Məhkəmə qərarları › İş №2(043)-3028/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3028/2021

06.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3028/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 məxsus ünvan 1 ünvanda yerləşən miras əmlaka dair faktiki idarə və sahiblik etdiyi üçün onun vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi, miras əmlaka tam həcmdə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində qeyd olunur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmçinin Ali Məhkəmənin Plenumu həmin qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Həmçinin iş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 29.06.2021-ci il tarixli, 334 nömrəli imtina qərarından görünür ki, ərizəçi İddiaçı ünvan 2 ünvanda yerləşən evin ərizəçi İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin, göstərilən mülkə dair DƏDRX Ərazi İdarəsindən Çıxarış təqdim edilmədiyi üçün həmin mülkə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. Göründüyü kimi notariusun imtinası mirasın qəbul edilməsi faktı ilə bağlı deyil, bilavasitə sözügedən mülkin hüquqi vəziyyəti ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9.-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, MPM-nin tələbinə əsasən vərəsəlik hüququnun tanınması, miras əmlaka tam həcmdə payının müəyyən olunması hüquqi əhəmiyyəti olan fakt olaraq xüsusi icraat qaydasında məhkəmədə baxılması nəzərdə tutulmamışdır. Yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ünvan 2 ünvanda yerləşən evə dair DƏDRX Ərazi İdarəsindən Çıxarışın notariat kontoruna təqdim edilməməsi səbəbindən, notariusun vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsindən imtina etməsi, xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizənin xüsusi icraat qaydasında qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar