Məhkəmə qərarları › İş №2(043)-3466/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3466/2021

27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3466/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı vərəsə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras üzrə payların müəyyən edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzil üzrə vərəsəlik hüquqlarının həyata keçirilməsində maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının üzərinə qoyulması, onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının vəfat etmiş anaları X9 birinci növbəli bərabər pay hüquqlu vərəsələr kimi tanınmalarına, anası X8 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzili miras qismində qəbul etmə müddətinin ona münasibətdə uzadılmasına, anası X8 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzilə onun 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə, Cavabdeh2 qızının 1/3 hissədə paylarının müəyyən edilməsinə və paylarına uyğun vərəsəlik şəhadətanmələrinin verilməsi vəzifəsinin Gəncə “Asan Xidmət” mərkəzində Notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X3 ilə anası X12 arasında bağlanılmış rəsmi nikahdan o və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı anadan olmuşdurlar. X3 10 sentyabr 1992-ci ildə, anası X12 isə 12 yanvar 2019-cu il tarixdə vəfat etmişdilər. Anası X1 Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzil onun adına qeydiyyata alınmış və həmin mənzilə 19 avqust 1993-cü il tarixli 10830 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 qızı ilə birlikdə mərhum anaları X9 1-ci növbə vərəsələridir. Onun miras əmlakla bağlı vərəsə kimi qanuni gözləntiləri olmasına baxmayaraq, cavabdelər miras əmlakla bağlı vərəsə kimi hüquqlarının həyata keçirilməsinə suni maneələr yaradırlar, əmlaka gedib-gəlməyə icazə verməməklə onun qəbul edilməsinə əngəllər törədirlər. Cavabdehlərin hərəkətlərinin əsassız olmasını nəzərə alaraq, vərəsəlik hüquqlarının həyata keçirilməsində maneələrin aradan qaldırılmasına dair iddia tələbinin təmin edilməsini məqsədə müvafiq hesab edir. Miras qoyan anası X12 12 yanvar 2019-cu il tarixdə vəfat etmişdir və qeyd olunan tarixdə miras açılmışdır. Lakin, mülki qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi mümkün olmamışdır. Belə ki, vərəsə qismində miras əmlaka mülkiyyət hüquqlarının tanınması ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyi barədə məlumat əldə etdikdən dərhal sonra, cavabdeh süni maneələr yaratmağa başlamış, onu və ailə üzvlərini qeyd olunan addım atacağı təqdirdə ölümlə hədələmiş, bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində olmuşdur. Hüquq-mühafizə orqanlarında aparılan araşdırmalar, daha sonra isə mübahisəni sülh yolu ilə bitirməyə dair etdiyi çağırışlar isə cavablandırılmamış qalmışdır. Məhz həmin səbəbdən mirasın mülki qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qəbul edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərdən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsi müddətinin üzürlü səbəblərdən ötürüldüyünü nəzərə alaraq, həmin müddətin məhkəmə tərəfindən uzadılmasını məqsədə müvafiq olduğunu hesab edir. Vərəsə kimi tanınmağına dair Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə etdiyi müraciətinə dair cavab olaraq, cavabdehlərlə aralarında mübahisənin olması ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1ci döngə, bina 8, 1 saylı mənzil anası X1 onun adına qeydə alındığını nəzərə alaraq, həmin mənzilin 1/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 qızının payı müəyyən edilməklə, paylarına uyğun vərəsəlik şəhadətnaməsi verilməlidir. İddiaçı əlavə olaraq izahatında göstərdi ki, anası öləndən sonra naotariusa müraciət etməmiş, nədə ki, evdən istifadə etməmişdir. Miras qalan evdə bacısı və qardaşı yaşamışdır. Anasının başqa hər hansı bir əmlakının olmasından məlumatı olmamış, olsa da belə bunu cavabdehlər olan qardaşı və bacısı bilər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, X2 10 sentyabr 1992-ci ildə, anaları X12 isə 12 yanvar 2019-cu il tarixdə vəfat etmişlər.Valideynlərinin birinci növbə vərəsələri o, iddiaçı və bacıları Zülfiyyə olmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzil analarından miras qalmışdır. Hələ anaları ölməmişdən əvvəl iddiaçı 15 ildir ki, həmin evdən çıxıb başqa evdə yaşamış hal hazırda isə öz evində yaşayır. Anaları öləndən sonra miras qalmış əmlakda o və bacısı Zülfiyə yaşamış, bacısı zülfiyə İsə anasının ilindən sonra ərə getmişdir. Hazırda həmin evdə o, yaşayır və bütün kommunal xərcləri də onun tərəfindən ödənilmişdir. İddiaçı yas mərasimlərindən başqa həmin evə gəlməmiş və maraqlanmamışdır. İddia tələbinin tam əsassız olduğunu göstərərək rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh X6 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən X4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər 3 saylı notariat kontorunun 22.07.1993-cü il tarixli 9-559 saylı dövlət mənzillərinin şəxsi mülkiyyətə verilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 1-ci döngə, bina 8, 1 saylı mənzil (17.9 kv/m bir yaşayış otağı, 16.5 kvm köməkçi sahə, 8.1 kvm açıq eyvan) X9 adına qeydiyyata alınmışdır və ona 19.08.1993-cü il tarixli 10830 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. AZ-İİ 177125 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 09.09.1992-ci il tarixdə ölmüşdür. AZ-İ 986210 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 10.01.2019-cu il tarixdə ölmüşdür. AZ-T 167211 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cu ildə anadan olmuş İddiaçı ata qrafasında X7, ana qrafasında isə X12 qeyd olunmuşdur. Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli, 2319 nömrəli məktubdan görünür ki, tərəflər arasında mübahisə olduğundan məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdeh1 tərəfindən təqdim olunmuş kommunal xidmətlərin ödənilməsi barədə qəbzlərindən görünür ki, X9 adına olan kommunal xidmətləri Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyb, iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqtq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normalarına əsaslanır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qanunla müəyyən olunmuş müddətdə istər notariat ofisinə müraciət etmək üsulu ilə istərsə də miras əmlaka faktiki sahiblik etmək yolu ilə qəbul etməmişdir. Anasının ölümündən sonra miras əmlakı qəbul etməməsinin səbəbini cavabdehlərin qanunsuz hərəkətləri ilə əsaslandıraraq mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də bununla bağlı hər hansı sübüt təqdim etməmişdir. Eləcə də iddiaçı özüdə qeyd etmişdir ki, miras əmlaka nə faktiki sahiblik etmiş, nə də onun qəbul olunması üçün hər hansı hərəkətlər etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı vərəsə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras üzrə payların müəyyən edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar