Məhkəmə qərarları › İş №2(044)-1225/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1225/2021

28.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1225/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X51 oğlunun katibliyi, İddiaçı və onun vəkili X15, Cavabdeh1 və onun vəkili X49, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 1998-ci ildə təstiq edilmiş reyestrdə 2-1-28 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin; 11 aprel 2007-ci il tarixli 2V-42 nömrə ilə reyestrdə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, 07 iyun 1948-ci ildə mərhum qaynatası X1 istifadəsinə ünvan 1 ünvanda yerləşən mülklərin yerləşdiyi torpaq sahəsi verilmişdir. 29 fevral 1976-cı il tarixdə qaynatası X1 ölümündən sonra sonuncunun birgə mülkiyyətində olan 24 kvm. bir yaşayış otağı üzrə vərəsəlik açılmışdır. 09 noyabr 1983-cü il tarixdə qeyd edilən 24 kvm yaşayış otağı ilə bağlı qaynanası X26 ½ hissə üzrə mülkiyyət hüququ və qalan ½ hissə üzrə X26, X7, Cavabdeh1, X16, X8 və X5 vərəsəlik hüquqları yaranmışdır. 28 noyabr 1988-ci ildə Gəncə rayon X54 İcraiyyə Komitəsinin 16 saylı qərarı ilə Gəncə rayon XDS İcraiyyə Komitəsi Komissiyasının vətəndaşlar Axundovlar: Nizami, Abbasqulu, Çingiz, Sahibə, X42 uşaqlarının və Ənvər Əkbər qızının adlarına olan Lenin prospekti 242 ünvanda yerləşən liter “A”-da sahəsi 27.2 kvm, 21.0 kvm, 21.0 kvm yaşayış otaqlarının, 7.7 kvm, 4.8 kvm dəhlizlərin, 26.7 kvm, 15.2 kvm örtülü eyvanların, 65.0 kvm zirzəminin Liter “B”-də 24.4 kvm, 20.0 kvm yaşayış otaqlarının, 28.0 kvm örtülü eyvanın, 10.0 kvm hamamının qanunlaşması haqqında olan rəyi təsdiq edilmiş və həmin tikililərin vətəndaşların mülkiyyətində saxlanılması qərara alınmışdır. Qeyd edilən mülkün yuxarıda qeyd edilən tikintilər hələ tikilməmişdən əvvəl 3 yerə bölünməsi qərara alımış və “B” literli yaşayış binası mərhum X67 tərəfindən inşa edilmişdir. Sonradan mülk 3 yerə bölünmüş, aradan barı çəkilmiş ayrıca giriş-çıxış yolu qoyulmuşdur. Hətta onların çölə çıxışlarının olmaması səbəbindən pulla əvəzi ödənilməklə qonşudan torpaq sahəsi alınmışdır. X67 22 may 2013-cü il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra da mərhum oğlu tərəfindən evdə əlavə tikintilər həyata keçirilmişdir. Hazırda o, yaşadığı mülkü adına sənədləşdirmək istədikdə cavabdehin onun mülkünü də əhatə edən mülkiyyət hüququnu təsdiq edən çıxarış aldığını bilmişdir, lakin həmin çıxarış etibarsızdır. Belə ki, qaynanası Axundova Ənvərin mülkiyyətində 24 kvm-dən ibarət olan yaşayış otağının 7/12 hissə üzrə mülkiyyət hüququ olmuş, sonradan qanunlaşdırılan ümumi sahəsi 113.6 kvm yaşayış sahəsindn, 12,5 kvm qeyri-yaşayış sahəsindən 69.9 kvm köməkçi sahədən, 65 kvm zirzəmidən, 10 kvm hamamdan ibarət olan tikili ilə bağlı bütün mülkiyyətçilərin bərabər hüquqları olmuşdur. Bu zaman hər kəsin payları bərabər olmuşdur. Çünki XDS İKnin qərarında payların mütənasib olaraq artırılması nəzərdə tutulmamışdır. Yəni sonradan qanunlaşdırılan tikililərlə bağlı hər kəsin 1/6 hissə üzrə payı mövcud olmuşdur. 11 aprel 2007-ci ildə X46 vəsiyyətnamə verərkən onun mülkiyyətində olmayan əmlakı da vəsiyyət etmişdir. Bundan başqa o, 1/12 hissə üzrə mülkiyyət hüququna dair çıxarış alan zaman bilmişdir ki, cavabdeh növbəti dəfə mülkiyyət hüququna dair çıxarış almışdır. Hazırkı çıxarışda torpaq sahəsi üzərində də xüsusi mülkiyyət hüququnun tanındığı bilinmişdir. Halbuki, torpaq sahəsi ******* saylı çıxarışla dövlət mülkiyyətində olduğu göstərilmişdir. Cavabdeh torpaq sahəsinin üzərində də mülkiyyət hüququnu yuxarıda qeyd edilən prinsiplə digər mülkiyyətçilərin, o cümlədən onun da mülkiyyət hüququnu pozmaqla əldə etmişdir. Hazırda onun istifadəsində olan torpaq sahəsi 50 ilə yaxındır ki, cavabdehlə heç bir əlaqəsi olmamışdır və qeyd edilən torpaq sahəsi bugünə qədər dövlət mülkiyyətində olmuş və təbiidir ki, onun istifadəsində olduğundan sonuncunun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Bundan başqa bildirmişdir ki, o, məhkəmədə eyni tələblə iddia qaldırmış, sonradan bəzi sənədlərinin əldə edilməsi zərurəti ilə əlaqədar iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırda mülkiyyətçilərdən biri olan Axundova Sahibə öz payını Cavabdeh1 bağışlamış, digər mülkiyyətçi X9 vərəsələri isə öz paylarını onun nəvəsi X27 bağışlamışdır. Hazırda o, nəvəsi X6 və onun payının birgə olmaqla hazırda sonuncunun istifadəsində olan və onun ailə üzvləri və onun tərəfindən inşa edilmiş tikililər üzərində mülkiyyət hüququnun tanınmasını istəyir. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi atası X1 və anası X26 birgə ümumi əmlakı kimi ona və qardaş-bacılarına onlardan miras qalmışdır. Atası öləndən sonra 09.11.1983-cü il tarixdə verilmiş mülkiyyət hüququ haqqında və vərəsəlik hüququ haqqında iki şəhadətnaməyə əsasən həmin ev ideal paylarla qanun üzrə vərəsələrinin mülkiyyətlərinə keçmişdir. Həmin vaxt mirasdan pay almayan vərəsə qalmamışdır. 09.11.1983-cü il tarixdən evləri 7/12 payla anası Ənvərin, hər birinə 1/12 paylarla onun qardaşı Nizami Axundovun (iddiaçının ərinin) bacıları Sahibə Əliyevanın (Axundovanın) və Səidə Musayevanın (Axundovanın) mülkiyyətinə keçmişdir. Anası 22.01.1998-ci ildə mülkdəki payını ona vəsiyyət etmiş, sonuncunun 04.06.1999-cu ildə baş vermiş ölümündən sonra 11.04.2007-ci il tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən 7/12 pay onun mülkiyyətinə keçmiş, bununla 8/12 payı, bacısı Sahibə Əliyeva 15.09.2020-ci ildə 1/12 payı 4Ə-414 reyestrli müqavilə ilə ona bağışlayandan sonra isə payı 9/12 olmuşdur. Digər bacısı Səidə Musayevanın ölümündən sonra onun 1/12 payı 24.11.2020-ci il tarixli V-229 № li vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələri Zərbəliyeva Zümrüd, Musayeva Sevinc, X50 uşaqlarının adlarına, qardaşı Nizami Axundovun 1/12 payı isə 24.11.2020-ci il tarixli V-230 № li qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı və onun nəvəsi X21 adlarına keçmişdir. Zərbəliyeva Zümrüd, Musayeva Sevinc, X50 uşaqları 24.11.2020ci il tarixli 3M-227 № li müqavilə ilə paylarını İddiaçı bağışlamışlar. Bütün bu əməliyyatlardan sonra, yəni indiki zamanda onun həmin evdəki payı 9/12, yaxud 18/24 (qısa deyilsə evin ¾-dü) qardaşı Çingizin payı 1/12, yaxud 2/24, İddiaçı payı 3/24 (1/12+ 1/24= 24), Yağmur Axundovun payı 1/24 təşkil edir. 30.11.202-ci il tarixli çıxarışda evdəki tikililərin ümumi sahəsi 185,7 kvm göstərilmişdir. Həmin məlumat Kirovabad şəhəri, Gəncə rayon XDS İcraiyyə Komitəsinin 28.11.1988-ci il tarixli 16 № li protokol-qərarına uyğundur. Evdəki özbaşına tikililər həmin qərarla qanunlaşdırılmamışdır. Həmin vaxt iddiaçının əri (qardaşı) Nizami Axundov sağ olmuş, ölənə kimi yəni 22.05.2013-cü il tarixə kimi o, nə qanunlaşdırmaya, nə də evləri üzrə verilmiş 3 şəhadətnaməyə dair hər hansı irad bildirməmiş, iradı olmamış, olsaydı bildirərdi, lakin bildirsəydi də bir şeyə nail ola bilməzdi, çünki vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində göstərilən sahələr havadan yox, Gəncı rayon XDS İK-nin yuxarıda qeyd edilən 28.11.1988-ci il tarixli qərarı əsasında yazılmışdır. Həmin qərardan 33 il keçirb, həmin vaxt iddia müddəti indikindən fərqli olaraq 3 il idi, özüdə tətbiq məcburi idi. Ona görə də həmin qərarla göstərilənləri inkar etmək mənasız, bu barədə iddia qaldırmaq isə xeyirsizdir. Çünki İddiaçı mərhum əri Nizami Axundovun qanun üzrə birinci növbə vərəsələrindən biridir, miras şəriki Yağmur Axundovdur. İddiaçı öz vərəsəliyinə aid məsələlərdən danışa bilər, ona dair iddialar qaldira bilər, mərhum əri Nizami Axundovaya şəxsən aid olan özbaşına inşa edilmiş tikililərin qanunlaşdırılması məsələsi üzrə isə danışmağa haqqı yoxdur, başqa sözlə onun sonuncuya və ya başqa bir kimsəyə qarşı 1988-ci ildə baş vermiş hadisəyə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bir də ki, vərəsəlik şəhadətnaməsində və çıxarışda qeyd edilən sahələrə dair məlumatlar həmin 1988-ci ildəki qanunlaşdırma prosesinin məlumatlarıdır. İddiaçı iddianı ilk növbədə ona qarşı yox, özbaşına tikililəri valideynlərinin adlarına qanunlaşdırılmış Gəncə rayon XDS İK-ə (hüquq varisi Nizami rayon İcra Hakimiyyətidir.)qarşı qaldırmalı idi. Lakin həm qanunla tətbiqi məcburi olasn iddia müddəti ötmüşdür, həm də onun belə iddia qaldırmağa subyektib hüququ yoxdur. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X33 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflərin təqdim etdikləri sənədlər əsasında qanunvericiliyə uyğun olaraq çıxarış verilmişdir. Sonda iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Gəncə şəhəri 1 saylı Dövlət Notariat kontoru və Gəncə şəhəri 2 saylı Dövlət Notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* saylı, 29.01.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 nömrəli fərdi yaşayış evinin və 0.02668 ha torpaq sahəsinin 8/12 hissə payı Cavabdeh1, 1/12 hissə payı X13, 1/12 hissə payı X14, 1/12 hissə payı X10, 1/12 hissə payı X20 məxsusdur. - 11.04.2007-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 1998-ci ildə təsdiq edilən və reyestrdı 2- 1-28 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 4 iyul 1999-cu ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 1 evdə yaşayan Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşənmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə ərazi idarəsinin 06 fevral 2007-ci il tarixli 429 saylı arayışına və reyestr № si 3537, qeydiyyat nömrəsi 77, inventar işi 446-20, 23.02.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum X34 məxsus olan ünvan 3 ünvanda yerləşən, sahələri: 142.8 kvm ümumi sahədən, 72.2 kvm əsas sahədən, 70.6 kvm köməkçi sahədən, 4.8 kvm açıq eyvandan, 65.0 kvm zirzəmidən, 72.4 kvm ümumi sahədən, 44.4 kvm əsas sahədən, 28.0 kvm köməkçi sahədən, 13.5 kvm hamamdan və 5 otaqlı evin 7/12 hissədən ibarətdir. - Gəncə Rayon X54 İcraiyyə Komitəsinin 28 noyabr 1988-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə rayon XDS İcraiyyə komitəsi kommissiyasının vətəntaş Axundovlar: Nizami, Abbasqulu, Çingiz, Sahibə, X42 uşaqlarının və Ənvər Əkbər qızının adlarına olan Lenin prospekti 242 № li ünvanda yerləşən liter “A”-da sahəsi 27.2 kv.m, 21.0 kv.m, 21.0 kv.m, yaşayış otaqlarının, 7.7 kv.m, 4.8 kv.m, dəhlizlərin, 26.7 kv.m, 15.2 kv. örtülü eyvanların, 65.0 kv.m, zirzəminin liter “B”-də 24.4 kv.m. 20.0 kv.m, yaşayış otaqlarının, 28.0 kv.m örtülü eyvanın, 10.0 kv.m hamamın qanunlaşması haqqında olan rəyinin təsdiq edilməsi və həmin tikililərin vətəndaşların mülkiyyətində saxlanılması qərara alınmış, həmçinin Kirovabad şəhər zona texniki inventarlaşdırma bürosuna 137.6 kv.m yaşayış sahəsindən, 12.5 kv.m qeyri-yaşayış sahəsindən, 69.9 kv.m. köməkçi sahədən, 15.0 kv.m. zirzəmidən 10.0 kv.m hamamdan ibarət olan Lenin prospekti 242 № li ünvanda yerləşən mülkə dair qəbul edilmiş qərara əsasən vətəndaşlara yeni hüquqverici sənədlər verilməsinin tapşırılması və artıq qalan 149.0 kv.m. torpaq sahəsinin yerli Sovetin torpaq fondundan saxlanılması qərara alınmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 08.02.2018-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi dəqiqləşdirilməmiş ürək dayanması olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X22 18.09.2017ci il tarixdə X38 adlı uşağı doğulmuşdur. - 30.11.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 nömrəli fərdi yaşayış evinin və 0.0749 ha torpaq sahəsinin 18/24 hissə payı Cavabdeh1, 3/24 hissə payı İddiaçı, 2/24 hissə payı X14, 1/24 hissə payı X28 məxsusdur. - Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 09.03.2021-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Kirovabad şəhəri 1 saylı notariat kontorunun 09.11.1983-cü il tarixli 3k-2-118 saylı mülkiyyət hüququ haqqında və 3k-2-119 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən Kiravabad şəhəri, Lenin prospekti, 242 saylı fərdi yaşayış evi X2 adından X26 7/12 hissə, X7 1/12 hissə, X3 1/12 hissə, X8 1/12 hissə, X5 1/12 hissə, X17 1/12 hissə adlarına keçmişdir. Kirovabad şəhəri Gəncə rayon X37 İcraiyyə Komitəsinin 28.11.1988-ci il tarixli qərarının 16 nömrəli protokoluna əsasən qanunu tikili olan 24.0 kvm bir yaşayış otağından başqa müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 27.2 kvm, 21.0 kvm, 21.0 kvm yaşayış otaqları, 7.7 kvm, 4.8 kvm dəhlizlər, 26.7 kvm, 15.2 kvm örtülü eyvanlar, 65.0 kvm zirzəmi, tikili “B”-də 24.4 kvm, 2.0 kvm yaşayış otaqları, 28.0 kvm örtülü eyvan , 10.0 kvm hamam tikililəri qanunlaşdırılaraq mülkiyyətçilərin istifadələrində saxlanılmış, 794.0 kvm torpaq sahəsinin 149.0 kvm hissəsi yerli Sovetin torpaq fondunda saxlanılmışdır. X26 7/12 hissə, X7 1/12 hissə, X4 1/12 hissə, X8 1/12 hissə, X5 1/12 hissə, X17 1/12 hissə adlarına 23.02.1990-cı il tarixli 3537 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir (bu qeydiyyat vəsiqəsinin surəti mülkün arxiv işində aşkar edilməmişdir). 2 saylı notariat kontorunun 11.04.2007-ci il tarixli 2V-42 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X26 hal-hazırda ünvanı Zərrabi küçəsi, 149-142 olan bu fərdi yaşayış evində olan 7/12 payı Cavabdeh1 adına keçmişdir. Cavabdeh1 8/12 hissə, X7 1/12 hissə, X8 1/12 hissə, X5 1/12 hissə, X17 1/12 hissə adlarına bu mülkə dair 29.01.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra bu çıxarış ləğv edilərək, Cavabdeh1 8/12 hissə, X11 1/12 hissə, X8 1/12 hissə, X5 1/12 hissə, X9 1/12 hissə adlarına 04.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat ofisinin 15.09.2020-ci il tarixli 4Ə-414 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Əliyeva (Axundova) Sahibə İsfəndiyar qızı mülkdə olan 1/12 payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 9/12 hissə, X11 1/12 hissə, X8 1/12 hissə, X9 1/12 hissə adlarına 02.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonra bu çıxarış ləğv edilərək X12 1/12 hissə adına 27.10.2020-ci il il tarixli **********, Cavabdeh1 9/12 hissə, X8 1/12 hissə, X9 1/12 hissə adlarına 02.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat ofisinin 24.11.2020-ci il tarixli 2V-229 saylı və 2V-230 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X16 mülkdə olan 1/12 payı X18, X29 və X39 adlarına, X12 1/12 payı İddiaçı və X30 adlarına keçmişdir, 3M-227 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X31, X48, X50 miras paylarını İddiaçı bağışlamışdılar. X8 2/24 hissə, Cavabdeh1 18/24 hissə adlarına 02.10.2020-ci il tarixli **********, İddiaçı 3/24 hissə, X30 1/24 hissə adlarına 30.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlərə qarşı vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki İddiaçı ərindən ona miras qalan əmlakdakı payını, yəni ünvan 4 ünvanındakı əmlakın 1/12 hissəsindən ona çatan 3/24 hissə payı onunla birlikdə vərəsə olan şəxsələrə qarşı mübahisələndirə bilər, lakin miras qoyan əri Nizami Axundovun öz sağlağında qəbul etdiyi və mübahisələndirmədiyi sonuncunun atasından miras qalmış əmlakdakı 1/12 hissə payını, həmçinin sonuncunun sağlığında anası tərəfindən qardaşına verilmiş vəsiyyətnaməni, həmin vəsiyyətnamə üzrə verilmiş vərəsəlik haqqında şəhadətnaməni və çıxarışı sonradan iddiaçının mübahisələndirmək hüququ yoxdur. Belə ki, iddiaçının əri Nizami Axundovun, öz sağlığında atasından miras qalmış əmlakdakı payını qəbul etdikdən sonra həmin payı və ya digər vərəsələrə çatan payı, həmçinin anası Ənvər Axundovanın qardaşı Cavabdeh1 payını vəsiyyət etməsini mübahisələndirmək hüququ olmuşdur. İddiaçının əri Nizami Axundovun vəfat etdiyi 22.05.2013-cü il tarixdə qüvvədə olan Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən sonuncunun miras əmlakı mülkiyyətində olan ünvan 4 ünvanındakı əmlakın 1/12 hissəsindən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının cavabdehlərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələb üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 22.01.1998-ci il tarixdə verilmiş vəsiyyətnamə ilə bağlı tərəflər arasında hüquq münasibətləri 01.09.2000-ci ildən əvvəl yarandığından məhkəmə hesab edir ki, həmin dövrdə münasibətləri tənzimləyən Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və ya sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüquq, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Beləliklə məhkəmə sadalanan normalara əsasən işin faktiki hallarını və iş materiallarını nəzərdən keçirərək, iddiaçının mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını və iddia müddətini ötürdüyünü nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar