Məhkəmə qərarları › İş №2(043)-4034/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4034/2021

24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4034/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Əvvəla məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin atasının adı düzgün göstərilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin atasının adı “Fizuli” kimi göstərilsə də, materiala əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehin atasının adı “Fidail”dir. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində tərəflərin şəxsiyyətlərinin müəyyən edilə bilməsi baxımında onların adı, soyadı və atasının adı düzgün göstərilməlidir. Bundan başqa, materiala əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Vəliyev X1 şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 5-Dalan, ev 19A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh Fidail oğlunun qeydiyyat ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən mübahisələndirilən alqısatqı müqaviləsinin predmeti olan daşınmaz əmlak Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşsə də, iddia ərizəsi üzrə mübahisə predmeti - daşınmaz əmlak üzərində mülkiyyət və ya qanuni sahibliyin müdafiəsi deyil, həmin əmlakla bağlı bağlanmış alqısatqı müqaviləsi olduğundan, bu cür iddia ərizəsinə müstəsna aidiyyət qaydaları üzrə deyil, ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar