Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-589/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.10.2019-cu il tarixli, MS-1326 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12.09.2021-ci il tarixə 528,7 manat əsas, 237,32 manat gecikdirilmiş mükafat , 276,8 manat dəbbə pulu, 1350 manat zərər olmaqla ümumilikdə 2392,82 (iki min üç yüz doxsan iki manat 82 qəpik) manat pulun və ödənilmiş 44,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı MMC-in direktoru məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli MAS-1326 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168253 ban nömrəli, gümüşü rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X8 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 25 avqust 2020-ci il tarixdə X8, X5 və İddiaçı MMC arasında MAS-1326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2019-ci il tarixli MAS-1326 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 may 2021-ci il tarixdə X5,Cavabdeh və İddiaçı MMC arasında MAS-1326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2019-ci il tarixli MAS-1326 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2021ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1350 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 27 iyul 2021- ci il tarixdə 1110 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 11 oktyabr 2019-cu il tarixli MAS-1326 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 sentyabr 2021-ci il tarixə 528,70 manat gecikdirilmiş əsas, 237,32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 276,80 manat dəbbə pulu, ümumilikdə 1042,82 manat gecikmə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 11.10.2019-cu il tarixli MS-1326 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 13300 manat dəyərində 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168253 ban nömrəli, gümüşü rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətində saxlanmaqla və lizinq alan X4 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan X8 müəyyənləşdirilmiş dövriliklə illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,77 manat, ümumilikdə 18421 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. 25.08.2020-ci il tarixli X8, X9 və İddiaçı MMC arasında bağlamış MS-1326 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin və təhvil-təslim aktının surətindən görünür ki, 11.10.2019-cu il tarixli MS-1326 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25.08.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X2 Vahid Vaqif oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, 99PC124 qeydiyyat nişanlı avtomobili təhvil almışdır. 27.05.2021-ci il tarixli öhdəliklərin götürülməsi müqaviləsindən görünür ki, X5,Cavabdeh və İddiaçı MMC arasında MAS-1326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 oktyabr 2019-ci il tarixli MAS-1326 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27.05.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X3 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, 99PC124 qeydiyyat nişanlı avtomobili təhvil almışdır. 11.10.2019-cu il tarixli, AD588719 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99PC124 qeydiyyat nömrə nişanlı, “KHAZAR SD” markalı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. 28.10.2021-ci il tarixli qüsur aktından görünür ki, 99PC124 qeydiyyat nömrə nişanlı, “KHAZAR SD” markalı avtomobilə texniki baxış zamanı ümumilikdə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. 24.01.2022-cil il tarixli, 232 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 11.10.2019-cu il tarixli MAS-1326 saylı daxili lizinq müqaviləsi üzrə 12.09.2021-ci il tarixə 528,7 manat əsas, 237,32 manat mükafat və 276,80 manat cərimə olmaqla cəmi 1042,82 manat borcu vardır. 23.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinqalan daşıyır. MM-in 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Göründüyü kimi tərəflər arasında öhdəliyin verilməsi barədə müqavilə bağlanaraq cavabdeh 11.10.2019-cu il tarixli MS-1326 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəliyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda 28.10.2021-ci il tarixli qüsur aktından müəyyən olunmuşdur ki, lizinq obyekti olan avtomobilə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməsini onun əmlak mənafeyinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan 276,8 manat cərimə məbləği azaldılaraq 6,8 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC ilə bağlanmış 11.10.2019-cu il tarixli, MS-1326 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 11.10.2019-cu il tarixli, MS-1326 nömrəli lizinq müqaviləsi üzrə 528,7 manat əsas, 237,32 manat gecikdirilmiş mükafat, 6,8 manat dəbbə pulu, 1350 manat dəymiş zərər olmaqla cəmi:- 2122,82 (iki min bir yüz iyirmi iki manat 82 qəpik) manat pul alınaraq İddiaçı MMC-in xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 44,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 11.10.2019-cu il tarixli, MS-1326 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 11.10.2019-cu il tarixli, MS-1326 nömrəli daxili lizinq müqaviləsi üzrə 528,7 manat əsas, 237,32 manat gecikdirilmiş mükafat, 6,8 manat dəbbə pulu, 1350 manat dəymiş zərər olmaqla cəmi:- 2122,82 (iki min bir yüz iyirmi iki manat 82 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 44,4 (qırx dörd manat 40 qəpik) manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-589/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-589/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver