Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-614/2020 13.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi x1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 26.03.1992-ci ildə anadan olmuş qardaşı x4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 26.03.1992-ci ildə anadan olmuş qardaşı x9 anadangəlmə “Daun” xəstəliyindən əziyyət çəkir. Anası x7 20.09.2018-ci ildə, atası x10 isə 05.08.2019-cu ildə vəfat etmişlər. Qardaşı x6 DSMF tərəfindən “birinci dərəcəli əlillik” təyin olunmuşdur. O özünü sərbəst idarə edə bilmir və ona başqa qulluq edən olmadığı üçün özü qulluq edir. Qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində məqsədi müəyyən sənədləşmə işlərində qardaşının iştirak edə bilməməsidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi x3 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE seriyalı, 17743928 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x9 26.03.1992-ci ildə Gəncə şəhərində anadan olmuş. Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, ev 3A, mənzil 33-də qeydiyyatdadır. Vİİ-İK seriyalı, 746929 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, x10 03.08.2019-cu ildə Rusiya Federasiyası, Moskva vilayəti, Podolsk şəhərində ölmüşdür. AZ-İ seriyalı, 922013 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, x7 20 sentyabr 2018-ci ildə ölmüşdür. AZ-T seriyalı, 081924 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, atası x10, anası x2 qed olunmuşdur. Gəncə şəhər Kəpəz RİHB-in 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.11.2019-cu il tarixli, 1140 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 mənzil 33 ünvanda qeydiyyatdadlır. XVİ- JQ seriyalı, 297478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x8 26 mart 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası x10, anası x7 qeyd olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(043)- 614/2020 nömrəli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserin 17 fevral 2020-ci il tarixli 107 nömrəli rəyindən görünür ki, ekspertiza zamanı x5 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ, DAUN XƏSTƏLİYİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq x9 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə x4 doğuş travması ilə anadan olması, psixofıziki inkşafda həmyaşıdlarından geri qalması, daim valideynlərinin, onlar vəfat etdikdən sonra bacısı Ərizəçi himayəsi və nəzarəti altında yaşaması, orta ümumtəhsil məktəbində oxuya bilməməsi səbəbindən yardımçı məktəbdə təhsil almasına baxmayaraq oxumaq və yazmaq vərdişləri əldə etməməsi, 1999-cu ildən Gəncə şəhər Psixonevroloji Dispanserində “Kəskin debillik dərəcəsində olan oliqofreniya. Daun xəstəliyi” diaqnozu ilə qeydiyyatda durması, 2019-cu ildə Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar şəraitdə müayinə olunaraq “Ağır dərəcəli əqli gerilik. Daun xəstəliyi” diaqnozu qoyulması, keçirdiyi xəstəliklə əlaqədar olaraq hərbi xidmətə yararsız hesab edilməsi və ona İ qrup müddətsiz əlillik təyin olunması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 07.10.1999-cu il tarixli 458/99 saylı ambulator xəstənin tibbi kartası, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 3130/19 saylı stasionar xəstənin tibbi kartasından çıxarış, TSEK-dən verilmiş 21.10.2019-cu il tarixli şəhadətləndirmə vərəqi), hazırki ekspertiza zamanı onda təfəkkür,yaddaş,davranış,emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda emosional kütlük aşkar olunması, yaddaşının mexaniki tipli, təfəkkürünün konkret olması , oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda davranış pozğunluqları müşahidə edilməsi, intellektinin inkişafdan geri qalması, İQ=48%. və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, x9 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Beləl olan halda məhkəmə hesab edir ki, x4 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli x13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizətəminedilsin. 26.03.1992-ci ildə anadan olmuş x9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş x4 üzərində qəyyum təyin edilməsi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-614/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-614/2020
13.03.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver