Məhkəmə qərarları › İş №2(043)-642/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-642/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-642/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh “Gəncə Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq su puluna görə hesablanmış 516,93 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xeyli müddətdir ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi, döngə 1, ev 17-də yaşamır. Lakin buna baxmayaraq bu yaxınlarda Gəncə şəhəri “Su kanal” TSC hesab faktura verdilər və mənə bildirmişlər ki, onların 516,93 (beş yüz on altı manat doxsan üç qəpik) manat borcu vardır. Əslində isə onun borcu yoxdur. Çünki, onun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi, döngə 1, 17 nömrəli evə suölçən cihaz qoyulmamışdır. Bundan başqa hər ay bir nəfər üçün sudan istifadəyə görə 1 manat 25 qəpik pul ödənilməsi nəzərdə tutulmasına baxmayaraq cavabdeh orqan 516,93 manat borcu olduğunu bildirir. Borcunun bu qədər olmasını soruşduqda isə ona bildirmişlər ki, onların evdə 4 nəfər başqa şəxslər də qeydiyyatdadır vardır. Ona görə bu qədər borcları yaranmışdır. Halbuki, ərizəsinə əlavə etdiyi arayışdan görünür ki, həmin ünvanda heç kim qeydiyyatda yoxdur. Belə olan halda hesab edir ki, mülkiyyətimdə olan mənzilə dair cavabdeh orqan tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə verərək, cavabdeh qismində göstərilən Cavabdeh ASC-nin əsl olmayan cavabdeh olduğundan onun “Gəncə Sukanal” TSC ilə əvəz edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Gəncə Sukanal” TSC-nin nümayəndəsi iddianı qəbul etməyərək, izahatın göstərdi ki, iddiaçı ilə su təchizatı haqqında müqavilə bağlanılmamışdır və mənzildə sayğac yoxdur. Mənzildə əvvəllər 1 nəfər sakin üçün hesabat aparılmış, 2015-ci ildə abonent sitemində yeniləmə olduqdan sonra iddiaçı mənzildə qeydiyyatda olan şəxslər barədə yeni məlumat təqdim etmədiyindən hesabat 4 nəfər üçün aparılmağa başlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, Gəncə şəhəri, X5 küçəsi, döngə 1, ev 17 ünvanında su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı xx.xx.2020-ci il tarixə 516,93 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi, döngə 1, ev 17 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarına əlavə olunmuş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, X5 küçəsi, döngə 1, ev 17 ünvanında yerləşən mənzil Gəncə şəhəri, Kəpəz rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1987-ci tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, X5 küçəsi, döngə 1, ev 17 ünvanında yerləşən evin su sayğacı mövcud olmamaqla, həmin ünvanda qeydiyyatda olan şəxs yoxdur. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonentin 2014-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 8,40 manat borcu olmuş, 2015ci ilin noyabr ayı da daxil olmaqla həmin vaxta qədər sərfiyyat bir nəfər şəxs üçün aylıq 5 m3 istehlak norması əsas götürülərək hər ay üçün 1,80 manat istifadə olunmuş suyun dəyəri hesablanmışdır. 2015-ci ilin dekabr ayı da daxil olmaqla 2020-ci ilin dekabr ayına qədər sərfiyyat 4 nəfər üçün hər ay 20 m3 hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh əvvəllər sərfiyyatın 1 nəfər üçün aparılmasına baxmayaraq 2015-ci ilin dekabr ayından etibarən 4 nəfər üçün hesablanmasının səbəblərini əsaslandıra bilməmiş, həmin dövrdə evdə yaşayan şəxslərin sayının artması ilə bağlı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin dövr üçün hesabat yalnız bir nəfər üçün aparılmalı idi. İddiaçı bütün borcun silinməsini tələb etsə də bu iddiasını əsaslandıra bilməmişdir. Belə ki, “Sudan istifadə qaydaları” na uyğun olaraq ən azı bir nəfər üçün hesabat aparılmalıdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” xx xxx 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar xx xxx 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2015-ci ilin dekabr ayında 4 nəfər üçün hesabat aparılmaqla 20 kubmetr suya görə 7,20 manat borc hesablansa da əslində 1 nəfər üçün 5 kubmetr suya görə 1,80 manat borc hesablanmalı idi. Buna uyğun olaraq iddiaçının 2015-ci il üçün borcu 21,60 manat olmalı olduğundan 2015-ci il üçün hesablanmış 5,40 manat borc silinməlidir. xx xxxxxx 2016-cı il tarixdən xx xxx 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə bir nəfər üçün 8,10 manat (1,80 x 4,5 ay) borc hesablanmalı, xx xxx 2016 – xx xxxxxx 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə bir nəfər üçün 5 kubmetr suya görə 16,88 manat (2,25x7,5 ay) olmaqla ümumilikdə həmin il üçün 24,98 manat borc hesablanmalı olduğu halda 72 manat borc hesablanmışdır. Buna görə də həmin borcun 47,02 manat hissəsi silinməlidir. 2017, 2018, 2019 və 2020-ci illər üçün eyni qaydada 4 nəfər üçün 20 kubmetr suya görə hesablama aparılmış və illər üzrə müvafiq olaraq 108,45, 113,4, 106,2 və 67,05 manat borc hesablanmışdır. Lakin bu illər üzrə də bir nəfər üçün beş kubmetr su hesabı ilə hesablama aparılmalı və hər il üçün ayrılıqda hər ay 2,25 manat olmaqla 27 manat (2,25x12 ay) borc hesablanmalı idi. Buna uyğun olaraq illik hesablanmış borc məbləğlərindən artıq olan hissələr, yəni 2017-ci il üçün borcdan 81,45 manat, 2018-ci il üçün borcdan 86,4 manat, 2019-cu il üçün borcdan 79,2 manat və 2020-ci il üçün borcdan 40,05 manat hissələri silinməlidir. Beləliklə aparılmış hesablama zamanı iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumi borc məbləğinin 339,52 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Gəncə Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, X5 küçəsi, döngə 1, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı 2014-2020-ci illər üzrə hesablanmış borcun 339,52 (üç yüz otuz doqquz tam yüzdə əlli iki) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar