Məhkəmə qərarları › İş №2(043)-3490/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3490/2021

05.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3490/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Məmmədova (Ələsgərova) Azadə Şakir qızı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi üzərində vərəsəlik hüququ əsasında tam pay olmaqla mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehlərə məxsus şəxsiyyət vəsiqələri nəzərdən keçirilərkən müəyyən edildi ki, cavabdehlərin hər birinin qeydiyyat ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşir. Belə ki, Cavabdeh1 ünvan 3 ünvanında, Cavabdeh2 ünvan 4 ünvanında və Cavabdeh3 isə ünvan 5 ünvanında qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeydiyyat ünvanları Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən mübahisə predmeti olan daşınmaz əmlak Gəncə şəhəri Kəpəz rayonu ərazisində olsa da, mövcud iddia tələbinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxıla bilməz. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən (01.10.2021-ci il tarixədək qüvvədə olan redaksiya) tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz tikintinin, qurğunun, torpaq sahəsinin, bir sözlə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, mülkiyyətçi tərəfindən daşınmaz əmlakla bağlı istənilən iddia tələbinə deyil, yalnız daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın naturada başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxıla bilər. Hazirki iddia tələbi isə miras qalmış daşınmaz əmlakda vərəsə kimi payın müəyyən edilməsi ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35, 44-45, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiası üzrə mülki iş baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar