Məhkəmə qərarları › İş №2(043)-903/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-903/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-903/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti ollan faktın müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin dekabr ayının 29-dan 1995-ci ilin fevral ayınadək olan müddətdə N saylı hərbi hissənin tərkibində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində, 1993-cü ilin dekabr ayında düşmənin minaladığı ərazidən keçərkən minaya düşmüş, ağır yaranmış və Gəncə şəhərinə xəstəxanaya aparılmışdır. Uzun müddət aldığı yaradan müalicə almış və sonra yenə döyüş bölgəsinə qayıtmışdır. 1995-ci ilin fevral ayında tərxis edilmişdir. Hərbi Komissarlıq tərəfindən ona müharibə veteranı olmasına dair 060385 nömrəli vəsiqə verilmişdir. Həmin vəsiqə ilə bir çox imtiyazlara sahib olmuşdur. Bir müddət sonra vəsiqəsini Bakı – Gəncə avtobusunda itirmişdir. Bu barədə qəzetdə də elan vermişdir. Vəsiqəsinin yenilənməsi üçün Kəpəz rayon Hərbi Komissarlığına müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən hüquqi faktların siyahısı verilmişdir. Qeyd olunan siyahıda şəxsin hərbi xidmətdə olma faktının məhkəmə qaydasında müəyyən edilməsi göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Ərizənin məzmunundan görünür ki, ərizəçi müharibə veteranı olmasına dair ona verilmiş vəsiqənin itirilməsini qeyd edərək, həmin vəsiqənin bərpa edilməsi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyinin Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət etmişdir. Arayışın verilməsinə əsas olan sənədlər isə xx.xx.2000-ci il tarixli arxiv arayışı və NZ-4844918 nömrəli hərbi bilet olmuşdur. Bundan başqa, ərizəyə əlavə edilmiş 060386 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranı olduğu üçün ona xx.xx.2001-ci il tarixdə vəsiqə verilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarının 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, ərizəçinin 1993-cü ildən 1995-ci ilədək olan dövr ərzində hərbi xidmət keçməsi faktı ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. Ərizəçi müharibə veteranı vəsiqəsinin bərpa edilməsi üçün əvvəlcə müvafiq icra hakimiyyəti orqanına (və ya onun struktur bölməsinə) müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdikdə isə, onun hərəkət vəya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyəti ollan faktın müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar