Məhkəmə qərarları › İş №2(043)-3488/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3488/2021

26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3488/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ərizəçi İddiaçı və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi İddiaçı “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 qalan miras əmlakın vərəsəlik müddətini bərpa edib, miras qalmış Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən 21.06.1989-cu il tarixli 129 inventar və 30 nömrəli reyestr “X10 aid X9 Pasportunda” qeyd edilmiş 3354 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28 kv.m bir otaqlı fərdi yaşayış evini və digər yardımçı tikililərin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilib, təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.01.1949-cu il tarixdə Gədəbəy rayonun (keçmiş Tovuz rayonun) Samanlıq kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanda yaşayır. Valideynlərindən-atası X8 12.10.1982-ci il tarixdə, anası X5 04.02.1990cı il tarixdə vəfat etmişdir. Mərhum anası X3 adına olan Gədəbəy rayonu Samanlıq kəndində olan əmlakla bağlı Gədəbəy rayon Dövlət Arxivinə müraciət etmiş və Gədəbəy rayon Dövlət Arxivinin 13 noyabr 2019-cu il tarixli 472 nömrəli Arxiv arayışında qeyd edilmişdir ki, mərhum atası X4 Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 1980- 1982-ci illərə dair Samanlıq kənd XDS nümayəndəliyinin 04 saylı təsərrüfatbaşına kitabının 236-cı şəxsi hesabında ailə başçısı kimi X7-1904 (ölüb 12.10.1982-ci il tarixdə), arvadı kimi X5 1905 (ölüb 04.02.1990-ci il tarixdə) göstərilmişdir. 1948-ci ildə tikilmiş yaşayış evi və 033 ha torpaq sahəsi qeyd edilmişdir. 11 saylı Şəmkir rayon DƏDRX-nin arxivndən verilmiş fərdi yaşayış ev sənədinə görə mərhum anası X3 adına 21.06.1989-cu il tarixli 129 inventar və 30 reyestr nömrəli “X10 aid X9 Pasportunda” qeyd edilmiş 3354.0 ha. torpaq sahəsində yerləşən 28 kv.m. bir otaqlı evi və digər yardımçı tiklilər mövcud olmaqla mülkü vardır. O bundan sonra qanun üzrə vərəsəsi kimi onun adınaa keçməsi üçün mərhum anası X2 miras qalmış əmlaka dair sənədləri aidiyyəti üzrə Gədəbəy rayon Notariat kontoruna müraciət etmişdir. Gədəbəy Rayon Notariat Kontorunun 08.01.2020-ci il tarixli, 04 nömrəli məktubunda ona cavab verilmişdir ki, təqdim etdiyi sənədlər düzdür. Lakin, onun doğum haqqında şəhadətnaməsi olmalıdır ki, mülk onun adına vərəsəlik yolu ilə keçirilsin. Mərhum anası X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün yenidən Maraqlı şəxs1nə müraciət etmişdir. Gədəbəy Rayon Notariat Kontorunun 27.05.2021-ci il tarixli, 200 nömrəli məktubunda cavab verilmişdir ki, anası X2 qalan miras əmlakda vərəsəliyin müddəti bərpa edildikdən sonra onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Hesab edir ki, anasından qalmış həmin mülkə, onun tərəfindən sahiblik edilib idarə edildiyi üçün o, mirası qəbul etməklə, həmin mirasın mülkiyyətçisi sayılır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək bildirdi ki, ərizəçinin dediklərinin hamısı yalandır. Ərizəçi onun əmisidir. Atasıgil ailədə 7 uşaq olublar. Onlardan Talıb, Mehdi, Zaman, Telli və Haxverdi yəni onun atası ölmüş, Atabəy və Səyalı isə yaşayır. Səyalı Gədəbəy rayonu, Samanlıq kəndində öz evində yaşayır. Sözügedən evi mərhum nənəsi X5 ona vəsiyyət etmiş, o isə mirası qəbul etdikdən sonra həmin əmlakı bacısına bağışlamışdır. Ərizəçi heç vaxt nənəsindən miras qalmış əmlakı qəbul etməmiş, həmin əmlaka sahiblik və istifadə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs1nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən 0,57 ha torpaq sahəsi və fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın, yəni mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin xüsusiyyəti hüquq haqqında mübahisənin olmadığı hallarda hüquqi əhəmiyyət kəsb edən müəyyən faktın məhkəmə qaydasında müəyyən edilməsidir. Hazırkı məhkəmə baxışı zamanı isə ərizəçinin miras əmlak kimi qəbul etdiyini bildirdiyi əmlakın başqa şəxs tərəfindən miras əmlak kimi qəbul edildiyi və hətta bağışlandığı, hazırda həmin əmlakın başqa bir mülkiyyətçisinin olduğu müəyyən edilmişdir. Ərizəçinin vərəsəlik hüququnun özü barəsində mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanmalı və ərizəçiyə cavabdeh qismində cəlb edilməli olan şəxslərə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizəçi İddiaçı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsisi baxılmamış saxlansın. Ərizəçiyə cavabdeh qismində cəlb edilməli olan şəxslərə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar