və borcunu o ödəmiş və hazırda da ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərhad qızı iddia tələbinin dəlillərinə uyğun izahat verib izahatında göstərdi ki, ata və anasının sağlığında 1990-cı ildə ərə getmiş və Rusiya Federasiyasında yaşamışdır. Onun bacısı olmamış, yalnız bir qardaşı olmuş, qardaşı Arzu da Rusiya Federasiyasında yaşamışdır. Anası Qənirə 2000-ci ildə vəfat etmiş, atası Fərhad isə 2001-ci ildə vəfat etmişdir. Valideynləri vəfat edikdən sonra miras qalmış ev neçə illər boş qalmış, yaşayış olmamışdır. O, 2006-cı ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış, həmin vaxt atasından miras qalmış ev boş olmuş, 2006-cı ilin noyabr ayından atasından miras qalmış Gəncə şəhəri, ünvan 1 ünvanına köçərək yaşayır. O atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin qardaşı həmin evdə yaşamamış, hazırda da yaşamır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərhad qızının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 Fərhad oğlunun qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, həmin ünvanda bildiriş çatdırılmamış, geri qaytarılmışdır. Gəncə şəhəri Kəpəz rayonu İcra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20.04.2021-ci il tarixli 39 nömrəli məktubundan görünür ki, vətəndaş Şahmalıyev X29 şəhəri Kəpəz rayonu M.Hüseynov küçəsi ev 5 mənzil 23 ünvanında yaşamadığından və harda yaşadığı barədə məlumat olmadığından bildirişi çatdırmaq mümkün olmamışdır. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna məlumat verilsə də və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə məlumat verilsə də nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə də mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını, şahidləri dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, İddiaçı Fərhad qızı onun xalası qızıdır. Xalasının iki uşağı olmuş, həmin uşaqlardan biri Gülnarə, o birisi isə Arzu olmuşdur. X1 2000-ci il tarixdə vəfat etmişdir. Xalası vəfat etdikdən sonra həmin evdə xalasının əri X10 tək yaşamışdır. O, xalası oğlu Arzunu atası Fərhad Şahmalıyevin dəfnində 2001-ci ildə görmüş, lakin Arzunun həmin evdə yaşamasını görməmişdir. Gülnarə isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış və 2006-cı ildən həmin evdə yaşayır. 2001-ci ildən, yəni Fərhad Şahmalıyev vəfat etdikdən 2006-cı ilədək həmin evdə heç kim yaşamamış, ev boş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o evdar qadın olmaqla Gülnarə ilə qonşuluqda fərdi yaşayış evində yaşayır. Ailəvi olaraq hər iki ailə bir-birinə gediş gəlişi var. Gülnarənin iki oğlu bir qızı var. Gülnarənin özü isə bir bacı bir qardaşdılar. Gülnarənin atası vəfat etdikdən 4-5 il sonra Gülnarə gəlib atasının evində yaşamağa başlamışdır. O, Arzunu atası Fərhad Şahmalıyevin dəfnində görmüş, daha sonra onu görməmiş, Arzunu həmin evdə yaşamasını görməmişdir. Hazırda həmin evdə Gülnarə uşaqları ilə birlikdə yaşayır. Gülnarənin əri isə həmin evdə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Gülnarənin qonşusudur. Bina evində birinci mərtəbədə yaşayır. İddiaçı Gülnarə ilə birlikdə böyümüşlər. Arzunu da tanıyır. Gülnarənin anası vəfat edəndə atası Fərhad Şahmalıyev evdə tək yaşayıb. 2001-ci ildə Fərhad Şahmalıyev vəfat etmiş, oğlu Arzu atasının yas mərasiminə gəlmiş, sonra çıxıb getmişdir. Həmin vaxtdan sonra Arzunu evə gəlibgetməsini görməmiş, Arzu həmin evdə yaşamamışdır. Təxminən 2006-cı ildə Gülnarə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış və hal-hazıradək həmin evdə Gülnarə uşaqları ilə birlikdə yaşayır. Gülnarənin əri isə həmin evdə yaşamır. İş materiallarına əlavə edilmiş 09.11.1961-ci il tarixli 274061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X17 arasında 09.11.1961-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1094 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada Şahmalıyev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ ******* nömrəli 11.09.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Fərhad oğlu 29.08.1968-ci ildə doğulmuşdur. Ata qrafasında X10, ana qrafasında X8 yazılmışdır. İş materiallarına əlavə edilmiş AZ-T 157874 nömrəli 08.06.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1966-cı ildə doğulmuşdur. Ata qrafasında X10, ana qrafasında X8 yazılmışdır. İş materiallarına əlavə edilmiş 14797 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Kəpəz rayonu XDC İcrayyə Komitəsinin 16 nömrəli 11.11.1987-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Uşinski küçəsində yerləşən sahəsi 33,8 kvm iki otaqlı olan bina 5 mənzil 23 X4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 16.05.2002-ci il atrixli 856 saylı Forma 1 arayışından görünür ki, sahibkar Cavabdeh3 Fərhad oğluna vərəsəliyin rəsmiləşdirilməsi üçün dövlət notariat kontoruna təqdim etməkdən ötrü arayış verilmişdir. Arayışda qeyd edilmişdir ki, Gəncə şəhəri Uşinski küçəsi bina 5 mənzil 23 nömrəli daşınmaz əmlak X5 adına mülkiyyət hüququ əsasında texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ 082678 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16.11.2001-ci il tarixdə 65 yaşında ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ 013214 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23.11.2000-ci il tarixdə 61 yaşında ölmüşdür. İş materiallarına əlavə edilmiş 19.05.2002-ci il tarixli V/24-2002 saylı ərizəsindən görünür ki, Şahmalıyev X29 şəhəri 7 saylı dövlət notariat kontoruna müraciət edərək Gəncə şəhəri Uşinski küçəsi bina 5 mənzil 23-də yaşayan atası X4 qanun üzrə vərəsəsi hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Mənzillərin Paylanması, Uçotu, İstismar, Təmiri idarəsinin 5 nömrəli İstismar sahəsinin 16.05.2002-ci il tarixli arayışından görünür ki, Uşinski küçəsində 5 nömrəli binanın 23 nömrəli mənzili şəxsi mülkiyyət olmaqla mərhum X6 adınadır. Həyat yoldaşı X9 da vəfat edib. Göstərilən mənzildə X15 pasport qeydiyyatındadır və tək yaşayır, bundan başqa azyaşlı və əmək qabiliyyətini itirmiş vərəsəsi yoxdur. Başqa vərəsə onlara məlum deyil. İş materiallarına əlavə edilmiş 2V-İ-43 reyestr nömrəli 20.05.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri Uşinski küçəsi bina 5 mənzil 23 (Tik “A”-33,8 kvm. iki yaşayış otağı və 17,8 kvm. köməkçi sahə, 4,4 kvm balkondan ibarət mənzil) miras mənzilə dair Cavabdeh3 Fərhad oğlunun adına şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin 09.10.2019cu il tarixli **********30 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 23 saylı mənzil X4 adına olmuş, Gəncə şəhəri 7 saylı notariat kontorunun 20.05.2002-ci il tarixli 2V-1-43 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil Cavabdeh3 Fərhad oğlunun adına keçmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin 07.04.2021ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 23 saylı mənzil üzərində Cavabdeh3 Fərhad oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 25.05.2002-ci il tarixli 14797 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı mənzil istismar sahəsinin 23.12.2020-ci il tarixli 321 saylı arayışından görünür ki, Abdullayeva X18 şəhəri Kəpzə rayonu keçmiş Uşinski küçəsi indiki akademik Mikayıl Hüseynov küçəsi 5 nömrəli binanın 23 nömrəli mənzilində qeydiyyatsız yaşamışdır, hal-hazırda yaşamır. Mənzil qardaşı Cavabdeh3 Fərhad oğlunun adınadır. Qeyd olunan ünvanın Mənzil İstismar sahəsinə aid olan kommunal borcları bacısı İddiaçı Fərhad qızı ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin 09.09.2021-ci il tarixli 05/Q-1961/15 nömrəli arayışından görünür ki, 20.09.1936-cı ildə Goranboy rayonunda anadan olmuş və 16.11.2001-ci il tarixdə vəfat etmiş X10 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 09.09.2021-ci ilədək yoxlama aparılmış və arvadı X8 08.12.1938-ci il (vəfat edib), uşaq Şahmalıyeva (Abdullayeva) Gülnarə Fərhad qızı xx.xx.1966-cı il, uşaq X13 29.08.1968-cı il aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Məhkəmə mübahisə ilə əlaqədar olaraq öz mövqeyini aşağıdakı əsaslarla izah edir: Tərəflər ataları Cavabdeh3 Fərhad oğlundan miras qalmış və hazırda cavabdehin mülkiyyətində olan mənzillə bağlı mübahisə edirlər. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra ən geci 6 ay müddətində notariat kontoruna ərizə verməklə və ya miras əmlaka sahiblik və faktiki idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. Belə ki, iddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş, eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, X10 ilə X17 arasında 09.11.1961-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə və arvada Şahmalıyev soyadı verilmişdir. Birgə nikahlarından xx.xx.1966-cı ildə X3, 29.08.1968-ci ildə Cavabdeh3 Fərhad oğlu doğulmuşdur. Kəpəz rayonu XDC İcrayyə Komitəsinin 16 nömrəli 11.11.1987ci il tarixli qərarına əsasən Gəncə şəhəri Uşinski küçəsində yerləşən sahəsi 33,8 kvm iki otaqlı olan bina 5 mənzil 23 X4 adına qeydiyyata alınmışdır. X8 23.11.2000-ci il tarixdə, X12 16.11.2001-ci il tarixdə ölmüşdür. 19.05.2002-ci il tarixdə miras qoyanın birinci növbə vərəsəsi oğlu Şahmalıyev X29 şəhəri 7 saylı dövlət notariat kontoruna müraciət edərək atası X4 qanun üzrə vərəsəsi hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, miras əmlak olan Gəncə şəhəri Uşinski küçəsi bina 5 mənzil 23 miras mənzilə dair Cavabdeh3 Fərhad oğlunun adına 2V-İ-43 reyestr nömrəli 20.05.2002ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. Həmin əmlak Cavabdeh3 Fərhad oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 25.05.2002-ci il tarixli 14797 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Fərhad qızı ata və anasının sağlığında 1990-cı ildə ərə getmiş və Rusiya Federasiyasında yaşamış, miras açıldığı vaxtdan yəni 5 il sonra, 2006-cı ildə Rusiya Federasiyasından gəlmiş, həmin ilin noyabr ayından atasından miras qalmış Gəncə şəhəri, ünvan 1 ünvanına köçərək yaşamağa başlamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Belə ki, iş materialları, iddiaçının özünün izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verməmiş, eyni zamanda cavabdeh tərəfindən miras qəbul edilənədək iddiaçının miras əmlaka sahiblik etməsi və faktik idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən, onun digər vərəsinin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına istinad etməklə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin onun daşınmaz əmlaka hüquqlarını pozduğunu iddia etsə də şəhadətnamənin etibarsız olduğunu və beləliklə daşınmaz əmlaka hər hansı hüquqlarının olduğunu sübuta yetirə bilmədiyindən cavabdehə verilmiş mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar