Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-45/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Dəmir qızına qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Dəmir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus evin qərb hissəsində olan pəncərəni qeyri-qanuni yolla bağladığı tikilinin və evinin cənub hissəsində olan şüşəbəndin önündə inşa etdirdiyi divarın cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən ev DƏDRX-nin ******* saylı çıxarışına əsasən tam payla onaməxsusdur. Bu ev ona ata babasından qalıb. Həmin evdə o, yetkinlik yaşına çatmış oğlu 1-ci qrup əlil Qurbanov Ruslan, 1-ci qrup əlil Nağıyeva Qərənfil və əlil qız nəvəsi Nağıyeva Fatimə yaşayırlar. Cavabdeh yaşadığı evi onun dayısından alaraq 2000-ci ildə o evə köçmüşdürlər. Ona məxsus evin 2 tərəfi yəni qərb və cənub hissəsi cavabdehə məxsus evin həyəti ilə sərhəddədir. Cavabdeh onun və ailəsinin əlil, kimsəsiz, və köməksiz olduqlarından istifadə edərək onların evin qərb hissəsində olan pəncərəni, onların evdə olmadıqları saatları fürsət edərək kubik daşları ilə tikdirərək bağlatmışdır. Cavabdeh yenə onların evdə olmadıqları saatlarda evinin cənub hissəsində olan şüşəbəndin önündə heç bir ara məsafəsi qovmadan 3 metrə hünürlüyündə kubik daşları ilə divar inşa etdirərək evin təmiz hava və günəş şüası ilə əlaqəsini tamamilə bağlamışdır. Lakin, cavabdeh hazırda ona məxsus olan evi, mərhum dayısından alqı-satqı yolu ilə aldığı vaxtda onun evinin pəncərələri verində olub, şüşəbəndin önündə isə heç bir tikili olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Bundan başqa iddiaçı məhkəməyə ərizə verərək cavabdehin ona məxsus evin qərb hissəsində pəncərəsinin qarşısında inşa etdiyi hasarın sökülməsini xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddianın dəqiqləşdirildiyi kimi baxmışdır. Cavabdeh Dəmir qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə Cavabdeh Dəmir qızının iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1724 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli fərdi yaşayış evinin qərb hissəsində olan pəncərələrlə, cavabdehə məxsus (hasar) divar arasında ara məsafəsi saxlanılmadığını və eləcə də, hasarın hündürlüyü 2,70 olduğunu nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci və 73.1-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun inşa edilmədiyi müəyyən edilmişdir.Tədqiq olunan yaşayış evlərinə giriş-çıxış yolunun ayrı-ayrılıqda və yaşayış evinin bir-birindən təcrid olunmasına baxmayaraq, İddiaçı yaşayış evinin təbii işıqlanmasının və təbii hava axınının qarşısını qismən aldığı müəyyən edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iddiaçının iştirakı ilə Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli fərdi yaşayış evinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının evinin qərb hissəsində olan pəncərələrlə, cavabdehə məxsus (hasar) divar arasında ara məsafəsi saxlanılmamış və eləcə də, hasarın hündürlüyü iki metrdən artıq olmaqla iddiaçıya məxsus evin təbii işıqlanmasının və təbii hava axınının qarşısını aldığı müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla iddiaçıya məxsus evin qərb hissəsində olan pəncərələrin qarşısında Cavabdeh Dəmir qızı tərəfindən inşa olunmuş (hasar) divar öz hesabına sökülməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi, 1-ci döngə, 10 nömrəli fərdi yaşayış evinin qərb hissəsində olan pəncərələrin qarşısında Cavabdeh Dəmir qızı tərəfindən inşa olunmuş hasar (divar) öz hesabına sökülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün müddət bitdikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-45/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-45/2021
15.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver