Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-319/2022 17.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin 22 yanvar 1993-cü il tarixli 178 nömrəli, X7 şəxsi heyətin siyahısına daxil olunması haqqında əmrinin; Mərkəzi Hərbi Hospitalının Mərkəzi Hərbi- Həkim Komissiyasının 27 may 1993-cü il tarixli 733 nömrəli X7 xəstəlik haqqında şəhadətnaməsinin; Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin Hərbi Həkim Komissiyasının qərarına əsasən xəstəliyinə və sağlamlığına görə şəxsi heyət üzvlüyündən X7 azad olunması haqqında xx.xx.1993-cü il tarixli 218 nömrəli əmrinin ona, yəni xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə təkrar verilmiş AZ-T № 084862 saylı doğum haqqında şəhadətnamədən görünür ki, onun soyadı, və adı Ərizəçi kimi qeyd olunmuşdur. 29 sentyabr 1988-ci il tarixdə ilk dəfə ona verilən Sovet vətəndaşı pasportunda isə adının yazılışında səhvə yol verilərək ad və soyadı pasportun rus dili bölməsində “Мамедов Алик Рамиз оглы”, azərbaycanca isə X4 qeyd edilmişdir. 001890 nömrəli natamam orta təhsil haqında şəhadətnamədə və təhsil haqqında xx.xx.1990-cı il tarixli, 4961 qeydiyyat nömrəli, В 466037 nömrəli diplomunda ad və soyadı X4 qeyd edilmişdir. O, birinci Qarabağ Müharibəsi zamanı hərbi xidmətə getmiş və Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı güllə yarası almış və müalicədən sonra “Мамедов Алик Рамиз оглы” adı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Bu fakt 733 nömrəli, 27 may 1993-cü il tarixli rusca tərtib olunmuş xəstəlik haqda şəhadətnamə ilə təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-11921 nömrəli Arxiv Arayışından da görünür ki, pasporta əsasən o, X4 Tərtər ƏÖMB (703) komandirinin 22 yanvar 1993-cü il tarixli 178 nömrəli əmri ilə) şəxsi heyətinin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Bundan sonra o, 1974-cü il nümunəli Sovet pasportunu dəyişərək yeni şəxsiyyət vəsiqəsini alanda həmin sənəddə adı doğum şəhadətnaməsində olduğu kimi yazılmışdır, yəni o, Ərizəçi kimi qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli 10877 nömrəli hərbi bilet əvəzi arayışından göründüyü kimi o, Ərizəçi adı ilə hərbi qeydiyyata alınmış, həmin arayışda da onun hərbi xidməti, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmağı və hərbi xidmətə yararsız olduğu haqda məlumatlar dəqiq göstərilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 18.05. 2021-ci il tarixli arayışdan görünür ki, o, X4 Gəncə şəhəri, Kəpəz rayonu, Xalıqov küçəsi, ev 21-də qeydiyyatdadır. Müharibədə iştirak etdiyi üçün müharibə veteranı adı almaq və döyüş zamanı yaralandığı üçün səhhəti ilə bağlı dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq məqsədi ilə bir necə dəfə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin, “Ərizəçi” adlı şəxsin hərbi qulluqda olması və müharibədə iştirakı, yaralanması haqda nazirlikdə heç bir məlumatın olmaması ilə bağlı hər dəfə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona bildirmişdir ki, məhkəməyə müraciət edərək adının “Alik” yazıldığı yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərin ona, yəni xx xxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Ərizəçi məxsus olması və X11 ilə Ərizəçi eyni şəxs olması haqda hüquqi əhəmiyyətli faktlar tanınmalıdır ki, barəsində müsbət rəy verilsin. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 ərizəyə etirazını məhkəməyə göndərək bildirmişdir ki, ərizəçinin ərizəsi aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, ərizəçinin tələbinin əsassız olmasının prosessual əsası mülki-prosessual qanunvericiliyin 307.2.5-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyət orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə tərəfindən baxılır. Normanın dispozisiyasından göründüyü kimi şəxsin sənəddə göstərilən adının şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması məhkəmə qaydasında müəyyən edilsə də hərbi sənədlər burada istisna təşkil edir. Təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 12 aprel 2019-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının 6.1-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və s.) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericliliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədi vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Beləliklə də normanın və normanı şərh edən qərarın mahiyyətindən aydın olur ki, qanunvericilik hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini təsbit etsə də hərbi sənədlər burada istisna təşkil edir və onların şəxsə məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilməz. İş materiallarında olan AZ-T seriyalı, 084862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1972-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. X1, anası X2. İş materiallarında olan 27 iyun 1987-ci il tarixli, 001890 nömrəli natamam orta təhsil haqında Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə X9 məxsusdur. İş materiallarında olan 01 iyul 1990-cı il tarixli, B 466037 nömrəli diplomun və diplomdan çıxarışın surətindən görünür ki, həmin diplom X9 məxsusdur. İş materiallarında olan XXİİ-ЖГ seriyalı, 650390 nömrəli pasport X9 məxsusdur. İş materiallarında olan, SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsində verilmiş xx.xx.2019-cu il tarixli, 10877 nömrəli hərbi bilet əvəzi arayışdan görünür ki, Ərizəçi xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək hərbi xidmət keçmişdir. O, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim Komissiyasından verilmiş 27 may 1993-cü il tarixli, 733 nömrəli rusca tərtib olunmuş xəstəlik haqqında şəhadətnamədən görünür ki, 1972-ci il təvəllüdlü, 1993-cü ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, N nömrəli hərbi hissədə xidmət edən əsgər X5 dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. İş materiallarında olan ******* nömrəli, 18 may 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 12 sentyabr 2019-cu il tarixdən Gəncə şəhəri, Xalıqov küçəsi, 21 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 28 avqust 2019-cu il tarixli arayışından görünür ki, X3 ƏÖMB (703) komandirinin 22 yanvar 1993-cü il tarixli 178 nömrəli əmri ilə) şəxsi heyətinin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin 260 nömrəli,1987-ci il tarixli əmrinə müvafiq olaraq Hərbi Həkim Komissiyasının qərarına əsasən xəstəliyə və sağlamlığa görə hərbi qulluqçu, sıravi X3 ƏÖMB (703) komandirinin xx.xx.1993-cü il tarixli, 218 nömrəli əmri ilə şəxsi heyət üzvlüyündən azad edilərək Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə SHXÇDX-nın Gəncə şəhəri Kəpəz rayon şöbəsindən X11 barəsində xx.xx.2019-cu il tarixli, 1163 nömrəli məktub daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 21 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi adı xəstəlik şəhadətnaməsində və Mərkəzi Arxivdə saxlanılan sənədlərdə “Alik” olduğundan müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəmüvafiq deyildir. Əli və Alik adlarının məhkəmə qərarı ilə təsdiqedici sənədi digər zəruri sənədlərə əlavə edilərək təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 08 iyul 2021-ci i tarixli məktubundan görünür ki, Ərizəçi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və 65 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 22 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi adının dəyişdirilməsi barədə Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsində akt qeydi aşkar olunmamışdır. Məktuba əlavə edilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx xxxx 1972-ci il tarixdə Kirovabad şəhərində doğulmuş Ərizəçi X1, anası X2. İş materiallarında olan inzibati aktda düzəliş edilməsi barədə 10 iyul 2019-cu il tarixli qərarından görünür ki, xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 12 iyun 2019-cu il tarixli qərar qəbul edilmişdir. Mövcud sənədlərə əsasən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Konsulluq şöbəsinin xx.xx.2019-cu il tarixli müraciəti zamanı təqdim edilmiş XXİİ JQ 650390 nömrəli köhnə sovet pasportunda Ərizəçi adı Alik olaraq qeyd edilmişdir. Qeyd olunan sənəd əsasında şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Lakin şəxs qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına gəldikdən sonra əldə etdiyi xx.xx.2019-cu il tarixli yeni doğum haqqında şəhadətnaməsində onun adının Əli kimi qeyd olunduğu müəyyən edilmişdir. Buna görə də xx xxxx 1972-ci il təvəllüdlü barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 12 iyun 2019-cu il tarixli ******* nömrəli qərarda “Alik” sözü "Əli” ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ilkin olaraq doğum haqqında akt qeydində adı “Əli” olsa da, sonradan ona köhnə sovet nümunəli pasport verilərkən adı “Alik” kimi yazılmışdır. Ərizəçi “X11” adı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə cəlb edilmiş, Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin 22 yanvar 1993-cı il tarixli 178 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması haqqında əmrində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 27 may 1993-cü il tarixli 733 nömrəli xəstəlik haqda şəhadətnaməsində və Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin Hərbi Həkim Komissiyasının qərarına əsasən xəstəliyinə və sağlamlığına görə şəxsi heyət üzvlüyündən azad olunması haqqında xx.xx.1993-cü il tarixli 218 nömrəli əmrində adı “X11” kimi göstərilmişdir. Ərizəçinin qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıtdıqdan sonra əldə etdiyi doğum haqqında şəhadətnamədə adı doğum akt qeydinə uyğun olaraq Əli kimi qeyd olunduğundan ona verilmiş şəxsiyyət vəsiqəsində adı Əli kimi qeyd olunmuşdur. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd olunan sənədlərdə X4 göstərilmiş şəxsin Ərizəçi olması öz təsdiqini tapmışdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş etiraza münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində hərbi sənədlər dedikdə şəxsiyyəti təsdiq edən hərbi sənədlər (hərbi bilet, xidməti vəsiqə və s.) nəzərdə tutulur. Hərbi hissə komandirinin əmri, hərbi-həkim komissiyasının verdiyi xəstəlik haqqında şəhadətnamə isə şəxsiyyəti təsdiq edən sənəd hesab edilmədiyindən həmin sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə heç bir hüquqi maneə yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi ərizəçiyə müharibə veteranı adının verilməsindən onun tərəfindən təqdim edilmiş sənədlərdəki adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki adı arasında uyğunsuzluğun olması səbəbindən imtina edilmişdir. Bu da onu göstərir ki, ərizəçinin təqdim etdiyi sənədlər hüquqi əhəmiyyət kəsb edir, yəni onun müharibə veteranı adını alması üçün zəruri vasitə rolunu oynayır. Bu sənədlər şəxsiyyəti təsdiq edən sənədlər yox, müəyyən hüquqları reallaşdırmaq üçün nəzərdə tutulan sənədlərdir. Buna görə də həmin sənədlərin ərizəçiyə məxsus olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X7 batalyonun şəxsi heyətinin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunması haqqında Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin 22 yanvar 1993-cü il tarixli 178 nömrəli əmrinin; X7 adına verilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 27 may 1993-cü il tarixli 733 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin; X7 xəstəliyinə və sağlamlığına görə şəxsi heyət üzvlüyündən azad olunması haqqında Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun (703) komandirinin xx.xx.1993-cü il tarixli 218 nömrəli əmrinin xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-319/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-319/2022
17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver