Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-40/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə D-1 sahə 10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, ona dəymiş 3500 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə D-1 sahə 10 ünvanında yerləşən fərdi yaşaış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlunun keçmiş arvadı olmuşdur. Cavabdehin iddiaçının oğlu ilə nikahları 13 avqust 2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuş və həmin vaxtdan cavabdeh iddiaçının mənzilində olan cehiz əşyalarını atasının evinə aparmışdır. Lakin bir müddət sonra cavabdeh iddiaçıya məxsus Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə D-1 sahə 10 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının qıfılını qırıb azyaşlı uşaqları ilə evə yerləşmişdir. Hazırda cavabdeh azyaşlı uşaqları ilə iddiaçının evindən çıxmır. Eyni zamanda cavabdeh iddiaçının evinə qanunsuz girdikdən sonra evin həyətində iddiaçıya məxsus olan və evin texniki posportunda B literli tikili kimi göstərilən ayaqyolunu sökdürmüş, həmçinin həyətdə olan çoxillik 5 ədəd meyvə ağaclarını kəsdirmişdir. Ayaqyolunu yenidən bərpa etmək təxminən 1000 manat olduğundan, ağacın isə birinin qiyməti təxminən 500 manat olduğundan cavabdeh iddiaçıya 3500 manat maddi ziyan vurmuşdur. Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdi ki, fərdi yaşayış evinin yerləşdiyi ünvan 16 nömrəli ünvandır və iddia ərizəsində yanlış olaraq ünvan 10 göstərilmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək göstərdi ki, cavabdeh iddiaçının oğlu ilə ailə qurarkən iddiaçı özü cavabdehi evinə gəlin gətirərək ailə üzvü kimi qəbul edib evdən istifadə etməsinə razılıq vermişdir. Ona görə də hesab edirlər ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 04.05.2012-ci il tarixli, MA ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D-1, sahə 16 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə İddiaçı adına qeydə alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, e-2(043)- 869/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı və X1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02.12.2021-ci il tarixli qərarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, e-2(043)-869/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli, 2(104)-2120/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır.İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evində əsassız olaraq yaşamaqla dəfələrlə tələb etsə də evdən çıxmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi məhəllə D-1 sahə 16 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları ilə birlikdə çıxarılmalıdır. İddia tələbinin dəymiş ziyanla bağlı məhkəmə hesab edir ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etmədiyindin iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D-1 sahə, 16 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-40/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-40/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver