Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-896/2022 28.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “notariat hərəkətlərini aparılmasından imtina” barədə şikayət ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı notariat hərəkətlərinin aparılmasından imtinadan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmiş və eləcə də ərizə imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddiaçı məhkəməyə verdiyi ərizədə özünü şikayətçi, qarşı tərəfi isə maraqlı tərəf kimi qeyd etmişdir. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsində notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuş, lakin həmin maddə və bu şikayətlərə baxılmasına dair 38-ci fəsil 9 iyul 2021-ci il tarixli 363- VİQD nömrəli Qanunla MPM-dən çıxarılmışdır. Hazırda həmin növ iddialara iddia icraatı qaydasında baxılır. Bu baxımdan ərizəçi öz ərizəsində iş üzrə tərəfləri düzgün göstərməmiş, ərizənin forma və məzmununa dair tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı notariat hərəkətlərini aparılmasından imtina edilməsindən şikayət ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-896/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-896/2022
28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver