Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3477/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizə "xxxx" MMC-nin təsisçisi kimi İddiaçı tərəfindən imzalamışdır. Lakin, məhkəmə qeyd edir ki, hüquqi şəxsin təsisçisi olmaq, hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, hüquqi şəxsin adından iddia ərizəsini qanunla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri (rəhbəri və s.) və ya əsas iş yeri hüquqi şəxs olan işçiləri imzalaya bilər. İddia ərizəsinə Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə ünvanlanmış "xxxx" MMCnin möhürü və İddiaçı özünün imzası ilə təsdiq edilmiş arayış əlavə edilmiş və arayışda İddiaçı "xxxx" MMC-nin təsisçici və müdiri olduğu göstərilsə də, məhkəmə həmin sənədi MMC-nin rəhbərinin səlahiyyətini təsdiq edən sənəd kimi qəbul etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsin rəhbərinin səlahiyyəti onun xidməti vəzifəsini bildirən sənəd (əmr, xidməti vəsiqə, müqavilə) və ya təsis sənədləri (nizamnamə, müqavilə) ilə müəyyən olunur. Hazırki halda isə iddia ərizəsinə İddiaçı hüquqi şəxsin rəhbəri olmasını təsdiq edən qeyd edilən sənədlər əlavə edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Odur ki, məhkəmə hesab edir ki, İddiaçı hüquqi şəxsin rəhbəri kimi "xxxx" MMC-nin adından iddia ərizəsini imzalamağa hüququnun olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, 21 sentyabr 2021ci il tarixə "xxxx" MMC adında hüquqi şəxs haqqında dövlət reyestrində məlumat tapılmamışdır. Odur ki, hüquqi şəxsin ləğv olunub-olunmamasını müəyyən etmək üçün təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən hüquqi şəxsin dövlət reyestri məlumatları və təsis sənədlərinin təqdim edilməsi zəruridir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3477/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3477/2021
21.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver