Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdikləri şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 31 may 1984cü ildə Gəncə şəhərində anadan olmuş X1 daimi baxıma ehtiyacı olduğu üçün fəaliyyət qabilliyyətinin olmaması müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək 31 may 1984-cü ildə Gəncə şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müafiə edərək bildirmişdir ki, bacısı X2 31.05.1984-cü ildə Gəncə şəhərində anadan travma ilə doğulmuşdur. Aynurə doğuşdan travma aldığı üçün heç bir təhsil almamış, fakti olaraq İ qrup əlildir. Bu barədə Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Tibbi Əkspert Komissiyasının ilkin qeyd 02.09.1999-cu il uşaqlıqdan əlil kimi qeyd olunmuş 02.09.2001-ci il tarixli TSE-7 Nizami rayon 2213 nömrəli “əlillik” arayışı mövcuddur. Tibbi ekspert komissiyasının rəyində “daima başqasının qulluğuna ehtiyacı var” sözləri də qeyd edilmişdir. O, 7 yaşından bacısı Aynurəyə qulluq edir. Aynurənin uşaqlıqdan serebral iflic ilə doğulması barədə Gəncə şəhər 3 saylı Poliklinikasının 930 nömrəli 29.07.2021-ci tarixli arayışı mövcuddur. Aynurə əlil arabasında gəzir, o, yeriyə bilmir. Onun bacısı daimi Aminalon, Serabralizin, Lidaza və qıc olmasına qarşı Maqnezium iynəsi və sair dərmanlar qəbul etsə də, heç bir müsbət nəticə əldə etmir. Sonda ərizəçi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31.05.1984-cü il tarixdə Kirovabad (Gəncə) şəhərində doğulmuş, ata qrafasında X3, ana qrafasında Ərizəçi1 qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1989-cu il tarixdə Kirovabad (Gəncə) şəhərində doğulmuş, ata qrafasında X4, ana qrafasında Ərizəçi1 qeyd edilmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi1 arasında olan nikah 31 may 1980-ci il tarixdə Kirovabad şəhəri qeydiyyat şöbəsində qeyd edilmişdir - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X2 İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə 3 saylı şəhər Poliklinikasının arayışından görünür ki, X2 həqiqətən 20.10.1984-cü il tarixdən Gəncə şəhər 3 saylı şəhər poliklinikasında dispanser qeydiyyatda durur və müalicə olunur. Ona uşaq serebral iflici (anadangəlmə) diaqnozu qoyulmuş, həmişə kənar şəxsin qulluğuna ehtiyacı vardır. - Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 2 nömrəli xidmət sahəsinin arayışından görünür ki, X2 həqiqətən Gəncə şəhəri Gülüstan qəsəbəsi bina 14, mənzil 32-də yaşayır. İ qrup əlildir, daima başqasının qulluğuna ehtiyacı var. - Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatının 26 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi2 onun qəyyumluğuna verilməsinə dair müraciətinə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmış, ona bacısının İ qrup əlil 31.05.1984-cü il təvəllüdlü X1 onun qəyyumluğuna verilməsi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçini dinləyib, ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. 03 dekabr 2021-ci il tarixli 740 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin verdiyi rəydən görünür ki, X2 xroniki xəstəlik olan orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri aşağı ətrafların teatraplegiyası XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 11.09.2000-ci il tarixli 547/2000 saylı ambulator karta, Gəncə 3 saylı poliklinikadan verilmiş ambulator kartadan çıxarış, 7 saylı TSEK-dən verilmiş 02.09.1999-cu il tarixli 139503 saylı şəhadətləndirilmə aktı, Gəncə şəhər 3 saylı poliklinikadan verilmiş 29.07.2021-ci il tarixli 930 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, yaddaşının mexaniki tipli, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatları belə apara bilməməsi, maraq dairəsinin daralması, fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda davranış pozğunluqları müşahidə edilməsi, intelektinin inkişafdan geri qalması, İQ=46% və s.) imkan verir. X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları uşaq serebral iflicinin qalıq əlamətləri aşağı ətrafların tetraplegiyası XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə psixatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xahişi təmin edilsin. 31.05.1984-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1/2022
06.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver