Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-533/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Gəncə şəhər 1 saylı Notariat Ofisi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 02.12.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, 26.01.2012-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, onun mərhum atası X4 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdə birinci növbə vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülk Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, 26.01.2012-ci il qeydiyyat tarixli çıxarış əsasında Cavabdeh adına qeydə alınmışdır. Mülkiyyət hüquqları qeydə alınmış cavabdeh doğma qardaşıdır. Onun bu hüquqları qeydə alınanadək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülk 14 fevral 2009-cu ildə vəfat etmiş mərhum atası X7 adına olmuşdur. Atası vəfat etdiyində o, Rusiya Federasiyasında həbsdə (cəzaçəkmə müddətinin başlaması 12.03.2008ci il cəzaçəkmə müddətinin bitməsi 11.03.2020-ci il; 065833 nömrəli arayış) olmuşdur. Bu müddət ərzində o, Azərbaycan Respublikasının ərazisində məlum səbəbdən olmamışdır. Bundan istifadə etmiş cavabdeh atasından miras qalmış mübahisəli mülki vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Gəncə şəhəri 1 saylı Notariat Ofisindən rəsmi qaydada əldə olunmuş qanun üzrə vərəsəlik işinin matariallarından görünür ki, cavabdeh tərəfindən notariusa 19.11.2011-ci il tarixli arayış təqdim olunmuşdur. Həmin arayışla müəyyən olunur ki, rəhmətlik atasının vəfatından sonra guya cəmi iki vərəsəsi Cavabdeh və anası X11 qalmışlar. Halbuki, o, qanun üzrə vərəsə olduğu halda, notariat orqanı həmin arayışa əsaslanmış və 02.12.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözü gedən əməliyyatların baş verməsindən 2021-ci ilin sonunda məlumat əldə etmişdir. Belə ki, cavabdeh arvadı və uşaqlarına qarşı evdən çıxarılma tələbi ilə məhkəməyə ərizə vermiş və onların Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdən çıxarılmasını xahiş etmişdir. Cavabdehin bu hərəkətləri onun və ailə üzvlərinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 02.12.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab olunmalı, onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, 26.01.2012-ci il qeydiyyat tarixli çıxarış ləğv edilməli və onun mərhum atasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdə birinci növbə vərəsə kimi payını müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X30 iddianı qəbul etməyərək izahatında bildirdi ki, vərəsənin cəzaçəkmə müəsissəsində olması onun miras əmlakı qəbul etməsi üçün məhdudiyyət yaratmır. Belə ki, miras əmlakın qəbuluna dair cəzaçəkmə müəsissəsinin rəhbərliyi vasitəsi ilə yazılı ərizənin göndərilməsi kifayət idi ki, iddiaçı vərəsə kimi tanınsın. Halbuki bu sadə prosedur iddiaçı tərəfindən həyata keçirilməyib. Bundan başqa işin mühüm əhəmiyyətli bir halı iddiaçının nəzərindən yayınmışdır. Belə ki, iddiaçının cəzaçəkmə müddətinin axırı 11.03.2020-ci il tarixdə bitmiş və 2020-ci ilin dekabr ayında İddiaçı Azərbaycana gələrək bir ay ərzində Azərbaycanda qalmışdır. İddiaçının 2020-ci ilin axırında Azərbaycana gəlib 2021-ci ilin yanvarın 15 də Rusiyaya qayıtması işin mübahisəsiz tərəfidir və vəkilə verilən etibarnamə də həmin ərəfədə iddiaçının həyat yoldaşına verilmiş etibarnamə üzrə səlahiyyətlərin ötürülməsi ilə verilən etibarnamədir. Sözügedən 11.03.2020-ci il tarixdən azadlıqda olduğu hal-hazıradək iddiaçının miras kütləsini hansı səbəbdən qəbul etməməsi, əgər qəbul edibsə bunun nədə ifadə olunması kimi hallar iddia tələbində mövcud deyildir. Demək olar ki, iddiaçı iki ilə yaxın müddətdir ki, azadlıqdadır və hələ də mirası əmlakı qəbul etməyə yönəlmiş heç bir hərəkət etməmişdir. Xüsusi ilə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, miras açılan zaman iddiaçı ilə telefon əlaqəsi saxlanılmış, mirasdan pay istəyib-istəməməsi barədə fikri öyrənilmişdir. Cavabında mirasdan heç bir pay istəmədiyini və adının vərəsələrin dairəsinə salınmamasını təkidlə bildirmişdir Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. İddiaçı 2009-cu il tarixdə Rusiya Fedarasiyasiyasında azadlıqdan məhrum edilmişdir. Onun barəsində cinayət işi açıldığı müddətdə atası mərhum Zahid Həsənov baş verən hadisədən təsirlənmiş və qısa müddət sonra vəfat etmişdir. O, qardaşı həbsdə olan müddətdə onun yanına daimi olaraq gedib gəlmiş, həmçinin mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. İddiaçı həmin vaxt atasının vəfat etdiyini bilmiş və hazırki mübahisə predmeti olan evdən miras payı tələbi olmamışdır. Həmçinin İddiaçı evin digər qardaşı Cavabdeh adına keçirilən zaman məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun oğlanlarıdır. Hazırki mübahisə predmeti olan ev onun mərhum həyat yoldaşı Zahid Həsənovun mülkiyyətində olmuşdur. O, oğlu İddiaçı 2009-cu il tarixdə Rusiya Fedarasiyasiyasında cinayət əməli törətməsinə dözə bilmədiyi üçün, ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Vəfat etməmişdən öncə həmin mülkü Cavabdeh şifahi şəkildə vəsiyyət etmişdir. Onlarla İddiaçı həbsdə olduğu müddətdə mütəmadi telefon əlaqəsi saxlamışlar, bu səbəbdən o, həmin dövrdə atasının vəfat etməsindən və daha sonra evin qardaşı Cavabdeh adına keçirilməsi barədə məlumatlı olmuşdur. İş materiallarına əlavə edilmiş X3 bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına qeydə alınmış, reyestr kitabında 14945 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilən AZ-İ seriyalı 345761 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 14.02.2009-cu il tarixdə “ürəyin çatmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan X11 tərəfindən verilmiş ərizədən görünür ki, o, mərhum əri X7 14.02.2009-cu il tarixdə vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsa da orada yaşamamışdır, vərəsəliyini qəbul etməmiş, mülkdən imtina etmişdir. İş materiallarına əlavə olunan Gəncə şəhəri 1 saylı notariat kontorunda 2V-1-312 reyestr nömrəli notariat işi üzrə 02.12.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsə Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Kirovabad şəhəri Stalin rayon 1-ci sahə xalq məhkəməsinin 22.10.1947-ci il tarixli 204 saylı qərarına əsasən X8 Məmmədov İdrisin qanunu vərəsəsi olması təsdiq edilmişdir. X8 adına Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 saylı fərdi yaşayış evinə (tikili “A"-da 48.5 kvm iki yaşayış otaqları, 16,5 kvm köməkçi sahə, 16,0 kv.m keçid) 01.05,2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 11.06.2002-ci il tarixli 2V-1-108 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X7, X5, X6, X1, X2 adlarına keçmişdir, Vərəsələrin adlarına 01.08.2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 16.09.2002-ci il tarixli 555 saylı sərəncamına əsasən bu əmlakda layihə sənədləri olmadan inşa edilmiş 66.8 kvm yaşayış sahəsinin, 46.0 kvın köməkçi sahəsinin, 20.2 kvm həyət tikililərinin qeydiyyata alınmasıda qərar verilmişdir. 1 saylı notariat kontorunun 01,10.2002-ci il tarixli 4Ə-3-290 saylı bağışlama müqaviləsinə əsasən X13, X14, X9, X10 mülkdə olan paylarını X12 bağışlamışdırlar. X12 bu fərdi yaşayış evinə (tikili "A"-da 115.3 kvm beş yaşayış otaqları, 49.6 kvm köməkçi sahə, 129 kvm açıq eyvan, 16.0 kvm keçid, tikili "B’'-də 20,2 kvm hamam) 07.10.2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 02.12.2011-ci il tarixli 2V-1- 312 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh adına keçmişdir və ona 26.01.2012-ci il tarixli ********** qeydiyyat nömrəli seriya MA № ******* çıxarış verilmişdir. İş materiallarında olan X28 Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Cənub- X27 üzrə Daxili İşlər İdarəsi tərəfindən 16.02.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Moskva şəhər məhkəməsinin 29 iyul 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a, e,j,z” bəndləri ilə 12 il müddətinə ağır rejimli islah koloniyasında azadlıqdan məhrum olma cəzası ilə məhkum edilib. Sverdlovsk vilayətinin Tavdinski rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə o, 11 ay 27 gün müddətinə həbsxanaya köçürülüb. O, cəzasını Rusiyanın Çelyabinsk vilayətindəki FKU T GUFSİN-də çəkib. O, cəzasını çəkdikdən sonra 2020-ci il mart ayının 11-də azadlığa buraxılıb. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında olan fərdi yaşayış evi tərəflərin atası mərhum Zahid Həsənova məxsus olmuşdur. Zahid Həsənov 14.02.2009-cu il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız Cavabdeh qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnamə tərtib edilmiş və həmin şəhadətnaməyə əsasən mülkə dair sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı miras açılan vaxt, yəni atası ölən zaman onun Rusiya Fedarasiyasında həbsdə olduğunu, bu səbəbdən mirası qəbul edə bilməməsini əsas gətirərək, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsin etibarsız sayılmasını, çıxarış ləğv edilməsini və miras əmlakda payının müəyyən edilməsini tələb edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Zahid Həsənov 14.02.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı mirasın açıldığı vaxt başqa ölkədə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, bu səbəbdən mirası qəbul edə bilmədiyini bildirsə də bununla bağlı məhkəmə qeyd edir ki, bu hal iddiaçının mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının azadlıqdan məhrum edilməsi onu digər hüquqlarından məhrum etməmişdir, o həbsdə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Bundan başqa, məhkəmə onun həbsdə olduğu müddəti üzrlü hesab etsə belə, işin mübahisələndirilməyən halından görünür ki, iddiaçı həbsdən 2020-ci ilin mart ayının 11-də azadlığa buraxılmış, lakin məhkəməyə mövcud iddia tələbi ilə 24.01.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı azadlığa buraxıldığı vaxtdan keçən 2 ilə yaxın müddət ərzində də hazırki tələbini mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd olunan miras əmlaka dair cavabdehin mirası qəbul etdiyi, yəni miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi alan zaman onun həbsdə olduğu üçün məlumatı olmadığını qeyd etmişdir. Lakin, məhkəmə iclasında şahid qismində dindirilmiş onun anası Adilə Həsənova və qardaşı Arzu Həsənov ifadələrində İddiaçı həbsdə olduğu müddət ərzində onunla mütəmadi danışdıqlarını və mülkün Cavabdeh adına keçməsindən xəbərdar olduğunu qeyd etmişlər. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin etibarsız hesab edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli evə dair Cavabdehnın mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair Cavabdehnın adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Məhkəmə, həmçinin iddianın miras əmlakda payın müəyyən edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-533/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-533/2022
12.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver