Məhkəmə qərarları › İş №2(043)-3228/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3228/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3228/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə) Cavabdeh2 ünvan 1ikrorayon, ev 19, mənzil ünvanından 5000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 yoldaşıdır. Cavabdeh2 isə qızıdır. Son vaxtlar yaranan ailə məişət münaqişələri artıq dözülməz xarakter daşıdığından nikahın pozulması tələbinə dair iddia qaldırmışdır, iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatındadır. Nəzərə çatdırmaq istəyir ki, onlar bir evdə yaşamaqları mümkün deyildir. Cavabdeh1 onun 85 yaşlı anasına zülm edib, 2 gün ac-susuz qalmasına səbəb olmuş, hal-hazırda isə başqalarının evində qalmaq məcburiyyətindədir. Cavabdehlə 28.01.1999-cu il tarixdə ailə qurmuşlar, həmin vaxt ünvan 1ikrorayon, ev 19, mənzil 30 anası X6 məxsus olmuş, sonradan həmin evi anası ona bağışlamışdır. Cavabdeh1 həmin evə gəlin köçərək anasının razılığı olmuş və ailə qurduqdan sonra həmin evdə yaşamışdır. Cavabdehlə nikahlarından övladları var ki, onlardan biri Cavabdeh2 yetkinlik yaşına çatmış, digərləri X8 və X9 yetkinlik yaşına çatmamışır. Övladları həmin evdə doğulmuş və böyümüşdür. Hal-hazırda onlarla birlikdə yaşamağı imkansızdır. O evindən çıxmaq məcburiyyətində qalmışdır, mülkiyyətçi olduğu halda evindən məhrum olmuş, başqalarının evində qalmışdır. O mübahisəli mənzilin mülkiyyətçisi olsa da, faktiki olaraq öz mənzilində yaşaya bilmir. Cavabdehlərlə arasında tez-tez ailə-məişət zəminində mübahisələr düşdüyündən cavabdehlər onu döydüklərindən və təhqir etdiklərindən o qohumlarımın evində yaşamağa məcbur olmuşdur. Cavabdehlərə 5000 manat kompensasiya verməyə imkanı çatır. Hesab edir ki, cavabdehlərə ödəmək istədiyi kompensasiya məbləği heç də az deyildir, bu onların müəyyən bir dövr üçün cəmiyyətə uyğunlaşıb indiki yaşadıqları mənzilə uyğun mənzildə yaşamaları üçün kifayət edici məbləğdir. Mülkiyyətçi onun mənzilindən istifadə edən şəxsə müəyyən miqdar kompensasiyanı ona görə ödəyir ki, mənzildən istifadə edən şəxs müəyyən bir dövr üçün yaşadığı mənzilə uyğun olaraq başqa bir mənzildən istifadə edə bilməsində hər hansı bir çətinliyə məruz qalmasın, cəmiyyətə adaptasiya olsun, bir sözlə, onun hər hansı bir mənzildən istifadə etmək hüququ təmin edilsin. Mübahisənin predmeti olan ərazidə mənzillərin kirayəsi 100-120 manat civarındadır, təklif olunan kompensasiya isə cavabdehlərə həmin mənzildən daha yaxşı şəraitli mənzildə təxminən 5 il yaşayır imkanım verir. Mənzilin orta bazar qiyməti təxminən 40.000 manat təşkil edir. Həmçinin bir halı qeyd etmişdir ki, paylı mülkiyyətçilərə deyil, istifadəçilərə kompensasiya təklif edir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, heç bir kompensasiya ödəmək fikrində olmadığını və onun mülkiyyət hüquqlarının bərpa olunaraq, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib bildirdi ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır və 2-ci qrup gözdən əlildir. O, Cavabdeh1 ilə 28.01.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzildə birgə yaşamışlar, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Ailə quran zaman Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzil onun anası X6 məxsus olmuş və sonra anası həmin mənzili ona bağışlamışdır. Hazırda Cavabdeh1 ilə nikahları pozulmuşdur. Qeyd edilən mənzil nikahdan əvvəl alınmış və atasından anasına keçmişdir. Daha sonra anası evi ona bağışlamışdır. Hazırda cavabdehlər ona məxsus mənzildə yaşayırlar və onların mənzildən çıxmaları üçün heç bir kompensasiya ödəmək fikri yoxdur. Məhkəməyə kifayət qədər sübut təqdim etmişdir, əlavə sübutları yoxdur və məhkəmə prosesinin təxirə salınmayaraq yekunlaşmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini, ona məxsus mənzildən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmalarını məhkəmədən xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş DİN-nin ******* nömrəli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, 01.07.1934-cü il təvəllüdlü X2, 22.09.2007-ci il təvəllüdlü X8, 18.12.2000-ci il təvəllüdlü X9, 05.02.2001-cü il təvəllüdlü X1 şəhəri, 3-cü mikrorayon, ev 19, mənzil 30 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2790/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 28.01.1999-cu ildə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış 33 nömrəli nikah akt qeydinin pozulması, 06.02.2003-cü ildə anadan olmuş X9 və 22.09.2007-ci ildə anadan olmuş X8 anaları Cavabdeh1 yanında saxlanılmaları, 06.02.2003-cü ildə anadan olmuş X3 və 22.09.2007-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 04.12.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.01.2020-ci il tarixli, 09 nömrə ilə qeyd edilmiş, 14.01.2020-ci il tarixli, AZ-İ 341867 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 14.01.2020-ci ildə pozulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.11.2020-ci il tarixdə “durğunluq ürək çatışmamazlığı” diaqnozu ilə ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 ilə 28.01.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin vaxtdan Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzildə birgə yaşamışlar, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Ailə quran zaman Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzil iddiaçın anası X6 məxsus olmuş və sonra iddiaçıya bağışlanmışdır. İddiaçı ilə Cavabdeh1 nikahları məhkəmə qaydasında pozulmuş, məhkəmə qətnaməsi ilə 06.02.2003-cü ildə anadan olmuş X3 və 22.09.2007-ci ildə anadan olmuş X4 Cavabdeh1 yanında saxlanılmaları qət edilmişdir. Cavabdeh X5 iddiaçının qızıdır. İddiaçı evində qala bilmədiyi üçün və cavabdehlərin ona evdən istifadəsinə maneçilik törətdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə) Cavabdeh2 ünvan 1ikrorayon, ev 19, mənzil ünvanından 5000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə baxışı zamanı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, onun mülkiyyət hüquqlarının bərpa olunaraq cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş etmişdir. Həmçinin cavabdehlərə heç bir kompensasiya ödəmək fikrində olmadığını bildirmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etmədikləri üçün iddia ərizəsinə olan münasibətlərini öyrənmək mümkün olmamışdır. Məhkəmə iddia tələbinə münasibətdə ilk növbədə hüquqi mübahisənin həlli üçün tətbiq ediləcək maddi hüquq normasının müəyyən olunmasını zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından aydın olur ki, tərəflər arasında yaranan hüquq münasibəti 2000-ci ildən əvvəl, yəni 28 yanvar 1999-cu ildə yaranmışdır. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarına və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə (qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır) əsasən tərəflər arasında yaranan hüquq münasibətləri Azərbaycan SSR Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə ailə həyatı quraraq Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzilə 28 yanvar 1999-cu ildə gəlin köçüb həmin mənzildə yaşamağa başladığından və onların birgə nikahından doğulmuş uşaqlar həmin mənzildə yaşadığından, cavabdehlər qeyd edilən mənzildən istifadə hüququ əldə etmişlər və bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə, iddia irəli sürmüş şəxs yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği məhkəmə tərəfindən araşdırılmalıdır. Belə olan halda məhkəmə qanunvericiliyin tələbləri baxımından cavabdehlərinin mübahisəli mənzildə olan istifadə hüquqlarına xitam verilməsini yalnız kompensasiya verilməsi yolu ilə mümkün hesab edir. Lakin, İddiaçı məhkəmə baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə mülkiyyətçisi olduğu ünvan 2-da yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmalarını tələb etmiş, məhkəmə iclasındakı çıxışlarında onlara qarşı kompensasiya vermək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsini tələb etməmişdir, əksinə cavabdehlərə kompensasiya vermək fikrinin olmadığını məhkəməyə bildirmişdir. İşdə iştirak edən iddiaçının izahatı, mülki işin materialları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, 30 saylı mənzildə yaşayırlar, bu halda cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilə bilməz. Odur ki, məhkəmə yuxarıda göstərilən hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxаrıdа şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar