Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-462/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 Turxay qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızına qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Turxay qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 3000 manat kompensasiya ödənilməklə, ona məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mülkiyyətində olan Gəncə şəhəri, Vəli Xufulu küçəsi, 4 №-li evin 6 № -li mənzilində qeydiyyatda olsalar da, oğlu Nəcəfov Vaqif Hüseyn oğlunun 12 avqust 2018-ci ildə baş vermiş ölümündən sonra arvadı və qızı olan cavabdehlər evdən çıxıb getmişlər. O, cavabdehlərin mənzildən istifadə hüquqlarını itirmələrinə dair Gəncə şəhəri Kəpəz rayon məhkəməsində iddia qaldırsa da, onun iddiası təmin edilməmişdir. Əksinə, 14.09.2021-ci il tarixli 2(043)-2523/2021 №-li qətnamə ilə onların onun mənzilinə köçürülmələrinə dair qarşılıqlı iddiaları təmin edilmişdir. Belə vəziyyətdə o, bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məsələ burasındadır ki, onun mənzilində kənar adamlara, ələlxüsus, ona düşmən münasibəti bəsləyən cavabdehlərə yer yoxdur. Onlarla bir mənzildə yaşamaq onun ölümünə qərar vermək kimi bir şeydir. Burada ona görə təəccüblü heç nə yoxdur ki, iki düşmən ailənin bir mənzildə yaşaması həmişə fəlakətlə nəticələnir. Cavabdehlərə onun mənzili lazım da deyil, onlar uzun illərdir ki, onun mənzil olmadan həyat sürürlər. Ailəsinin rahatlığı, əmin amanlığı üçün onlara mənzilə dair hüquqlarının əvəzinə 3000 manat kompensasiya verə bilər. Evinin bazar qiymətinin cəmi 13000 manat olması (01/2458 №-li arayışla təsdiq olunur) nəzərə alınsa, aydın olar ki, o cavabdehlərə az qala evinin dəyərinin 1/4-ni (13.000:3.000=4.33) təklif edir. Bu məbləğ bazar dəyəri 13000 manat olan evdə yaşayış hüququnun kompensasiyası üçün çox olsa da, başqa əlacı yoxdur, çünki cavabdehlərlə birgə yaşamaq onu və xəstə qoca arvadını məhv edər. Cavabdehlər onsuz da qızı ilə birlikdə başqasının adına olan öz evlərində yaşayırlar. Onların faktiki olaraq onun evinə ehtiyacları yoxdur. Olsa idi indi də gəlib yaşayardılar. Oğlu öləndən sonra cavabdehlər özləri könüllü olaraq evdən çıxıb getmişlər. Onlar onunla və onun qoca xəstə yoldaşı ilə yaşamaq istəməmişlər. Cavabdehlərin onun evinə dair hüquqlarının itirilməsinə dair məhkəmədə iddia qaldırmasaydı, onlar ölənə kimi onun evinə gələsi deyildilər. Əslində cavabdehlərin ondan, ümumiyyətlə, hər hansı miqdarda kompensasiya almağa ehtiyacları yoxdur, çünki dolanışıqları normaldır. Buna baxmayaraq, qanunun tələbi üzrə, həm də bir növ halallıq üçün onlara yuxarıda göstərilən miqdarda kompensasiya təklif edir. Onun təklifi qanuna tam uyğundur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək və məhkəməyə ərizə təqdim edərək, iddiaçıya məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzildən cavabdehlərin istifadə hüquqlarına 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Turxay qızı iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı onun mərhum ərinin atasıdır. O, iddiaçının mərhum oğlu X5 ilə 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və iddiaçıya məxsus mənzilə gəlin köçmüşdür. Lakin, 2018-ci ildə əri ölmüşdür. Bundan sonra o, qızları ilə birlikdə yaşadıqları evdən çıxarılmışlar. Hazırda aylıq 150 manat kirayə haqqı ödəməklə kirayədə qalır. Qeyd edilən evdən başqa daimi yaşamağa yerləri yoxdur. Təklif olunan kompensasiya məbləği uşaqlı ana üçün kifayət olmadığından, həmin məbləğ ilə razılaşmırlar. Habelə məbləğ artırılsa belə mənzildən istifadə hüququna xitam verilməsini istəmir, çünki onlar həmin evə köçüb orada yaşamaq istəyirlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ev 4-də yerləşən 6 nömrəli, ümumi sahəsi 25,90 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 18.11.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2523/2021 saylı 14.09.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh X4 ünvan 1 ünvanda yerləşən 6 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 Turxay qızı və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 6 saylı mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Turxay qızı və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqları mövcuddur və həmin hüququn itirilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. İş materiallarında olan Girovların Qiymətləndirilməsi və Nəzarəti Departamentinin 14.03.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilinin bazar qiyməti 13000-15000 manat, aylıq kirayə haqqının məbləği 70,0-80,0 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01/2458 saylı 15.11.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilinin 12.11.2021ci il tarixə bazar qiyməti 13000 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 Turxay qızı iddiaçının mərhum oğlu X5 ilə 1993-cü ildə nikaha daxil olaraq, mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından Gülay və Süsən adlı uşaqları doğulmuşdur. İddiaçının oğlu 12.08.2018-ci ildə ölmüşdür. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Süsən adlı uşağın mübahisəli mənzildən istifadə hüququ itirilsə də, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının olması müəyyən edilməklə, onların mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin, tərəflər arasında olan münaqişələr səbəbindən hazırda cavabdehlər həmin evdə yaşamırlar. İddiaçı da aralarında olan münaqişələrin kəskin olması səbəbindən cavabdehlərin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehlərə 5000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli mənzilin ümumi satış qiyməti 13000 min manatdır, belə olan halda həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün 5000 manat kompensasiya məbləği ədalətlidir. Cavabdeh2 isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Çünki, onların mübahisəli mənzildən başqa daimi yaşayış yerləri yoxdur, odur ki, həmin evə köçüb orada yaşamaq istəyirlər. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mübahisəli evdə istifadə hüququna malik olduqlarından, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, bir otaqlı evlərin aylıq kirayə haqqı orta hesabla 100- 150 manatdan götürülsə (cavabdeh özü də hazırda aylıq 150 manat verməklə başqa mənzildə kirayədə qaldığını bildirir), təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin təxminən təxminən üç il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, İddiaçı tərəfindən 5000 manat kompensasiya verilməklə Cavabdeh1 və Cavabdeh2 Turxay qızının Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh1 və Cavabdeh2 Turxay qızının Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 4 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 Turxay qızından ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-462/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-462/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver