Məhkəmə qərarları › İş №2(043)-44/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-44/2021

23.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-44/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Ş.İ.Xətai prospektindəki xüsusi mülkiyyətində olan torpağının üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızının qanunsuz olaraq tikdikləri evin və digər tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdehlər-Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızı qanunsuz ev tikmişlər, eləcə də digər tikinti işləri aparmışlar. Ona görə də, o iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların barəsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının verdiyi Sərəncamların etibarsız hesab edilməsi barədə Qərarın qanuni qüvvəyə mindiyini xatırladıb və onun xüsusi mülkiyyəti olan həmin torpaqlarda inşa etdikləri evlərin, eləcə də digər tikililərin sökülməsini bildirsə də, cavabdehlər həmin qanunsuz tikililəri könüllü sökməkdən imtina etmişlər. Eləcə də Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına onun mülkiyyəti olan torpaqlarda qanunsuz tikdirdikləri evlərin sökülməsini tələb etsə də onlar bundan imtina etmişlər. Ona görə də, o aidiyyəti üzrə Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsində onun xüsusi mülkiyyətində olan torpaqda qanunsuz inşa edilən evlərin və digər tikililərin sökülməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin Cavabdeh2 olan hissəsindən imtina etməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlərə dəfələrlə qanunsuz tikilmiş evlərin və digər tikililərin könüllü surətdə sökülməsini tələb etsə də, cavabdehlər ona məhəl qoymamış və qanunsuz inşa edilmiş olan tikililəri sökməmişlər. Odur ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektindəki xüsusi mülkiyyətində olan torpağının üzərində cavabdehlər tərəfindən tikilmiş ev və digər tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2013-cü ilin may-iyun aylarında Qədir adlı vasitəçiyə 14 000 manat pul verərək mübahisəli torpaq sahəsinin 0,04 ha hissəsini almışdır. Qədir onlara tikintiyə başlamağı sənədin isə daha sonra veriləcəyini bildirmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2013-cü il 1216 saylı sərəncamı ilə Cavabdeh1 həmin ərazidə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bu müddət ərzində onlar həmin ərazidə ev tikib başa çatdırmış, heç kəs onlara tikinti aparmalarına dair irad bildirməmişdir. 2018-ci ilin aprelmay aylarında iddiaçı oraya gələrək onlardan nəyə görə onun torpaq sahəsində tikinti apardığını soruşmuş və bundan sonra torpaq sahəsi ilə bağlı mübahisə başlamışdır. Hesab edir ki, torpaq sahəsini qanuni əsaslarla əldə etmiş və tikinti aparmışdır. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 2.4272 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(1565)/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X1, Cavabdeh4, Cavabdeh2 Elgiz oğlu, Cavabdeh3, Cavabdeh6 qızı və Cavabdeh1) iddia tələbi qismən təmin edilərək, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh1 400,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 1216 nömrəli, Cavabdeh2 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 1217 nömrəli və Cavabdeh3 200 kv.m torpaq sahəsi verilməsinə dair xx.xx.2015-ci il tarixli, 551 nömrəli Sərəncamların etibarsız hesab edilməsinə dair qərar qəbul edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)- 249/2020 saylı qərardadına əsasən təkrarən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 10/3463 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsində yerləşən 2.4272 ha torpaq sahəsinin iddiaçının naturada (yerində) təqdim etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehlərdən yalnız Cavabdeh1 nümayəndəsi X5 ekspertiza baxışında iştirak etmişdir. Bu səbəbdən, yalnız onun faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq yerləşmə mövqeyini müəyyən etmək mümkün olmuşdur. Belə ki, Cavabdeh1 nümayəndəsi Afət Vəli qızının naturada faktiki istifadəsində olan 396.42 kv.m torpaq sahəsinin 381.50 kv.m hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə iddiaçının iddia etdiyi mübahisəli ərazidə, digər şəxslər tərəfindən istifadə olunan 1639.50 kv.m torpaq sahəsi də, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Lakin adı çəkilən digər cavabdehlər ekspertiza baxışında iştirak etmədiyindən, onların ayrı-ayrılıqda faktiki istifadə sahələrinin yerləşmə mövqeyi, ölçülərini və hər birinin faktiki istifadəsində olan torpaq sahəsinin nə qədər hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Beləlilkə müəyyən olundu ki, iddiaçının iddia etdiyi mübahisəli ərazidə, digər şəxslər tərəfindən istifadə olunan ümumi sahəsi 2021.0 kv.m təşkil edən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (MM 180.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 2.4272 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızının heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etmələrini və orada tikinti işləri aparmalarını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 2.4272 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsində yerləşən 2.4272 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızı tərəfindən aparılmış özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar