Məhkəmə qərarları › İş №2(043)-952/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-952/2020

21.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-952/2020 21.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin və azyaşlı uşaqların istifadə hüququnu 12000 manat məbləğində kompensasiya ilə əvəz olunaraq iddiaçının tam mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmaları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 yanvar 2006-cı il tarixdə anadan olmuş İddiaçı Hidayət oğlunun və 21 oktyabr 2007-ci il tarixdə anadan olmuş x1 onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, 39 saylı mənzilə olan istifadə hüquqlarına 12.000 manat kompensasiya verilməklə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 17 yanvar 2006- cı il tarixdə anadan olmuş İddiaçı Hidayət oğlunun və 21 oktyabr 2007-ci il tarixdə anadan olmuş x1 Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, 39 saylı mənzildən çixarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 1969-cu ildə Cavabdeh1 ilə rəsmi olaraq ailə həyatı qurmuşlar və onların birgə nikahlarından Hidayət, Minarə, Sevinc və Yeganə adlı övladları anadan olmuşdur. Hazırda övladlarından Minarə və Sevinc vəfat etmişdir, Hidayətlə Yeganə isə yetkinlik yaşına çatmışlar və ailə həyatı qurmuşlar. Əvvəllər cavabdehlərlə münasibəti yaxşı olsa da, sonradan heç bir əsas olmadan ona qarşı aqressiv davranmışlar. Halbuki, o, həmişə ailə üzvlərinə qarşı diqqət və qayğı əsirgəməmişdir, daima onların hər təminatını qarşılamışdır. Məlumat üçün bildirir ki, 1994-cü ildə həyat yoldaşı Şəfayət və övladları Hidayət və Yeganə ailəsi ilə birlikdə onu bəhanə edərək Rusiya Federasiyasına işləməyə getmişlər və təxminən 4 aya yaxın müddətdir ki, Azərbaycana qayıtmışlar. Lakin heç nəyə baxmayaraq, yəni ailə üzvlərınin onu bu yaşında atıb getməsinə baxmayaraq, onları qəbul edib, birlikdə yaşamağa qərar verib. Öz-özlüyündə fikirləşmişdir ki, bəlkə ona qarşı elədikləri səhvi anlayıb, onunla xoş davranacaqlar. Əgər bilsəydi ki, onlar əvvəlkindən də pis ona münasibət göstərəcəklər, onlarla birgə yaşamazdı. Artıq 4 ay qısa müddət olmasına baxmayaraq, cavabdehlərlə münasibətləri pisləşib, onlarla birgə yaşamaq qeyri-mümkündür, özünə məxsus mənzildən sərbəst istifadə edə bilmir, iddiaçı kimi onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Mübahisənin sülh yolu ilə həlli mümkün olmadığı üçün cavabdehlərin yaşayış hüququnun 12.000 manat məbləğində kompensasiya ilə əvəz olunaraq onun tam mülkiyyətində olan mənzildən yaşayış hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına 12000 manat kompensasiya ödənilməklə xitam verilməsini və onların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçı ilə 12 sentyabr 1969cu ildə rəsmi olaraq ailə həyatı qurmuşdur və birgə nikahlarından 4 uşaqları anadan olmuşdur. İddiaçı ilə ayrılmadığını, sadecə bir müddət ayrı yaşadıqlarını bildirdi. Belə ki, o, Hidayət və Elnaz adlı uşaqları ilə iş üçün Moskva şəhərinə getmişdir. Vaxtaşırı iddiaçıya pul göndərdiyini və tez-tez Gəncə şəhərinə, sözügedən ünvana gəlmişlər. Hazırda həmin mənzildə oğlu Cavabdeh2, gəlini Cavabdeh3, nəvələri İddiaçı Hidayət oğlu və x2 ilə birlikdə yaşayırlar. O, iddianı qəbul etmir və istəyir ki, İddiaçı pul verib onu həmin mənzildən çıxarsınlar. Qeyd edilənləri göstərib iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 ilə oxşar məzmunda izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, 39 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmış ərizələrin təsdiq olunmuş surətlərindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, 39 saylı mənzilin İddiaçı Sadıq oğlunun adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazları olmamışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 05.11.2018-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, mənzil 39-da İddiaçı,Cavabdeh1, Cavabdeh2, İddiaçı Hidayət oğlu, x2 və Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 09 dekabr 2019-cu il tarixli, 02/19 nömrəli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 mənzil 39 ünvanında yerləşən mənzilin bazar qiymətinin və aylıq kirayə haqqının məbləğinin müəyyən edilməsi üçün (əsas: 03 dekabr 2019-cu il tarixli müqavilə) mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən mənzil “Metallurq” stadionundan bir qədər yuxarıda, “Fikrət Əmirov” parkı ilə üzbəüz, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Mənzil 3 (üç) yaşayış otağından, mətbəxdən, dəhlizdən, hamamdan, ayaq yolundan və binanın hər iki tərəfinə baxan açıq eyvanlardan ibarətdir. Həm yaşayış otaqları, həm də köməkçi sahələr tamamilə təmirsiz olmaqla, mənzilin ümumilikdə kommunal şəraiti çox zəifdir. Müəyyən olunmuşdur ki, ünvan 2 mənzil 39 ünvanında yerləşən mənzilin bazar qiyməti hazırda təxminən 42000 (qırx iki min) manat, aylıq kirayə haqqının məbləği isə təxminən 80 (səksən) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ seriyalı, 077329 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə x3 arasında 12.09.1969-cu il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İN seriyalı, 136991 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə x6 arasında 11.02.2005-ci il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 109 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət x9 tərəfindən verilmiş 323/4 nömrəli, 06 noyabr 2018-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Kirovabad şəhər x5 İcraiyyə Komitəsinin 5 may 1972-ci il tarixli iclasının 12 nömrəli protokolu ilə 9/17-1. x4 işçiləri arasında Şaumyan küçəsi boyunca yerləşən 11 mənzilli 50 mənzilli yaşayış binasının paylama siyahısı təsdiqlənmişdir. İş materiallarına əlavə olunmuş 6 may 1972-ci il tarixli, 40 nömrəli orderin surətindən görünür ki, İddiaçı ev 11-in 2-ci mərtəbəsindən olan 39 saylı, 3 otaqlı, sahəsi 47.31 kv.m olan mənzil ilə təmin edilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə x3 arasında 12.09.1969-cu il tarixində nikah bağlanmışdır. x10 tərəfindən 6 may 1972ci il tarixli, 40 nömrəli orderlə İddiaçı Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, mənzil 39 verilmişdir. 20108-ci ildə həmin mənzil özəlləşdirilərkən İddiaçı,Cavabdeh1, Cavabdeh2, İddiaçı Hidayət oğlu, x2 və Cavabdeh3 qeydiyyatda olmuşlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizə verərək qeyd edilən mənzilin İddiaçı Sadıq oğlunun adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişlər. 17.01.2006-cı il təvəllüdlü İddiaçı Hidayət oğlu və 21.10.2007-ci il təvəllüdlü x2 azyaşlı olduqlarından onların razılığı alınmamışdır. Mənzil İddiaçı adına özəlləşmiş və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzildə hazırda İddiaçı, onun arvadı Cavabdeh1, oğlu Cavabdeh2, gəlini Cavabdeh3, azyaşlı nəvələri İddiaçı Hidayət oğlu və x2 yaşayırlar. Mənzilin mülkiyyətçisi olan İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mənzildə qeydiyyatda olan şəxslərə 12000 (on iki min) manat konpensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş etmişdir. Cavabdehlər isə iddia ilə razılaşmayaraq və kompensasiya mələğini mübahisələndirmədən, heç bir iddia və vəsatət vermədən İddiaçı pul verilməklə mənzildən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 27 iyul 2001-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzildən istifadə ilə bağlı tərəflər arasındakı hüquq münasibəti 1972-ci ildə yarandığından qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 27 iyul 2001-ci il tarixli Qərarının qeyd edilən tələbinə uyğun olaraq hazırkı mübahisəyə 1999-cu ildə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəllənin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) normaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəllənin xüsusi mülkiyyətdə olan yaşayış mənzillərindən istifadə qaydalarını tənzimləyən 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərlməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının olması göstərilmiş, lakin sözügedən maddədə, ümumiyyətlə həmin Məcəllədə mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu mənzil qanunvericiliyinin mahiyyətcə mülki qanunvericiliyin bir hissəsi olmasına, keçmiş Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamasına, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələblərinə əsaslanaraq bu nəticəyə gəlmişdir ki, 01.09.2000-ci ilədək yaranmış münasibətlər üzrə yaşayış evindən (mənzildən) istifadə hüququna xitam verilməsi ilə əlaqədar yaranan mübahisələrə də Mülki Məcəllənin 228.2-ci maddəsinin qaydaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, hüquqi statusu müəyyən edilməyən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi üçün maddi hüquq normasının olmaması səbəbindən, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutlmuş qanunun analoqiyası tətbiq etməli və iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilərək hüquqi qiymət verilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, cavabdehlərin mübahisəli evə istifadə hüququ vardır, iddiaçı özü cavabdehlərin istifadə hüququnun olmasını mübahisələndirməmişdir və onun tərəfindən təklif olunan kompensasiyanın müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün yetərlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, mübahisəli mənzilin dəyərinin o qədər də yüksək olmadığını, mübahisəli mənzilin üç otaqdan ibarət olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 12.000 (on iki min) manat məbləğində pul cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Həmçinin məhkəmə, hesab edir ki, mübahisəli fərdi yaşayış evinin dəyərinə və yerləşdiyi yerinə görə kompensasiyanın cavabdehlərə təklif edilməsini ağlabatan və reallığa uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 12000 (on iki min) manat kompensasiya məbləği alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilsin. Kompensasiya məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənildikdən sonra onların Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsində yerləşən 36 saylı evin, 39 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin və onlar yetkinlik yaşına çatmayan 17.01.2006-cı il təvəllüdlü İddiaçı Hidayət oğlu və 21.10.2007-ci il təvəllüdlü x2 ilə birlikdə mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar