Məhkəmə qərarları › İş №2(043)-746/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-746/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-746/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinın Cavabdeh qarşı itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh itirilmiş təbii qazın dəyərini könüllü ödəmədiyinə görə 210 manat məbləğində debitor borcun və ödənilmiş 20,40 manat dövlət rüsumunun “İddiaçı” İstehsalat Birliyinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, "İddiaçı” X2 X4 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2019-cu il tarixli №15208-02-20 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər,itirilmiş qazın dəyəri və s. Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzlənərək xx.xx.2020-ci il tarixli №3863796 nömrəli akta əsasən sayğac dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-02710- 1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfində deformasiya olduğu və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə №0242068 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 hesabat aparılmaqla 216.00 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununla da abonentin “İddiaçı” İB-nin Gəncə X4 İdarəsinə 216.00 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında təbii qazın alqı-satqısı barədə müqavilə bağlandıqdan sonra istifadə etdiyi qazın dəyərini vaxtında ödəmişdir. İddiaçı tərəfin tələb etdiyi məbləğ itirilmiş qaz sərfiyyatına görə hesablanmış məbləğdir. Hansı ki, onun istifadəsində olan əvvəlki sayğacın limiti bitdiyi üçün yeni sayağac quraşdırılılmış, həmin sayğac işləmədiyi üçün qaz istismarı idarəsinin əməkdaşları avtomobillərinin yük yerindən deformasiyaya uğramış yəni korpusu əzilmiş sayğacı çıxararaq limiti bitmiş sayğacla əvəz etmişlər. O, həmin sayğacın əzilmiş vəziyyətdə quraşdırılmasına iradını bildirdikdə qaz istismar idarəsinin əməkdaşları ona sayğacın işlək vəziyyətdə olduğunu və narahat olmamasını bildirmidirlər. xx xxx 2020-ci il tarixdə qaz istismar idarəsinin əməkdaşları həmin əznik vəziyyətdə olan sayğacı açıb yeni saygac quraşdırılmışlar və bu barədə akt tərtib olunmuşdur. Sayğac açılandan 2-3 ay sonra saygacda qüsur olması barədə qaz istismar idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunmuş o, həmin akta imza etmişdir. Akta imza edərkən güman etmişdir ki, akt saygacın əznik vəziyyətdə olması ilə bağlıdır. Lakin bir müddət keçdikdən sonra ondan 216 manat pul tələb etmişlər ki, guya o, saygaca müdaxilə etmişdir. Hesab edir ki, iddia tam olaraq əsassız olduğundan rədd olunmalıdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X6 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2019-cu il tarixli ********* nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “İddiaçı” İB ilə Cavabdeh arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2020-ci il tarixli,3863796 nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan qaz sayğacı açılaraq yenisi il əvə olunmuşdur. Qaz sayğacının açılmasına səbəb sayğacların kütləvi şəkildə dəyişməsi ilə əlaqədar olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, abonent Cavabdeh istifadəsində olan qaz sayğacına baxış keçirilərkən «aşkar olunmuşdur ki, sayağacın hesablanma mexanizminin plastmas qapağının yan tərəfində deformasiya var və daxili qulaqcıqlarında əzik cızıq izləri var»dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti təbii qazın alqısatqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə cavabdehin «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatına görə zərər hesablansa da cavabdehin sayğaca müdaxilə etməsi sübuta yetirilməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2020-ci il tarixli,3863796 nömrəli aktda göstərilmişdir ki, sayğacın çıxarılmasının səbəbi kütləvi dəyişmə ilə əlaqədar olmuşdur. Göründüyü kimi sayğac açılan vaxt aktda sayğacın deformasiyaya uğraması barədə qaz istismar idarəinin əməkdaşları tərəfindən qeydiyat aparılmaması həmin sayğacın quraşdırılan zaman əznik vəziyətdə olmasını qəbul etmələri ilə bağlı olmuşdur.Bununla yanaşı istehlakçının aşkaranə surətdə sayğaca müdaxilə etməsini məhkəmə həqiqətə uyğun hesab etmir. Digər tərfdən abonentin saldosuna baxış zamanı açılmış sayğacla yeni quraşdırılmış sayğacda qaz sərfiyyatının göstəricisi əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı «İddiaçı» İstehsalat Birliyinın Cavabdeh qarşı itirilmiş təbii qazın dəyəri olan 210 manat pulun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «İddiaçı» İstehsalat Birliyinə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyinın Cavabdeh qarşı oğluna qarşı itirilmiş təbii qazın dəyərinin, 210 manatın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar